 |
Quzey Qafqazdakı bu problemə görə Rusiya bir dövlət olaraq dağıla bilər
Şənbə, 24.12.2011
|
|
Dekabrın 19-da Moskvada Rusiya İctimai Palatasında "Quzey Qafqaz respublikalarında torpaq problemləri" mövzusunda xüsusi toplantı keçirildi. Burada bütün Quzey Qafqaz respublikalarının hökumətləri, yerli xalqların milli təşkilatları, bölgədəki ictimai palataların rəhbərliyi, Rusiyanın Quzey Qafqaz federal idarələrinin təmsilçiləri, Qafqaz üzrə mütəxəssislər, din adamları iştirak etmişlər. Toplantıda etiraf olunubdur ki, bu gün Rusiyanın bir dövlət olaraq dağılması təhlükəsi var. Bunun əsas səbəbi isə Quzey Qafqaz respublikalarında mövcud olan torpaq problemləri, sosial-iqtisadi çətinliklərə görə yaşanan ağırlıqlardır.
O da bildirilibdir ki, regionlarda yerli bələdiyyə, parlament, Rusiya Dövlət Dumasına seçkilərini uzun müddətdir hakimiyyətdə olan güclər istədikləri kimi nəzarətdə saxladıqları üçün yerli əhali arasında narazılıq daha da dərinləşir. Bu problemlərdən çıxış yollarının aranmasında çoxsaylı təkliflər gündəmə gətirilmişdir.
Torpaq problemi Quzey Qafqazın başlıca dərdi
1944-cü ildə Dağıstandan kumuk türklərinin və çeçen akkinlərin, Çeçenistandan çeçenlərin, İnquşetiyadan inquşların, Kabarda-Balkardan balkar türklərinin, Qaraçay-Çərkəzdən qaraçay türklərinin Orta Asiya və Sibirə sürgün olunmaları, noqaylara məxsus tarixi ərazilərin Çeçenistan, Dağıstan və Kalmıkstan respublikaları, Stavropol və Həştərxan vilayətləri arasında bölünməsi səbəbindən bu günə kimi həmin toplumlarla bağlı çoxsaylı problemlər yaşanır. Belə ki, 1957-ci ildə sürgün olunmuş xalqların geriyə, özlərinin tarixi torpaqlarına dönmələri barədə dövlət qərarı qəbul edilsə də, hələ də bu toplumlar özlərinin tarixi torpaqlarında tam məskunlaşmaq üçün süni problemlərlə üz-üzə qalıblar.
Dağıstanda 1950-ci illərin başlanğıcında Anastas Mikoyanın "Yeni Qafqaz siyasəti" nəticəsində süni şəkildə "Dağıstanın dağlıq bölgələrində dəhşətli zəlzələ təhlükəsi ola bilər" proqramının nəticəsində avar, tsaxur, ləzgi, tabasaran, lak, dargin, kaytak, tsez, didoy və digər xalqlar aran və yarımdağlıq bölgələrə köçürüldülər. Bu siyasətin əsas məqsədi isə kumuk, noqay və Azərbaycan türklərinin tarixi torpaqlarında qeyri-türk toplumların sayını artırmaqla, bölgədəki tarixi türk dominant mədəniyyətini, idarəetmə siyasətini tamamilə məhv etməkdən ibarət idi.
Balkarlar və qaraçaylıların tarixi torpaqlarında kabarda, rus, yezidi kürd, osetin və ermənilərin məskunlaşması siyasətini önə çəkməklə bu iki eyni etnik mənşəli toplum faktiki olaraq daha ağır şərtlər içində yaşamağa məcbur edildi. Noqay türkləri öz tarixi torpaqlarında yaşasalar da, onlar fərqli inzibati bölgü şərtləri daxilində yaşamaq istəmədiklərini dəfələrlə elan etmiş və hətta üsyanlara bərabər etiraz hərəkatlarını da gündəmə gətirmişlər.
