Ölkədə toyuq əti və məhsulları nəzərə çarpacaq dərəcədə ucuzlaşmaqdadır. Əgər iyun-avqust aylarında ticarət obyektlərinə dondurulmamış (kəsilmiş) toyuq əti 2,8-3 manata, dondurulmuş toyuq əti isə 3-3,4 manata satılırdısa, indi bu qiymətlər uyğun olaraq 2,2-2,7 manat və 2,6-3,3 manat arasında dəyişir.
İqtisadçı Rəşad Həsənov bildirir ki, toyuq məhsullarının qiyməti təxminən 10% azalıb:
"Qiymət azalmaları indiyə qədər kiçik və orta istehsal payına malik müəssisələrin məhsullarında özünü göstərirdi. Lakin dekabrın ilk günündən etibarən bu sektorun ən iri şirkəti olan "Siyəzən Broyler" də öz məhsullarının topdan satış qiymətlərində təxminən 10% endirim edib".
Mütəxəssisin fikrincə, toyuq əti məhsullarının qiymətinin enməsi bazar şərtləri və mövsümi amillərlə birbaşa əlaqəlidir:
"Qurban bayramı ilə bağlı noyabrda əhalinin gündəlik qida rasionunda qırmızı ət (xırda və iribuynuzlu heyvan əti) daha çox olub. Nəticədə toyuq və toyuq əti məhsullarına olan tələbat kəskin şəkildə düşüb. Balıq ovu mövsümünün başlaması ilə əlaqədar əhalinin ət məhsullarına olan tələbatının bir hissəsi də məhz balıq əti ilə əvəzlənib".
Bəlli olur ki, toyuq ətinin qiymətinə təsir edən əsas amillərdən digəri də bazarlarda kəskinləşmiş rəqabətdir:
"Mart-apreldə bu sahədə yaranan ciddi problemlər istehsalın kəskin azalmasına səbəb olmuşdü. Nəticədə yay aylarında toyuq məhsullarının kəskin qıtlığı yaranmışdı. Sözsüz, yaranmış qıtlıq bazarlarda qiymətlərin bahalaşması ilə müşahidə olunurdu. Hazırda isə ölkə daxilində irili-xırdalı hər növ toyuq fabriklərində istehsal tsikli bərpa olunub və uyğun olaraq təklif artıb. Bu da öz növbəsində bazarlarda kəskin rəqabətin yaranması, qiymət ucuzlaşması ilə özünü büruzə verir. Araşdırmalar göstərir ki, Yeni il bayramı ilə əlaqədar toyuq məhsulları bazarında müəyyən qədər canlanma olacaq. Bununla belə aprel-may aylarına qədər qiymətlər indiki səviyyədən yuxarı olmayacaq".
Toyuq məhsulları əhalinin gündəlik qida tələbatında əsas yeri tutur. Buna səbəb isə alıcılıq qabiliyyətinin aşağı olmasıdır.
|