Dünən UEFA-nın Nyondakı mənzil-qərargahında Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin püşkatması keçirilib. Futbolsevərlər bu mərhələdə İtaliya və İngiltərənin təmsilçilərinin maraqlı qarşıdurmalarına şahidlik edəcəklər.
Sözsüz ki, ən maraqlı cüt "Milan" - "Arsenal"dır. "Napoli"nin "Çelsi" ilə görüşü də az maraq doğurmayacaq. İtalyanlar qrupda ikinci yeri tutduqlarından ilk oyununu evdə keçirməlidir ki, bu da ingilislərə əlavə üstünlük verir.
Rusların isə püşkdə bəxti gətirməyib. Təbii ki, bu, ilk növbədə MOİK-ə aiddir. "Hərbçilər"in Madrid "Real"ını keçmək şansı çox azdır. "Zenit" isə, qrupda olduğu kimi, yenə Portuqaliya təmsilçisini sınağa çəkəcək. Çempion "Porto"nu qrupda saxlayan Sankt-Peterburq təmsilçisi bu dəfə vitse-çempion "Benfika"dan güclü olmağa çalışacaq.
Fransanın bürünc mükafatçısı "Lion" isə bəxtinin gətirdiyini deyə bilər. Düzdür, APOEL qrup qalibi olsa da, Avropanın klub turnirlərində böyük təcrübəyə malik "Lion" cütün favoriti sayılır.
Turnirin son qalibi "Barselona" "Bayer"lə qarşıdurmada ciddi problemlə üzləşməməlidir. Almaniyanın ən titullu klubu "Bavariya" isə "Bazel"lə görüşdə aşkar favoritdir.
Qeyd edək ki, 1/8 final oyunları 4 həftə ərzində keçiriləcək. Tarixlər gələn il fevralın 14-15, 21-22-si, martın 6-7-si, 13-14-dür. Bununla da azarkeşlər daha çox oyunları izləmək imkanına malik olacaq.
"Lion" (Fransa) - APOEL (Kipr)
"Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə)
"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
"Bazel" (İsveçrə) - "Bavariya" (Almaniya)
"Bayer" (Almaniya) - "Barselona" (İspaniya)
MOİK (Rusiya) - "Real" (İspaniya)
"Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)
"Marsel" (Fransa) - "İnter" (İtaliya).
|