Ölkədə üzüm sahələri sovet dönəmi ilə müqayisədə təxminən 20 dəfə azalaraq 15 min hektar, yığılan məhsul isə 15 dəfə azalaraq 130 min ton təşkil edir. Prezidentin sərəncamı ilə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq olundu. Proqram vəziyyəti dəyişəcəkmi?
"İqtisadi forum" jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev təsdiqlənən dövlət proqramını şərh edərkən deyir ki, bu günədək Azərbaycanda sahə proqramlarının, məsələn, heyvandarlığın, meyvəçiliyin, tərəvəzçiliyin inkişafı ilə bağlı spesifik proqramların hazırlanma təcrübəsi olmayıb:
"Adətən hökumət bu sahəni ümumi proqramlar vasitəsilə inkişaf etdirməyə təşəbbüs edirdi. Lakin iqtisadi idarəetmənin proqramlaşdırılması hər bir problem üzrə dəqiq fokuslaşma tələb edir. Beynəlxalq təcrübədə peşəkar yanaşma belədir: hökumət aqrar sektorun inkişafına dair özünün uzunmüddətli strategiyasını işləyir, həmin strategiyadan çıxan hər bir prioritet üzrə sahə proqramları qəbul edilir. Strategiyalardan fərqli olaraq sahə proqramlarında problemlərin həllinə yönəlik dəqiq fəaliyyətlər, həmin fəaliyyətlərin reallaşdırılması üçün aydın mexanizmlər, əldə olunacaq mümkün nəticələr, hər bir fəaliyyət üçün tələb olunan resurslar əks etdirilməlidir".
Ağayevin fikrincə, bu standartlardan çıxış etdikdə, ölkə prezidentinin təsdiqlədiyi bu Dövlət Proqramını keyfiyyətli sənəd hesab etmək çətindir:
"Əvvəla, proqramda hökumətin qarşısına qoyduğu hədəflər ölçülə bilən deyil. Məsələn, bu sənəd üzümçülük və şərabçılığın həm ixrac yönümlü, həm də idxalı əvəzləyən sektor kimi inkişafını nəzərdə tutur. Amma aydın deyil ki, proqramın icra olunacağı 9 il ərzində üzüm sahələri nə qədər genişlənəcək, bu genişlənmə əsasən ölkənin hansı iqtisadi rayonları və inzibati əraziləri hesabına təmin olunacaq, süfrə üzümünün, qurudulmuş üzümün və sənaye təyinatlı üzümün istehsalı nə qədər artacaq, məhsuldardıq necə dəyişəcək, ixracın həcmi hansı intervalda artacaq, ölkə əhalisinin daxili istehsal hesabına təzə üzümlə təminatı üçün nə qədər anbar tutumuna ehtiyac var, şərabçılıq zavodlarının hazırkı istehsal gücü nə qədərdir və hökumətin bu hədəflərə çatmaq üçün nə qədər yeni gücə ehtiyac var və s.
Başqa tərəfdən, sahənin inkişafı, xüsusilə də maliyyə ehtiyaclarının qarşılanması üçün bəzi mexanizmlərin məhz proqramda əks olunmasına ehtiyac vardı. Məsələn, Rusiyada hökumət hər hektar üzüm sahəsinin bərpası üçün fermerlərə birdəfəlik 1000 dollar həcmində subsidiya verir. Azərbaycanda nəinki bu mexanizmin, üstəlik barvermə anınadək itirilmiş gəlirlərin kompensasiya olunması üçün ən azı üzümün əkildiyi ilk 2 il ərzində hər il fermerlərə azı 500-600 manat civarında subsidiya verilməsinə ehtiyac var. Ümumiyyətlə, beynəlxalq təcrübədə adətən hökumət proqramlarının əvvəldən sonadək icrası üçün tələb olunacaq maliyyə resurslarının illər üzrə gözlənilən həcmi hesablanır, onların ödənilmə mənbələri müəyyən olunur. Azərbaycan hökumətinin proqramında isə bu yanaşma yoxdur".
