Kanadanın Vankuver şəhərində İranda həbsdə olan azərbaycanlı jurnalistlər, insan haqları fəalları Səid Mətinpur və Səid Nəimi ilə bağlı beynəlxalq imzatoplama kampaniyası keçirilib. Bu barədə APA-ya İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qarabağlı məlumat verib.
Onun sözlərinə görə, tədbir ADAPP və "Amnesty İnternational"ın birgə təşkilatçılığı ilə Dünya İnsan Haqları Günündə düzənlənib:
"Bu tədbir ənənəvi olaraq hər il keçirilir və biz də dördüncü ildir bu işlə məşğuluq. Biz orada İranda həbsdə olan azərbaycanlı jurnalistlər Səid Mətinpur və Səid Nəimi ilə bağlı məktublar qoymuşduq. İnsanlar da həmin məktubları imzaladılar və biz də onları İranın ali dini lideri, ayətullah Əli Xamneyi, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Laricani, Təbriz həbsxanası və Tehrandakı "Evin" zindanı rəhbərinə göndərəcəyik".
Vahid Qarabağlı onu da bildirib ki, ADAPP rəsmisi Vankuver şəhərində yayımlanan "Coop Radio"da İrandakı azərbaycanlıların insan haqları məsələləri, onlara qarşı olan təzyiqlərdən də danışıb.
ADAPP sözçüsü həmçinin Almaniyanın Heydelberq şəhərində də Səid Mətinpurla bağlı imzatoplama kampaniyası keçirildiyini vurğulayıb.
|