Metroda gediş üçün istifadə olunan cip-kartlar 2013-cü ildən etibarən etibarsız sayılıcaq. Qeyd edək ki, bir neçə il öncədən tətbiq edilən kartlarda etibarlılıq müddəti göstərilmirdi. Amma dekabrın 1-dən başlayaraq sərnişinlərin 3-4 ildir istifadə etdikləri cip-kartlarda etibarlılıq müddəti göstərilməyə başlayıb. Əksər kartlarda etibarlılıq müddəti 2012-ci ilin dekabrına qədər qeyd olunub. İndi aydın olur ki, sərnişinlər 2012-ci ilin dekabrından başlayaraq, yeni kartlar almalı olacaqlar.
Bakı Metropoliten İdarəsi bu haqda sərnişinləri məlumatlandırmayıb. 3-4 ildən sonra kartlarda peyda olunan etibarlılıq müddəti müəmma doğurur. Sərnişin həmin kartlara 2 manat ödəniş edib. İndi etibarlılıq müddəti bitəndən sonra kartların əhaliyə pulsuz verilib-verilməyəcəyi sual doğurur.
İqtisadçı-ekspert Akif Nəsirli mətbuata bildirib ki, bu, qanunsuzluqdur. Demə, pul çəkmək mümkün olan kartlara etibarlılıq müddəti tətdiq edilə bilər. Amma ictimai nəqliyyatda istifadə olunan cip-kartlarda etibarlılıq müddəti olmur. Bunu metropoliten rəhbərliyinin yeni "oyun"u adlandırmaq olar.
Nəsirli metro kartlarına etibarlılıq müddətini tətbiq etməyi iki amillə bağlayır:
"Əhalidən yenidən pul çəkmək üçün həmin kartlara etibarlılıq müddəti yüklənir. İnsanların nə üçün yenidən 2 manat pul ödəməli olmasının izahı yoxdur. Gediş zamanı həyata keçirilən xidmət ödənişə daxildir. Bu, birbaşa istehlakçı hüququnun pozulmasıdır".
Ekspert deyir ki, etibarlılıq müddəti kartın üzərində qeyd edilməlidir:
"İstehlakçı kart alarkən onu hansı tarixə qədər istifadə etmək hüququna malik olduğunu üzərində oxumalıdır. Çünki turnekitdə gediş yükləyərkən çox insan oradakı məlumatları tam oxumur. Əks təqdirdə böyük növbələr yaranar. İndi bəlli deyil ki, kartlar neçə illiyə satılır. Digər sahələrdə bu kartlar pulsuz dəyişdirilir. Burada isə məlum deyil".
Nəsirlinin sözlərinə görə, digər amil reklam verən şirkətlərlə bağlı ola bilər. Belə ki, hansısa şirkət öz reklamını kartların üzərinə yerləşdirmək üçün dövlət qurumu ilə müqavilə bağlaya bilər:
"Xarici şirkətlər ildə bir dəfə kartları dəyişib onun üzərində reklam yerləşdirirlər. Ola bilsin ki, Bakı Metropoliteni də bu üsuldan istifadə etsin. Amma bununla bağlı dövlət strukturu elan verməlidir ki, əhali onu pulla, yoxsa pulsuz əldə edəcək".
|