On ildən çoxdur "Neft və qaz haqqında" qanun layihəsinin qəbulunun vacibliyi barədə müzakirələr gedir. Hətta bir neçə qeyri-hökumət təşkilatı bununla bağlı layihə hazırlayıb hökumətə təqdim edib. Lakin hökumət enerji resurslarından istifadə ilə bağlı hər hansı qanunun qəbuluna tələsmir. Halbuki ölkə iqtisadiyyatı tam olaraq neft gəlirlərindən asılı vəziyyətdədir. Həmin gəlirlərin tənzimi üçün indiyədək heç bir qanunvericilik bazası formalaşmayıb. Əlbəttə, neft ölkəsi olan, iqtisadiyyatı neft üzərində qurulan Azərbaycanda indiyədək neft haqqında qanunun qəbul olunmaması ölkəmizin beynəlxalq aləmdə imicinə mənfi təsir göstərir. Neft ölkələrinin hamısında bu sektor qanunla idarə olunur.
2006-ci ildə sabiq iqtisadi inkişaf naziri Heydər Babayev mətbuata verdiyi açıqlamada "Neft və qaz haqqında" qanun layihəsinin hazırlığının tamamlanmaq üzrə olduğunu bəyan etmişdi. Amma bəyanatdan 5 ildir keçib, orada heç bir hüquqi akt yoxdur. Belə olan halda bu layihəni də "ehtiyata göndərilən qanunlar" sırasına daxil etmək olar.
Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, neft və qaz ölkəsi kimi sözügedən qanunun qəbulu vacibdir:
"Proqnozlara görə, yaxın 30 ildə neft, 60 ildə qaz ixrac edən ölkə olaraq qalacağıq. Buna görə də bizim qanunla yaşamağımız daha sivil olardı, nəinki sərəncamlarla, müqavilələrlə".
Ekspertin fikrincə, layihədə neft və qaz siyasəti sahəsində dövlətin vəzifələri, neft və qaz üzərində mülkiyyət hüququ ilə bağlı məsələlər, neft və qaz müqavilələri, onların zəruri şərtləri, bağlanması tələbləri və qaydaları, boru kəməri üzrə müqavilələrə dair əsas müddəalar, həmin müqavilələrlə əlaqədar iqtisadi, ekoloji və əməyin mühafizəsi məsələlərinin tənzim qaydaları, neft gəlirlərinin idarə olunması öz əksini tapmalıdır:
"Karbohidrogen ehtiyatların kəşfiyyatı, işlənməsi, nəqli, ekoloji təsirləri və s. hər bir xırda detal nəzərə alınmalıdır. Hətta mövcud olan yataqların neçəsinin xarici şirkətlərlə birgə işlənməsi üçün kvota da müəyyənləşməlidir. Rusiya və Qazaxıstanda offşor şirkətlər hasilatın pay bölgüsündə iştirakına qanunla qadağa qoyulub. Azərbaycanda isə bu sahədə xeyli sayda offşor şirkətlər iştirak edir. Belə şirkətlərin fəaliyyətinə qadağa qoyulmasa da, heç olmasa qanunla tənzimlənsin".
İlham Şabanın fikrincə, "Neft və qaz haqqında" qanunla yanaşı, "Neft Fondu haqqında" qanuna da böyük ehtiyac var:
"Hazırda heç birimiz proqnozlaşdıra bilmirik ki, hökumət fonddakı vəsaiti hər il hansı səviyyədə xərcləyəcək. Ancaq gümanlar edirik. Bu gün fondun rezervlərindən böyük həcmdə xərcləmələr olur ki, bu da iqtisadiyyata mənfi təsir göstərir. Nə hökumət, nə də cəmiyyət belə böyük həcmli xərcləmələrə nəzarət iqtidarındadır. Bunun nəticəsində cəmiyyətdə şübhələr qalmaqdadır".
"Mədəniyyətin bir hissəsi özünü qayda-qanunla yaşamağa məcbur etməkdir. Adət-ənənələr üzərində qayda yaratmaq sivilizasiyadan geri qalmaqdır. Azərbaycanın hələ də bu etapları keçməməsi təəssüf doğurur. Hökumətin buna doğru addımlamaq fikrində olduğu da görünmür. Cəmiyyətdən kifayət qədər ismarışlar var. 1998-ci ildən bəri QHT-lər dəfələrlə qanun layihələri hazırlayaraq Milli Məclisin komissiyalarına təqdim ediblər", - deyə Şaban vurğuladı.
|