Dünən RATİ mətbuat mərkəzində "Eurovision 2012: Demokratiya üçün musiqi" kampaniyası çərçivəsində www.singfordemocracy.org saytının təqdimatı keçirilib.
"Saytda Azərbaycanda insan haqlarının durumu ilə bağlı videolar, fotolar, xəbərlər yerləşdirilib", - deyə İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov bildirib. Onun sözlərinə görə, gələn ilin yanvar-fevral aylarında kampaniyanın fəal iştirakçıları Avropa Yayım Birliyinin nümayəndələri ilə görüşəcəklər.
Kampaniyanın təşkilatçısı və fəal iştirakçısı olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Azərbaycanda əmlak hüquqlarının pozulması ilə bağlı Almaniya XİN-lə yazışmalarından danışıb. O, "Eurovision 2012" müsabiqəsi üçün konsert zalı tikən alman şirkətinə məktub göndərib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov prezident İlham Əliyevə siyasi məhbusları azad etmək çağırışı ilə məktub göndərməyi təklif edib. Onun sözlərinə görə, kampaniya çərçivəsində ölkədə insan hüquqlarının vəziyyəti haqqında ingilis dilində qırx dəqiqəlik film hazırlanıb.
Kampaniyanın digər iştirakçısı, Siyasi Azadlıqları Müdafiə Alyansının rəhbəri Anar Məmmədli qeyd edib ki, ölkədə insan hüquqları sahəsində vəziyyət xeyli pisləşib. Qarşıda duran 5 ay ərzində kütləvi müzakirələr olacaq. Kampaniyanın hər bir konkret istiqaməti üzrə məsul şəxs təyin olunacaq. Məmmədli kampaniya çərçivəsində etiraz aksiyası keçirmək zərurətini qeyd edib.
Bu ilin yayında başlamış kampaniyanın təşəbbüskarları Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu, Siyasi Azadlıqları Müdafiə Alyansıdır. Sonradan "Nida" vətəndaş hərəkatı, "Azad gənclik" təşkilatı, Demokratik Jurnalistika Məktəbi də onlara qoşulub.
Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini 2012-ci ilin mayında Bakıda "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycanda insan hüquqlarının pozulması faktlarına çəkməkdir.