Bu gün Quzey Qafqazın hər qarışı uğrunda bütün toplumlar arasında haqlı-haqsız çox gərgin rəqabət yaşanır. Çünki hər bir toplum Qafqazda özünün etnik varlığını və coğrafi sərhədini müəyyənləşdirmək iddiasında bulunmaqdadır. Bu sırada çərkəz kökənli toplumlar (abaza, şapsuq, çərkəz, kabarda, abxaz, adıgey) isə daha radikal addımlar atmaqdadırlar.
Hər bir toplumun güclənməkdə olan siyasi və sosial iddiaları tədricən Rusiyanın əleyhinə yön almaqdadır. Yəni hər toplum uzun müddətdir Moskvanın rəsmi dəstəyilə öz coğrafi sərhədlərini müyyənləşdirmək üçün fəaliyyət göstərib. İndi bunun real nəticəsini və perspektivini görmədikləri üçün idarəolunmaz yeni siyasi proseslərə üz tutmağa başlamışlar. Digər yandan, Rusiyanın federal dairələri bölgədə rus kazaklar üçün torpaq siyasətini dərinləşdirməyə cəhdlər göstərməkdədir. Xüsusilə "Terek" və "Kuban" Rus Kazak Birliklərinin aktiv şəkildə hərəkətə keçməsi özlərinin coğrafi iddiasını sərgiləyən toplumlar üçün yeni problemlərin başlanğıcı kimi anlaşılır.
Torpaq məsələsində "ölüm-qalım" dilemması
Dağıstanın güney bölgələrinin "ləzgidilli" toplumların nəzarətinə keçməsi, quzeyinin isə avarların, mərkəzinin də dargin və lakların inhisarında olması strategiyasına qarşı bu gün Azərbaycan, noqay və kumuk türkləri ilə yanaşı, çeçen-akkinlər birgə dirənişlər göstərməyə başlayıblar.
Kreml rəsmiləri bu siyasəti görməzliyə vursalar da, pərdə arxasında yaşanılan proseslər torpaq uğrunda davam edən amansız müharibənin silahlı, sosial və hüquqi müstəvidə davam etməsinin səbəblərini çox yaxşı anlayır. Belə ki, 150 min nəfərlik çeçen-akkinlər 1944-cü ilə qədər onlara məxsus olmuş Axvax rayonunun onlara geri verilməsini tələb edirlər. Halbuki bu rayonun torpaqları fərqli rayonların inzibati ərazilərinə qatılmaqla yanaşı, burada digər xalqların məskunlaşması nəticəsində daha qatı problemlərə səbəb olmuşdur.
Noqayların tarixi əraziləri dörd fərqli inzibati vahid arasında bölünməsi səbəbindən 20 ildən çoxdur onlara məxsus "Birlik", "Yedige", "Xan Girey", "Noqay El" və digər milli təşkilatlar xalqı səfərbər edərək bu tarixi ədalətsizliyin qarşısını almağa çağırır. Bu istiqamətdə noqaylar bir neçə dəfə milli qurultaylarını da keçiriblər. Onlara məxsus tarixi ərazilərdə rus oliqarxlarının, eləcə də türk kökənli olmayan Dağıstan toplumlarının məskunlaşması, fabrik və zavodların inşası kimi siyasətlərə qarşı sərt təpkilər göstərmişlər.
"Böyük Kabarda" və ya "Çerkeziya" adı altında Krasnodar vilayətinin, xüsusilə Qara dəniz sahillərinin tamamilə çərkəz kökənli toplumlarının nəzarətinə keçməsi uğrunda faktiki olaraq bu toplumların bütün milli təşkilatları, işadamları, məmur nomenklaturası da birgə siyasət yürütməyə başlayıblar. Krasnodar vilayətində rus əhalisi və eləcə də son illər sayları sürətlə artmaqla olan ermənilər çərkəzlər və ruslar arasında manevr etməklə öz strateji hədəflərinə uyğun siyasətə üstünlük verirlər. Ancaq bununla yanaşı, çərkəz toplumları həm ermənilərə, həm də ruslara qarşı barışmaz mövqedə olduqlarını, onlara məxsus tarixi torpaqların gerçək sahibi olduqlarını bildirməklə hərəkət etməyi üstün sayırlar.
