"NATO ilə Azərbaycan arasında anlaşılmazlıq rəsmi Bakının alyansla münasibətlərini öz istədiyi istiqamətə yönəltmək səylərindən yaranıb". Bu barədə AYNAya NATO-ya yaxın olan hərbi dairələrdən məlumat daxil olub. "Rəsmi Bakı NATO-nun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamasının və alyansın Azərbaycanın ərazi bütövlüyünü tanımasının rəsmi sənədlərdə, xüsusilə də Fərdi Tərərfdaşlıq üzrə Əməliyyat Planında (İPAP) əksini tapmasını istəyir. Amma NATO əvvəlcədən bəyan edib ki, Cənubi Qafqazdakı dondurulmuş münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qatılmır və bu istiqamətdə Minsk Qrupunun vasitəçilik missiyasını dəstəkləyir. Üstəlik də son Lissabon sammitinin və ondan əvvəlki toplantıların bəyanatlarında Azərbaycan və regionun digər dövlətlərinin ərazi bütövlüyü təsbit olunub", - deyə mənbə bildirdi.
Əldə olan bilgilərə görə, Azərbaycanın bu istiqamətdə tələblərinə yekun olaraq bu il oktyabrın sonlarında Fransanın siyasi rəhbərliyi neqativ münasibət açıqlayıb. Bunun ardınca NATO-nun əksər ölkələri də Fransanın mövqeyini dəstəkləməyə başlayıblar. Maraqlıdır ki, Türkiyə bu prosesdə hər hansı mövqeyini ortaya qoymayıb. Yəni İPAP-da Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəanın olub-olmamasına Türkiyənin mövqeyi hələ ortada deyil.
AYNAya verilən məlumatlara görə, hazırda Azərbaycan və NATO arasında yaranmış ziddiyyətlərin çözülməsi istiqamətində danışıqlar davam edir. Məlumatda qeyd edilir ki, hazırda tərəflər diplomatik kanallarla yaxın vaxtlarda Azərbaycan prezidentinin Brüsselə səfərinin yeni vaxtını müzakirə edirlər.
Xatırladaq ki, oktyabrın sonlarında NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Ordunun Aynası" əlavəsinə açıqlamasında bildirmişdi ki, NATO baş katibi Anders Foqh Rasmussen Azərbaycan prezidenti İlham Əliyevi Brüsselə Şimali Atlantika Şurası ilə görüşə dəvət edib. Əldə olan məlumatlara görə, bu səfər noyabrın əvvəllərində baş tutmalı idi. Amma olmadı. İlham Əliyevin yerinə bir müddət öncə XİN başçısı Elmar Məmmədyarov Brüsselə yollandı. Bundan bir qədər öncə isə XİN başçısının müavini Araz Əzimov Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsinin razılaşdırılmasının NATO-nun bir sıra ölkələrinin qərəzli münasibəti üzündən baş tutmadığını bəyan etdi.
Beləliklə, çox mürəkkəb vəziyyət alınıb. AYNAnın əməkdaşı bu vəziyyətə Avropadakı mənbələrdən aydınlıq gətirməyə cəhd göstərib. Əldə olunan bilgilər diqqətçəkicidir. Belə ki, 2010-cu ilin iyununda NATO tərəfindən Azərbaycanla müzakirələrdə İPAP sənədində əksini tapan hərbi-siyasi islahatların yerinə yetirilməsinə dair çağırışlar səsləndirilib. O vaxtlar Azərbaycana səfər edən Qərb ekspertləri Azərbaycan tərəfinin bu islahatları yerinə yetirmədiyindən gileylənmiş və Bakının alyansla gələcək əməkdaşlığının sual altında olması qənaətinə gəlmişdilər. Verilən izahlara görə, ekspertlərin gəldikləri qənaət sənədlər şəklinə salınaraq NATO-ya göndərilib. Bundan sonra alyansla Bakı arasında məsələhətləşmələrə başlanılıb. Mənbə bildirir:
"Bu müzakirələr çox gərgin keçirdi və Azərbaycanın İPAP üzrə öhdəliklərinin yerinə yetirilmə vəziyyətinə dair sualların cavablandırılması çox vacib hesab edilirdi. Lakin nəticədə bəlli oldu ki, rəsmi Bakı bir sıra hərbi-siyasi istiqamətlər üzrə fəal əməkdaşlığa hazır görünmür və bu səbəbdən ötən ilin sentyabrından İPAP-ın üçüncü mərhələsinin taleyi ilə bağlı tərəflər arasında məsləhətləşmələrə qeyri-rəsmi fasilə verildi".
Bu ilin ortalarından tərəflər arasında yenidən aktiv müzakirələr başladı. Azərbaycan tərəfinin İPAP-da əksini tapan bir sıra öhdəliklərin ləğv edilməsi, onların üçüncü mərhələyə salınmaması tərəfdarı olduğuna dair məlumatlar var. Bu elə dövrdə baş verirdi ki, artıq Azərbaycan Qoşulmama Hərəkatına üzv olmuşdu. Nəhayət, NATO-ya üzv ölkələrin rəhbərləri Azərbaycanın taktiki və strateji səviyyədə xarici hərbi-siyasi prioritetlərini öyrənmək və bu istiqamətdə razılaşdırılmış qərarların qəbul edilməsi mümkünlüyünü aydınlaşdırmaq istiqamətində Azərbaycan prezidentinin Brüsselə dəvət edilməsini zəruri saymışlar. Bu səfər noyabrın əvvəllərində baş tutmalı və çox mühüm sorğu-sualın baş tutması gözlənilirdi.
Belə bir vaxtda, göründüyü kimi, Azərbaycan tərəfi ilə NATO arasında münasibətlərdə ziddiyyət ortaya çıxdı. Avropalı ekspertlər bu məsələni Azərbaycanın NATO ilə əməkdaşlığının irəliləməsini istəmədiyi, ciddi hərbi-siyasi islahatları yerinə yetirməmək məqsədilə "bəhanə" kimi qiymətləndirirlər. "Sözsüz ki, Azərbaycan NATO-dan Dağlıq Qarabağ bəyanatını tələb etməkdə haqlıdır, amma bu ona əsas vermir ki, islahatlar yerinə yetirilməmiş qalsın. Çünki bu islahatlar NATO-ya deyil, ilk növbədə Azərbaycana lazımdır. Hərbi, siyasi, demokratik islahatları yerinə yetirməmək üçün istənilən demarş yolverilməz hesab edilməlidir", - deyə avropalı ekspertlər bildirir.
|