Ölkənin əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının dünya standartlarına çatdırılması olduğu göstərilir. Ölkə prezidenti bu kontekstdə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam verdi. İqtisadçı Kənan Aslanlı konsepsiya barədə mülahizələrini AYNAya bölüşür.
- İnsanlar kimi dövlətlər də önünü görmək və nə istədiyini dəqiq müəyyən etmək istəyir. Qeyri-müəyyənlik qərar qəbuletmənin bir nömrəli düşmənidir. Bu baxımdan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasına pozitiv yanaşmaq olar. Ancaq belə uzunmüddətli konsepsiya və strategiyaların ili yalnız rəqəmlərin yuvarlaq olmasına görə seçilməməlidir. Daha çox iqtisadi və sosial tsikllərə əsaslanmalıdır. Şəxsən mənə "Azərbaycan 2025" konsepsiyası daha maraqlı görsənir. Görəsən "Əsrin kontraktı" 2024-cü ildə başa çatandan bir il sonra adambaşına düşən xarici borc neçə dollar olacaq? Yaxud "Azərbaycan 2031". Müstəqilliyimizin 40-cı ilində, yəni ölkədə nəsil dəyişməsi qismən tamamlanandan sonra elitanın təfəkkürü hansı istiqamətdə dəyişmiş olacaq? Bir məqamı da qeyd edim ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə prezidentin 29 noyabr 2011-ci il tarixli sərəncamına əsasən, sənəd 2012-ci ilin sonunadək hazırlanıb təsdiq olunmaq üçün prezidentə təqdim edilməlidir. Yəni ən yaxşı halda sənədin əsasında hazırlana biləcək fəaliyyət planlarının real icrası 2013-1014-cü illərə təsadüf edəcək. Dolayısı ilə bu sənəd 6-7 ili əhatə edəcək ki, bu da bənzər sənədlər üçün heç də uzunmüddətli hesab edilə bilməz. Ya bu addım bir qədər tez atılmalı idi, ya da bu konsepsiya 2025-2030-cu ilə qədər olan dövrü də əhatə etməli idi.
Avropa Birliyi 2020, Rusiya 2020, Türkiyə 2023, Ermənistan 2020 və digər bənzər strategiyalar və ssenariləşmə sənədləri mövcuddur. Əsas sual odur ki, bəs Azərbaycan özünün orta və uzun dönəmdə inkişaf strategiyalarında və bunun senariləşdirilməsində hansı ilə fokuslanmalıdır?
Onu da xatırlayıram ki, bir müddət öncə dəyərli dostlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı "Azərbaycan 2018" strategiyasını hazırlamağı təklif edirdilər. Bu təklifin özünü də zamanında diqqətə almaq olardı və bu, dövlətçilik ənənələrinin inkişafı üçün faydalı olardı.
- Konsepsiyanın Azərbaycan üçün əhəmiyyəti nədən ibarət olacaq?
- Bu cür konsepsiya və strategiyaların adətən iki funksiyası olur. Birincisi, yeni fəaliyyət proqramları üçün hədəflərin müəyyən edilməsidir. İkincisi, ictimaiyyətə hakimiyyət tərəfindən verilən bir mesajdır ki, "bizim hədəflərimiz var və biz nə istədiyimizi dəqiq bilirik". Həm də unutmamalıyıq ki, indi bütün dünyada strategiyaların hazırlanması işi bir növ dəb halını alıb. Baxmayaraq ki, yaşadığımız dövrün sosial, iqtisadi, siyasi, texnoloji və ekoloji qeyri-müəyyənlikləri proqnozlaşdırmanı lap çətinləşdirir. İndiki dövrdə inkişafı senariləşdirmək və bununla bağlı proqnozlar vermək xüsusilə çətindir.
Bütün bu çətinliklərə rəğmən ölkəmizin uzunmüddətli inkişafının hədəflərini və prinsiplərini özündə əks etdirən sənədə ehtiyacı var. Belə bir sənəd önümüzdəki dönəmdə icra ediləcək dövlət proqramları üçün də bir növ istiqamətləndirici xarakterdə olmalıdır. Yoxsa, sadəcə, normativ bir akt kimi hazırlanıb bir tərəfdə istifadəsiz qalmamalıdır. Azərbaycanda bu gün istinad edə biləcəyimiz yeganə uzunmüddətli sənəd 2005-2025-ci illəri əhatə edən "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"dır.
- Necə düşünürsünüz, qarşıdakı 9 ildə hansı sahələrdə inkişafa nail olmaq gələcəyimizi daha təminatlı edə bilər?
- Mən hesab edirəm ki, konsepsiyaya dövlət idarəçilik sisteminin effektivliyinin artırılması və permanent islahatlar məsələsi də əlavə olunmalıdır. Çünki sosial-iqtisadi inkişafın bugünkü əsas problemləri resurs çatışmazlığı deyil, resurslardan səmərəli istifadə və tənzimləmə problemidir. Sosial-iqtisadi inkişafımız önündə əngəl təşkil edən korrupsiya, inhisarçılıq və mülkiyyət hüquqlarının pozulması kimi problemlər birbaşa olaraq iqtisadiyyatın dövlət tənzimi ilə bağlıdır. Əgər biz bu gün effektiv işləyən idarəetmə aparatına malik ola bilməsək və zəruri islahatları vaxtında aparmasaq, nə şaxələnmiş iqtisadiyyata sahib ola, nə də ədalətli sosial rifaha, elmin inkişafına nail ola biləcəyik.
|