Qaraçay-Çərkəzdə yerli hakimiyyət milli azlıq statusunda olan çərkəzlər üçün Xabez, noqaylar üçün Noqay milli rayonlarını təsis etməklə bölgədə etnik konfliktlərin qarşısını almışdır. Ancaq qonşu Stavropol vilayətinə birləşdirilmiş tarixi torpaqlarına iddialı olduqlarını qaraçaylılar heç zaman gizlətmirlər. Kabarda-Balkarda isə hakimiyyətdəki kabardalı etnik üstünlük siyasətinin nəticəsi olaraq, onlar antitürk ovqatlı siyasətin içində olmaqla, balkar türklərinin tarixi torpaqlarını daha geniş miqyasda zəbt etməyə üstünlük verirlər. Halbuki Kabarda-Balkarın indiki torpaqlarının 88 faizinin balkar türklərinə məxsus olmasını elə Moskvadakı arxiv sənədləri də sübut edir.
Quzey Qafqaz regionlarında torpaq uğrunda fərqli toplumların apardığı mübarizənin digər səbəbi isə son illər bu regionda rus əhalisinin sürətlə azalmasıdır. Belə ki, indi Çeçenistanda 250 min nəfərlik ruslardan cəmi 17 min nəfəri yaşamaqdadır. Digər milli respublikalarla yanaşı, elə Krasnodar və Stavropol vilayətlərində də rusların sayı hər il azalmaqda davam edir. Boşalan ərazilərdə isə Qafqaz toplumları məskunlaşmağa başlayıblar. Həmin regionlarda indi müşahidə olunan əsas məsələlərdən biri də fərqli toplumlara məxsus "milli rayon"ların gündəmə gəlməsi diqqət çəkməkdədir. Buna görə də boşalan regionların tarixi, demoqrafik, mədəni qatlarının daha çox hansı topluma aid olması üçün yerli toplumlardan olan elm adamlarının araşdırmaları da indi xüsusi önəm daşımaqdadır.
Bir sıra toplumlar isə tarixi həqiqətlərə deyil, bu günün real mənzərəsinə diqqət yetirməyin vacib olduğunu bildirirlər. Belə ki, sürətlə sayı artan yerli xalqlar öz tarixi ərazilərinə sığmadıqları üçün Krasnodar, Stavropol və Həştərxan vilayətlərində məskunlaşmağa üz tutublar. Rusiyalı etnoqraflar belə bir miqrasiyanın həmin xalqların nəticədə assimilyasiya olunacaqlarını proqnozlaşdırırdılarsa, indi fərqli fikirlər söyləməyə başlayıblar:
"Qafqaz və müsəlman xalqlarının bunca sürətli şəkildə Rusiyanın içərilərinə doğru miqrasiya axınlarının artması, onların milli və dini kimlik anlayışlarına önəm verməsi həmin bölgələrdə torpaq və coğrafi siyasətin dəyişməsi deməkdir".
İndi heç kim dəyişmək istəmir
Quzey Qafqaz respublikalarında müşahidə olunan əsas problem region xalqlarının say tərkibinə görə iş yerlərinin qədərindən qat-qat aşağı olmasıdır. Xüsusilə keçmiş Sovetlər Birliyinin dağılmasından sonra yerli xalqların milli və dini anlamda kimlik şüurunun inkişaf etməsi bütün bunlara böyük təkan vermişdir. Sayları sürətlə artan toplumlar öz tarixi torpaqlarından əlavə, yeni coğrafi siyasət anlayışları çərçivəsində hərəkət etmək strategiyasına üz tutmuşlar. Belə bir durum isə vəhşi təbiətin qanunları çərçivəsində baş verməkdədir. "Kim güclüdürsə, əlavə torpaqlara sahib olmalıdır" prinsipi mahiyyətcə sosial xarakter almağa başlamışdır.
