Avropa Birliyinə üzv 27 dövlətin başçılarının Brüsseldə ikigünlük toplantısından sonra qurumun təmsilçisi German Van Rompey bildirib ki, İrana qarşı yeni sanksiyalarla bağlı yekun işi üzv dövlətlərin xarici işlər nazirlərinə tapşırmaq haqda qərar qəbul edilib. Dekabrın əvvəlində qurumun xarici işlər nazirləri İrana qarşı əlavə sanksiya ilə bağlı qərar qəbul etsələr də, İslam Respublikasından neft idxalına dair məsələdə anlaşa bilməmişdilər.
Dekabrın 1-də Brüsseldə bir araya hələn AB dövlətlərinin xarici işlər nazirləri İslam Respublikasının 141 şirkətinə və 39 vətəndaşına sanksiya qoyub. Nazirlər İranın maliyyə, nəqliyyat və enerji sahələrinə qoyulan sanksiyaları daha sərt şəkildə davam etdirmək razılığına da gəliblər. Xarici işlər nazirlərinin iclasında İrandan neft idxalına sanksiya qoyulması haqda müzakirələrin getdiyi də vurğulanır.
Xatırladaq ki, AB energetika məsələləri üzrə komissarı Günter Ottinger quruma üzv ölkələrin İran neftinə sanksiya ilə bağlı razılığa gəldiyini bildirib. O əlavə edib ki, sanksiyalar digər ölkələrlə də razılaşdırılmalıdır:
"Əgər ABŞ və Rusiya da bu əməkdaşlığa qoşulsalar, sanksiyaların nəticəsi daha yaxşı və təsirli olacaq. AB İran neftinə sanksiya qoyulmasını daha böyük bir siyasətə çevirməli, digər ölkələri də buna şərik etməlidir".
Rusiya isə İrandan neft ixracının yasaqlanmasına qarşı çıxıb. Ölkənin energetika naziri Sergey Şmatko "World Petroleum Conhress"ində ("Dünya neft qurultayı") çıxışında demişdir:
"Bu məsələdə müəyyənləşmiş siyasi məqsədin olduğu aydındır. Ona görə belə şəraitdə biz neytral mövqe tutmağa çalışırıq. Özünüz bu siyasətin nə ilə nəticələnəcəyini anlayırsınızmı?"
İran neftindən imtina təklifini Fransa, Britaniya və İsveç hökumətləri irəli sürüb. Sonuncu sammitdə bu təklifi Yunanıstan istisna olmaqla bütün AB-çilər dəstəkləyib. Yunanlar isə bunu ölkə iqtisadiyyatının İran "qara qızıl"ından asılılığı ilə əlaqələrdiriblər.
Avropa Birliyinin başqa dövlətləri bu enerji daşıyıcısına olan ehtiyaclarının 5-6 faizini İrandan idxal edir. Bu baxımdan böhran zamanı onların az ziyana düşəcəyi istisna olunmur.
Xatırladaq ki, İran sutkada 4 milyon barrel, Səudiyyə Ərəbistanı isə 9 milyon barrel neft ixrac edir. Bu ərəb ölkəsindəki texnologiya qısa bir müddət ərzində İslam Respublikasının bütün hasilatı həcmində "qara qızıl" istehsal etməyə imkan verir. Avropa isə gündə İrandan 870 min barrel neft idxal edir ki, bunu da səudiyyəlilərin hesabına ödəmək mümkündür. Avropa ehtiyacını Ər-Riyadın hesabına ödəyərsə, İran üçün bu həcmdə nefti başqa ölkələrə ötürmək çətin olacaq. Başqa sözlə, Tehran gündə 87 milyon dollar, ayda 2,6 milyard dollara yaxın itirə bilər.
Hesablamalara görə, artıq Tehran xam nefti satmaqda ciddi problemlə üzləşib. Cari ilin oktyabrında tankerlərdə 3,7 milyard dollar dəyərində 35 milyon barrel İran nefti öz alıcısını axtarıb. Cari ilin avqustunda bu rəqəm 19,3 milyon barrel olub.
|