İran prezidenti Mahmud Əhmədinejad İrəvana gəlib. Heyətin tərkibinə beynəlxalq əməkdaşlıq məsələləri üzrə vitse-prezident Əli Səidli, xarici işlər naziri Əli Əkbər Salehi, energetika naziri Məcid Namcu, əmək və sosial müdafiə naziri Abdulrza Şeyxülislami, İranın vitse-prezidenti, ətraf mühitin mühafizəsi təşkilatının prezidenti Məhəmməd Məhəmmədzadə, standartlaşdırma və sənaye araşdırmaları təşkilatının rəhbəri Nizaməddin Barzqari daxil olub.
Səfər çərçivəsində İran prezidenti Ermənistanın dövlət başçısı Serj Sarqsyan, baş nazir Tiqran Sərkisyan və parlamentin spikeri Samvel Nikoyan ilə görüşlər keçirəcək. İran prezidenti Ermənistanda yaşayan İran vətəndaşları ilə də görüşəcək.
Bu səfər İranla Ermənistan arasında qardaşlıq və dostluq münasibətlərinin genişlənməkdə olduğuna daha bir misaldır. Tehran hakimiyyətinin işğalçı olaraq tanıdığı Ermənistanla əlaqələrə böyük önəm verdiyini göstərir.
Ölkələrarası siyasi əlaqədən danışan Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan deyib ki, iki ölkə arasında münasibət ən yüksək səviyyədədir: "Bu səviyyədə görüşlər və səfərlər münasibətlərimizə örnəkdir". Səfirin sözlərinə görə, ikitərəfli ticarət dövriyyəsi ötən illə müqayisədə 40 faiz artaraq 300 milyon dollara çatıb: "2010-cu ildə bu rəqəm 270 milyon dollar idi. Mövcud imkanları nəzərə alsaq, bu göstərici dəyişə də bilər".
Nə qədər qeyri-ciddi görünsə də, hər halda rəsmi Tehran Ermənistanla ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq niyyətində olduqlarını dəfələrlə bəyan ediblər. Əhmədinejadın səfəri zamanı neft kəməri tikintisi, dəmiryol və energetik məsələlərlə bağlı layihələri müzakirə edib, iki ölkə arasında qarşılıqlı əlaqələrlə yanaşı, bölgədəki vəziyyətə dair məsələlərdən, məsələn, Qarabağdan da danışıblar.
Xatırladaq ki, bu il iyunun 6-da Əhmədinejad İrəvana səfər etməli idi. Nəsə alınmadı və bunun səbəbi rəsmilər tərəfindən açıqlanmadan təxirə salındı. Onda İRNA agentliyi İran prezidenti administrasiyasının açıqlamasına istinadla təxirə salınmanın səbəbini rəsmi İrəvanın imzalanacaq sənədləri hazırlamaması ilə əlaqədar olduğu haqda xəbər yaymışdı.
Ancaq İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının katibi Möhsün Rzaiyə bağlı "Tabnak" saytı səfərin təxirə salınmasını Əhmədinejadı müşayiət edəsi 2 rəsminin ölkədən çıxmasına qoyulan yasaqla əlaqələndirmişdi.
Yeri gəlmişkən, İslam Konfransı Təşkilatında Ermənistanı işğalçı kimi tanıyan Küveyt neft maqnatları son zamanlar İrəvana yaman ayaq açıblar. Görünür, İslam Respublikasının yardımı işğalçı Ermənistana azlıq edir. Ona görə onlara ərəb şeyxləri də yardım etmək qərarına gəliblər. Belə bir fikir də var ki, İranla Küveyt Ermənistan bazarında rəqabətə başlayıblar. Qərbdən Küveytə belə bir komanda verildiyi istisna edilmir.
"NEWSam"a istinadən, cari il dekabrın 11-15-i arasında "Ermənistanın inkişaf agentliyi"nin heyəti Küveytdə olub. Ermənistanlı qonaqlar bu müsəlman ölkəsində Ərəb İqtisadi Əməkdaşlıq Fondu, Küveyt sərmayə şirkəti və başqa qurumları ziyarət ediblər. Onlar iqtisadiyyat nazirinin müavini, şeyx Nemir əl-Sabah və digər rəsmilərlə görüşüblər.
Tərəflər turizm, kənd təsərrüfatı, zinət əşyaları və almazın emalı, kimya sənayesi, bərpa olunan enerji sahələri ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etmişdilər.
Əldə edilmiş anlaşmaya əsasən, Küveyt iş adamları Ermənistanda sərmayə mühitini öyrənmək üçün bu ölkəyə gedəcək. Birgə əməkdaşlıq nəticəsində ərəb ölkəsində Ermənistan sənaye-aqrar sərgisi açmaq planlaşdırılıb. 2012-ci ildə isə bu müsəlman ölkəsində Ermənistan - Küveyt hökumətlərarası iqtisadi komissiyanın iclası gözlənilir.
|