İran hakimiyyəti milli haqların təminini istəyən hər hansı Güney Azərbaycan türkünə qarşı sərt davranmaqda davam edir. Bu həftənin əvvəlində belələrindən biri - Məhəmməd Rzai Təbrizi və qızı Laçının tutulduğu haqda xəbər yayılıb. ETTELAAT Təbriz şöbəsinin əməkdaşları onları Türkiyəyə səfər edərkən saxlayıb və uyğun qurumun yerli bölməsinə aparıblar. Ata-bala döyülüb, təhqir edilib. Laçın Rzai 4 saat dindirildikdən sonra müvəqqəti sərbəst buraxılsa da, atası ETTELAAT-da saxlanıb. Onların pasportları, şəxsi əşyaları, eləcə də Məhəmməd Rzai Təbrizinin Azərbaycan türkcəsində çapa hazırladığı və özü ilə Türkiyəyə aparmaq istədiyi bir roman və bir sözlüyün (lüğət) əlyazmaları, eləcə də içində digər yazıları olan fləş-kartı götürülüb.
Onların konkret nədə təqsirləndiyi bilinməsə də, Məhəmməd Rzainin səhhətinin ciddi təhlükə altında olduğu haqda xəbərlər yayılıb.
Məhəmməd Rzayi Təbrizi 2009-cu ildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyaya qatıldığına görə tutulmuş, bir neçə gün ETTELAAT Təbriz şöbəsinin zindanında saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı.
Başqa bir xəbərə əsasən, İran Məhkəməsinin Təbrizdəki 104-cü şöbəsində Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyən 128 azərbaycanlının məhkəmə prosesi keçirilir.
APA-nın məlumatına görə, dekabrın 13-də Kiyanuş Şəkuhun sədrliyi ilə başlayan prosesdə təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamlarla razılaşmayıblar. Onların hüquqlarını vəkillər - Yusif Mollai və Musa Bərzin Xəlifəlu mədafiə edir. "İctimai asayişi pozmaqda" təqsirləndirilən bu şəxslərdən bəziləri Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilən aksiyalarda, digərləri Təbrizin "Traktor" futbol komandasının oyunları zamanı həbs olunublar.
|