Elmar Məmmədyarov və İraqın Bakıda səfərdə olan xarici işlər naziri Huşyar Zebari birgə mətbuat konfransında 2012-ci ildə Bağdadda Azərbaycan səfirliyinin açıla biləcəyini bəyan ediblər ("Turan"). Tərəflər danışıqlarda ikitərəfli əlaqələrin, o cümlədən enerji, iqtisadi, siyasi və mədəni əlaqələrin perspektivlərini müzakirə ediblər.
"Bu ilin sonunadək İraqdan bütün xarici silahlı qüvvələr çıxacaq. Bu gün Azərbaycan prezidenti ilə səmimi görüşümüz olub. Mən Azərbaycana İraqı dəstəklədiyinə və Azərbaycan qoşunlarının İraqın diktaturadan demokratiyaya keçidində iştirakına görə təşəkkür etdim. 2012-ci ildə İraq Bağdadda Azərbaycan səfirliyinin açılacağını səbirsizliklə gözləyir", - deyə Huşyar Zebari qeyd edib.
Nazirlər iki ölkə arasında diplomatik və siyasi məsləhətləşmələrin davam edəcəyini bildirib. "Diplomatik və şəxsi pasportlar üçün viza rejiminin aradan qaldırılması, ikiqat vergi, iqtisadi əməkdaşlıq, xüsusilə neft və qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Nazir Məmmədyarov İraqın gənc diplomatlarını Azərbaycan Diplomatik Akademiyasında təhsil almağa dəvət etdi", - o vurğulayıb.
İraqlı nazir həmçinin Azərbaycan şirkətlərini İraqda infrastrukturun yenidən qurulmasında iştiraka dəvət edib.
Tərəflər regional və beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə də toxunublar. "İraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır", - Huşyar Zebari qeyd edib. Habelə o bildirib ki, son günlər İraqda baş verən terror aktları ABŞ qoşunlarının ölkəni tərk etməsi ilə bağlı deyil. Bu partlayışlar siyasi gərginliyi artırmağa xidmət edir və ölkədəki fikir ayrılıqlarından qaynaqlanır. Onun sözlərinə görə, ölkədə terrorçu qruplar mövcuddur:
"Terrorçu qrupların əsas məqsədi ölkədə siyasi gərginliyi artırmaqdır. İraq hökumətinin və xalqının vəzifəsi isə demokratik cəmiyyət qurmaqdır. Çətinliklər olsa da, biz terroristlərin öhdəsindən gələcəyik. İraqda son demokratik seçkilər xalq tərəfindən dəstəklənir. Əhali demokratik dəyişiklikləri dəstəkləyir".
Xatırladaq ki, son günlər İraqda baş verən partlayışlar nəticəsində azı 69 nəfər ölüb, 180 nəfər yaralanıb. Zebari deyib ki, terrorçuluq vəziyyəti gərginləşdirməyə xidmət edir. Paytaxt Bağdadda və eləcə də əyalət şəhərlərində xarici diplomatlar və şirəktlər böyük risk altında çalışırlar. Terror eyni zamanda əcnəbilərə qarşı da yönəlib. Bu ölkədə asayiş tam bərpa olunmayınca, Azərbaycanın İraqda səfirlik açması ağlabatan görünmür.
|