Nazirlər Kabineti "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları"nı təsdiq edib. Məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılır. Sənəddə qeyd olunur ki, dövlət orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları komitəyə təqdim etməlidirlər.
Məlumat bankı həm kağız üzərində, həm də xüsusi proqram təminatı vasitəsilə elektron formada aparılır. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, bu hallarla bağlı araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər barədə məlumatlar, məhkəmə qərarları toplanacaq. Burada valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri və onların fəaliyyəti barədə məlumatlar toplanacaq.
Qaydalarda məlumatları bu banka göndərəcək dövlət strukturları da göstərilib. Siyahıya cinayət təqibi orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları və yardım mərkəzləri daxildir.
Məlumatlar dəqiqləşdirildikdən sonra 10 gün müddətində məlumat bankına göndərilir.
Məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığı komitə tərəfindən təmin edilir. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.
Qeyd edək ki, Azərbaycan hökuməti məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi qaydalarını müəyyən edib. Nazirlər Kabinetinin məlumatına görə, bununla bağlı "Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-önləyici işin aparılması" Qaydası təsdiq olunub.
Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-önləyici işin aparılması məişət zorakılığının qarşısının alınması, ailələrdə normal münasibətlərin yaradılması, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılması məqsədlərini daşıyır.
Qaydalar bu işin yerli icra hakimiyyəti orqanları tərəfindən aparılmasını müəyyən edib.
Bu məqsədlə məişət zorakılığı halları ilə bağlı araşdırma aparmış cinayət təqibi və yerli icra hakimiyyəti orqanları tərəfindən bu kimi şəxslər barədə onların yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına məlumat göndərilir.
Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi barədə həmin şəxslərə məlumat verilir. Məişət zorakılığı törətmiş şəxslərlə tərbiyəvi-önləyici işin aparılmasına psixoloqlar, pedaqoqlar və digər mütəxəssislər, habelə qeyri-hökumət təşkilatları cəlb olunurlar.
Qaydalar belə şəxslərlə fərdi tərbiyəvi-önləyici iş aparılmasını da müəyyən edir.
Bu qayda törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə kimi cəzalara məhkum olunmuş şəxslərə, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə, tibbi-tərbiyə müəssisələrində yerləşdirilmiş yetkinlik yaşına çatmayan şəxslərə şamil edilmir.
Yeri gəlmişkən, məişət zorakılığı törətmiş şəxsə tətbiq olunacaq yasaqlar müəyyənləşib.
"Məişət zorakılığı ilə mübarizə haqqında" qanunun qəbulu ilə əlaqədar bir sıra qanunlara dəyişikliklər ediləcək. Milli Məclisdən verilən məlumata görə, Mülki-Prosessual Məcəlləyə məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraatın aparılması qaydalarını müəyyən edən fəsil əlavə ediləcək.
Məcəlləyə təklif olunan dəyişikliklərdə qeyd olunur ki, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərərçəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət edə bilər.
Bu orderin verilməsi barədə ərizə zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir.
Ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, tətbiq edilməsi xahiş edilən qadağalar və tədbirlər göstərilməlidir.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan 3 gün müddətində baxılmalıdır. Ərizəyə məişət zorakılığından əziyyət çəkmiş və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarını təmin etmək məqsədilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxılır.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə ilə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmişə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan ediləcək.
Məhkəmə qətnaməsində məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydaları müəyyən edilir.
Zərərçəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri də qətnamədə qeyd olunmalıdır.
Uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir. Məhkəmə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında işlərə xüsusi icraatda baxır. "İcra haqqında" qanuna təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri dərhal icra edilən icra sənədlərinin siyahısına daxil ediləcək.
Qanun layihəsi Milli Məclisin son növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.
Yeri gəlmişkən, iqtisadi və psixi zorakılıq edən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar. Bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərlə İXM-ə məişət zorakılığının qarşısının alınması barədə qanunvericiliyin pozulması ilə bağlı 307-2-ci maddənin əlavə edilməsi təklif olunur.
Həmin maddədə qeyd olunur ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan istifadə edilməsinə yönəlmiş hərəkətlər inzibati məsuliyyətə səbəb olacaq.
Bu hərəkətlərə yol verən yaxın qohum, ailə üzvləri, keçmiş ər-arvad, qəyyum və himayəçilər, üzərində qəyyum və himayəçi təyin olunan şəxslər, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın 100 manatdan 300 manatadək miqdarda cərimə ediləcəklər.
Digər bir dəyişikliyə görə, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər də inzibati məsuliyyət yaradacaq. Bu hərəkətləri edən yuxarıda göstərilən şəxslər 300 manatdan 500 manatadək miqdarda cərimələnəcəklər.
Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərmələri də inzibati məsuliyyətə səbəb olacaq.
Bu pozuntuya görə 35 manatdan 50 manatadək miqdarda cərimə nəzərdə tutulur.
|