Ekspert hesab edir ki, ölkədəki hazırkı şərait üzümçülüyün inkişafı ilə bağlı bir sıra çətinliklər yaradır:
"Əhalinin əlindəki pay torpaqlarının həcmi olduqca azdır. Məsələn, 2009-2013-cü illər üzrə Regionların inkişafına dair dövlət proqramında hökumət ölkənin 10-dan artıq rayonunu üzümçülük üçün üstün ərazilər kimi fərqləndirir. Şamaxı istisna olmaqla həmin ərazilərin heç birində adambaşına xüsusi torpaqların sahəsi yarım hektardan çox deyil. Tovuzda həmin göstərici hətta 0,2 hektardan da azdır. İcarə əsaslı dövlət torpaqlarında uzun illik əkmələrin qanunvericiliklə qadağan olunduğunu nəzərə alsaq, kiçik ölçülü özəl torpaqların rəqabətə davamlı və səmərəli istehsalın təşkili üçün imkan yaradacağı mümkün deyil. Belədə kooperasiya əsasında hansısa nəticələr əldə etmək olar, bu mexanizm isə Azərbaycanda işləmir. Bundan əlavə, şərabçılıq hazırda inhisarçı qrupların əlində cəmləşib. Zavodlar şəbəkəsini əlində cəmləşdirən həmin qruplar ya uzunmüddətli icarəyə götürdükləri dövlət torpaqlarında üzüm plantasiyaları salmaqla xammalla özlərini təmin edir, ya da ucuz idxal xammalı hesabına ehtiyaclarını qarşılamağa üstünlük verirlər. Hökumətin qəbul etdiyi proqramda bu cür haqsız rəqabətin qarşısını necə alacağına dair heç bir mexanizm təklif olunmur".
R.Ağayevin fikrincə, indiki statistika üzümçülük və şərabçılıq sektorunun vəziyyətilə bağlı keyfiyyətli iqtisadi analiz aparmağa imkan vermir: "Bir tərəfdən hökumət bəyan edir ki, 2005-2010-cu illərdə üzüm istehsalı 6 min ton artıb, başqa tərəfdən isə həmin dövrdə qurudulmuş üzüm idxalının 4, təzə üzüm idxalının isə 2 dəfə artdığı, üzümdən hazırlanan içki məhsullarının ixracının isə 2 dəfə azaldığı barədə məlumat verilir"...
Ekspertin yanaşmasına görə, bizim coğrafi məkan ölkədə rəqabətə davamlı üzümçülük və şərabçılıq sektoru formalaşdırmağı çətinləşdirir:
"Ətrafımızda 3 ölkə - Moldova, Gürcüstan və Özbəkistanın hər birində 120-150 min hektar aralığında üzüm sahələri mövcuddur. Bu ölkələrdən ilk ikisi keyfiyyətli şərab brendlərlə Avropa bazarlarına rahatlıqla çıxsa da, Özbəkistan süfrə üzümü ilə əsasən Rusiya bazarına daxil olur. Hazırda Rusiyanın daxili istehsal hesabına özünün süfrə üzümünə olan tələbatını ən yaxşı halda 15%-ni ödədiyini nəzərə alsaq, şimal qonşumuz bizim üçün geniş bazar ola bilər. Lakin buna nail olmaq üçün sahənin inhisarçılardan təmizlənməsinə, bu sektora xarici sərmayənin gəlməsi üçün hökumətin səylərinə, daxili istehsalın subsidiyalaşdırılmasına ehtiyac var. İndi Gürcüstanda orta hesabla hər kq üzümün zavodlar tərəfindən alış qiyməti 0,4 dollardır. Lakin bu məbləğin 0,25 dollarını müəssisə, yerdə qalan hissəsini dövlət ödəyir. Bizdə bu cür mexanizmlər olacaqmı?"
Nəhayət, R.Ağayev hesab edir ki, proqramın keyfiyyətilə yanaşı, onun gələcəkdə necə icra olunacağı da vacib məsələdir: "Hələ 10 il əvvəl üzümçülük və şərabçılıqla bağlı qanun qəbul edilmişdi. Əgər proqramın icrası həmin qanunun taleyini yaşayacaqca, onda 10 ildən sonra biz bu sənədin heç bir faydası olmadığını görəcəyik".
|