Güney Azərbaycan milli fəallarına qarşı rəsmi Tehranın dəstək verdiyi basqılar davam edir. Bu haqda "Turan"a Güney Azərbaycan Milli Oyanış Hərəkatından bildirilmişdir.
Belə ki, Güney Azərbaycan milli fəallarından Məhəmməd Təqəvi bu günlərdə Mərənd şəhərində təhlükəsizlik xidməti əməkdaşları tərəfindən həbsə alınıb. Məhəmməd Təqəvinin saxlanmasına səbəb 1945-ci ildə Güney Azərbaycan Milli muxtar hökumətinin yaranmasına səbəb olan "21 Azər" hərəkatı ilə bağlı vərəqələr yayması olub. Məhəmməd Təqəvinin harada saxlanması ilə bağlı hər hansı informasiya yoxdur.
Daha bir fəal Hamid Nadar Mənafi dekabrın 18-də Xoy şəhər inqilab məhkəməsinə çağırılıb, 3 gün ərzində məhkəməyə gəlmədiyi halda həbs olunacağı barədə xəbərdarlıq alıb. Mənbə qeyd edib ki, bu şəxslər müəmmalı yol qəzasında həlak olan Azərbaycan milli mübarizləri İbrahim Cəfərzadə, xanımı Mina Kəhrubəyi və 1 yaşlı qızları Ayla Cəfərzadənin bu il avqustun 11-də keçirilmiş dəfn mərasimində iştirak edərkən Xoy şəhər xüsusi xidmət orqanı əməkdaşları tərəfindən saxlanılıb və yalnız 48 saatlıq işgəncədən sonra sərbəst buraxılıblar.
İran məxfi polisi Güney Azərbaycanın tanınmış jurnalistlərindən biri, saxta ittihamlarla 8 il müddətinə azadlıqdan məhrum edilən Səid Mətinpurun hüquqlarını daha da məhdudlaşdırıb. Jurnalist məzuniyyət, görüş, telefon əlaqəsi saxlamaq kimi hüquqlarından məhrum olunub. Onun həyat yoldaşı Səid Mətinpurun hüquqlarının məhdudlaşdırılması barədə mediaya açıqlama verib. Jurnalistin xanımı S.Mətinpurun 2,5 ildir ki, həbsdə olduğunu, bu müddət ərzində məzuniyyət hüququndan istifadə edə bilmədiyini, 6 aydır onunla telefon əlaqəsi saxlaya bilmədiklərini və Tehranın ən mənfur məhbəsi kimi tanınan "Evin" həbsxanasında saxlandığını bildirib.
Çərşənbə günü isə İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Səccad İskəndəri həbs olunub. APA-nın məlumatına görə, ETTELAAT əməkdaşları "Türkqala" adlı şirkətin rəhbəri olan azərbaycanlı fəalın Miyandab (Qoşaçay) şəhərinin Çaburç məhəlləsindəki evinə basqın edərək mənzildə axtarış aparıb, ona məxsus şəxsi əşyalarını müsadirə edib və Səccad İskəndərinin əl-qolunu qandallayıb özləri ilə aparıblar. Bundan əlavə, Azərbaycan dilində yazıldığı üçün "Türkqala" şirkətinə aid sənədləri və möhürü də müsadirə ediblər. ETTELAAT əməkdaşları məhəllədə bir neçə azərbaycanlı fəalın evində də axtarış aparıblar, ancaq mənzildə olmadıqları üçün onları həbs edə bilməyiblər.
Həbsdə olan bir qrup azərbaycanlı fəal sərbəst buraxılıb
Cümə axşamı gündüz İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan üç nəfər 4 aylıq həbs cəzasını çəkdikdən sonra cümə axşamı günü günorta saatlarında Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıblar (APA). Sərbəst buraxılan şəxslər Cəlil Ələmdar Milani, Qadir Novruzi və Əli Şirnakdır. Onlar bu il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində iftar mərasimi zamanı Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən İran məxfi polisinin əməkdaşları tərəfindən həbs olunublar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları 4 ay azadlıqdan məhrum edib, eyni zamanda onlar barəsində 20 ay şərti həbs cəzası çıxarıb.
Bundan əvvəl bazar günü isə azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından 9 nəfər Təbrizin Mərkəzi Həbsxanasından azadlığa buraxılmışdır. Bunlar - Məhəmməd Mahmudi, Əli İmani Qəraməleki, Məhəmməd Əlimuradi, Yasir Salmani Rzayi, Əhməd Əlizadə, Mehdi Mühaciri, Yusif Sələhşur, Yaqub Ramazani və Fərzad Məhdəvi idi.
Bu azərbaycanlı fəallar Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq sentyabrın 3-də keçirilməsi planlaşdırılan aksiyadan əvvəl tutulmuşdular.
|