Təbrizli şairə Məlihə Əzizpurun Bakıda ikinci şeirlər kitabı işıq üzü gördü (APA). Bu barədə Azərbaycan Yazıçılar Birliyi (AYB) Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz xəbər verib.
Sayman Aruzun sözlərinə görə, təbrizli şairənin "Mənə bir küçə bağışla" adlı yeni kitabı AYB-nin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin təşəbbüsü ilə "YEK" nəşriyyatı tərəfindən buraxılıb. Burada Məlihə Əzizpurun son iki il ərzində qələmə aldığı şeirlər toplanıb. Sayman Aruz bildirib ki, bu, təbrizli şairənin Bakıda işıq üzü görən ikinci kitabıdır:
"Biz ilk kitabı iki il əvvəl çap etmişdik. "Su pıçıltısı" adlı kitab "Qanun" nəşriyyatı tərəfindən buraxılmışdı. Ümumiyyətlə, Güney Azərbaycan şöbəsi əslən İrandan olan bütün azərbaycanlı şairlərin kitablarının çap edilməsinə hazırdır".
İranda ədiblər öz kitablarını türkcə nəşr etmələrində ciddi problemlərlə üzləşirlər. Hakimiyyət onlardan farsca yazmalarını tələb edir. Türk dilində yazmaq onların gözünə milliyyətçilik, hətta "pantürkizm" kimi görünür və bundan dəhşətə gəlirlər.
|