Bu şərtlərin xaricində digər amil Stavropol, Rostov, Krasnodar və Həştərxan vilayətlərində yeni milli inzibati bölgələrin yaranma prosesinin gəlişməsidir. Belə ki, daha çox heyvandarlıq və kənd təsərrüfatı üzrə ixtisaslaşmış Quzey Qafqaz xalqlarından olanlar yeni torpaqlarda özlərinin mənsub olduğu tayfanın, ailənin, məhəlli bölgənin insanlarından ibarət həmin milli bölgələrin yaranmasına çalışır, bunda iştirak edirlər.
Bütün bunları diqqətə alan RF hökuməti Quzey Qafqaz və ətraf vilayətlərdə torpaqların özəlləşdirilməsi siyasətini tamamilə dayandırıbdır. İnsanlar həmin torpaqları sadəcə icarəyə götürmək hüququna sahib ola bilər. Rusiya indiki məqamda torpaq siyasətinin "milli"ləşdirilməməsi siyasətini mümkün qədər uzatmağa çalışır.
Rusiya Dövlət Dumasına seçkilərdən sonra bəlli olmuşdur ki, Quzey Qafqaz regionları üzrə 9 milyon seçicinin 15 faizi bu seçkilərdə iştirak etmişdir. Onlar hərbçilərdən və yerli məmurlardan ibarət olmuşlar. Kreml texnoloqlarının təhlillərində qeyd olunur ki, region toplumlarında artıq Moskvaya inam qalmamışdır. Bu statistikanın yekun rəyindən sonra dəhşətə gələn və 2012-ci ilin martında Rusiyada keçiriləcək yeni prezident seçkilərinə ən çox iddialı olan Vladimir Putin dərhal Quzey Qafqaz turnesinə çıxmışdır. Bununla yanaşı, indi Quzey Qafqaz regionlarının inkişafı istiqamətində yerli hakimiyyətlərə və xalqlara "altun dağlar" vəd edilməkdədir.
Putin özü dekabrın 20-də Çeçenistanın paytaxtı Qroznıda etiraf etmişdir: "Quzey Qafqazın Rusiyadan ayrılması, elə Rusiya dövlətinin dağılması deməkdir". Putin Quzey Qafqaz regionlarının inkişafı yönündə Federal büdcədən 400 milyard rubl dəyərində maliyyə vəsaitinin ayrılacağını vəd etmişdir.
Rəsmi Moskvanın vədlərinə, demək olar ki, nəinki yerli toplumlar, eləcə də bölgə hakimiyyətləri də inanmırlar. Buna görə də onlar hələ ki, Rusiyada baş verən yeni siyasi prosesləri müşahidə edirlər.
Quzey Qafqaz milli respublikalarının əhalisi doğrudan da öz sosial həyat tərzlərinin dəyişməsini istəyirlər. Onlar bəlkə də heç Rusiyadan ayrılmaq fikrində deyillər. Ancaq bu günün realığı belədir ki, Rusiyanın hər yerində "Yetər Qafqazları yemlədik" şüarlarını səsləndirənlərin hamısının Kremldən dəstək aldıqlarının da şahididirlər. Etnik və dini kimlik siyasəti məhz bu faktorlara görə bumeranq rolunda inkişaf etməkdədir.
Quzey Qafqaz regionlarının inkişafı üzrə nə Rusiyanın özündə, nə də beynəlxalq səviyyədə hələ ki, konkret layihələr yoxdur. İmitasiya xarakterli proyektlər gündəmə gətirilsə də, heç kim buna inanmır. Çünki yerli toplumlar həmin siyasətin içində və ya yanında deyillər. Hər bir toplum isə dəyişməmək, öz simasını saxlamaq, tarixi-coğrafi hüdudları, şərtləri daxilində yaşamaq istəyirlər. Bu şərtlərə əməl olunmayınca, bölgədə heç bir uğurlu siyasət də olmayacaq.
|
|
|
Oxşar xəbərlər:
Quzey Qafqazda savaş dalğası yeni mərhələdə
"Qafqaz Xilafəti" sindromu
Quzey Qafqaz: Kremlin mövqe savaşları
"Çerkesiada Olimpiadası"
Qafqaz Birliyinə doğru?
|
|
|