Krım və Azərbaycan arasında iki türk ölkəsi olaraq mədəni və təhsil əlaqələri 20-30-cu illərdə çox sıx olub. O vaxt Krımda tatarlar çoxluq təşkil edirdi, onlar 1944-cü ildə Orta Asiyaya deportasiya olunduqdan sonra bu əlaqələr qırıldı. Çox xoşdur ki, bu əlaqələr bizim günlərdə tədricən dirçəldilir.
19-24 dekabr tarixlərində Krım-tatar Akademik Musiqili Dram Teatrı Bakıda qastrol səfərindədir. Bu qastrol səfəri Azərbaycan-Ukrayna teatr əlaqələrinin mühüm mərhələsi kimi dəyərləndirilə bilər. Apreldə Akademik Milli Dram Teatr "Teatr. Çexov. Yalta" Beynəlxalq Teatr Festivalında iştirak üçün Yaltada olanda Krım-tatar Akademik Musiqili Dram Teatrının qonağı olmuş, həmin səhnədə çıxış etmişdir.
Kollektiv Bakıya Elçin Əfəndiyevin "Şekspir" əsəri əsasında hazırladığı "Xəstə könül" tamaşası ilə gəlib. Azərbaycanda ilk dəfə "Üns" Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan "Şekspir" pyesi tezliklə başqa teatrların da diqqətini çəkib. Tamaşanın quruluşçu rejissoru və rəssamı Rinat Bektaşevdir. Rinat Bektaşevin quruluşunda tamaşa insanların incə və mürəkkəb iç dünyasına yönəlir.
Tamaşada rolları şöhrətli aktyorlar Dilavər Səttarov (sanitar), Eldar Cəlilov (Drob-13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin), Lemara Cəlilova (Sara Bernar), Refat Seyid-Ablayev (baş həkim), Gülnar Sefedina (Hə) ifa edirlər. Teatrın bədii rəhbəri və direktoru Bilal Bilalovdur.
Tamaşanın ideya xətti belə bir sual üzərində qurulub: "Kimin iç dünyası daha zəngindir? Ruhi xəstə saydığımız insanların, yoxsa həyatda məhəbbəti, paklığı, saflığı, sədaqəti unudaraq, topladıqları maddi sərvəti itirmək qorxusu ilə yaşayanların?!"
Tamaşa Bakıda Milli Dram Teatrının səhnəsində və Sumqayıtda göstəriləcək. Teatrın truppası ilə yanaşı, Krım-tatar Xalq Məclisinin sədr müavini, Krım MR Ali Şurasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Remzi İlyasov, Krım-tatar Teatr Xadimləri İttifaqının sədri, teatrın direktoru və bədii rəhbəri, Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalov da Bakıya gəliblər. Qastrol səfəri çərçivəsində bir sıra digər tədbirlər də nəzərdə tutulub.
|