Paytaxtda sökülən evlərin sakinləri öz hüquqları uğrunda mübarizəni davam etdirirlər ("Turan"). Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkil etdiyi dünənki mətbuat konfransında qeyd edilib ki, Bakı şəhərinin az qala bütün rayonlarında mənzilin qanunsuz olaraq vətəndaşlardan alınması prosesi gedir.
Belə ki, Bayıl qəsəbəsinin sakini (Aqil Quliyev küç., 5) Xədicə Güləmirova artıq yarım ildir zorla evindən çıxarılmasına qarşı mübarizə aparır. Onun mənzili Dövlət Bayrağı meydanının yaxınlığında yerləşir. İnsanları hər kv. metr üçün 1500 manat kompensasiyanı qəbul etməyə və yeni binalara köçməyə məcbur edirlər. Lakin bu yeni binaların çoxunun texniki sənədləri, qaz və işığı yoxdur. İnsanlar oraya ən yaxşı halda bir-iki ilə köçə bilər, hələlik isə Eurovision naminə insanlar haraya gəldi sığınmağa məcbur olurlar.
Bakıda sökülən yaşayış evlərinin sayı on minlərlədir, deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclər hərəkatının sədri Əbülfəz Qurbanlı iddia edib. Ziyan dəymiş ərazilər Fizuli, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva küçələri, Bayıl, Sulutəpə, Xocasən qəsəbələri və s.-dir.
Vaxtilə insanlar siyasi seçim hüquqlarına biganə yanaşdılar. İndi onların etinasızlığı paytaxt və ətraf qəsəbələri əllərinə almış məmurların təzyiqi ilə nəticələndi, deyə müzakirə təşkilatçıları qeyd ediblər. Etiraz yığıncağının iştirakçıları məmur özbaşınalığına qarşı "mütəşəkkil müqavimət göstərmək üçün" səylərini birləşdirməyi qərara alıblar.
|