Tək-tük hallarda boşanmanın konkret səbəbi olur...
 |
Boşanma ailənin, onu quran insanların faciəsidir
Şənbə, 17.12.2011
|
|
Milli Məclisin sosial siyasət komissiyasının açıqlamasına əsasən, Azərbaycanda boşanmaların sayı 2 dəfə artıb. Ölkəmiz üzrə ailə məsələləri ilə bağlı statistika ürəkaçan faktlar vəd etmir. Belə ki, ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın mətbuata açıqlamasında bildirilir ki, 2011-ci ilin 6 ayı ərzində Azərbaycanda 39 803 nikah bağlanıb. Bu ilin birinci yarısında Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 792 nikah bağlanıb. İlin ilk yarısında ölkədə 5335 nikahın pozulma halı qeydə alınıb. Onlardan 19-u əcnəbilər və vətəndaşlığı olmayanlarla olan nikahlara aiddir. Kərimova qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların və boşanmaların sayında artım qeydə alınıb. Belə ki, 2010-cu ilin ilk 6 ayında ölkədə 32 681 nikah bağlanıb, əcnəbilər və vətəndaşlığı olmayanlarla nikahların sayı isə 773 təşkil edib. Ötən ilin birinci yarısında ölkədə 4276 nikahın pozulma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə əcnəbilərlə və vətəndaşlığı olmayanlarla pozulan nikahların sayında isə azalma müşahidə olunub. Belə ki, keçən ilin müvafiq dövründə əcnəbi və vətəndaşlığı olmayanlarla 41 nikahın pozulması halı qeydə alınıb. Ailələr niyə dağılır? Psixoloqlar bu sualı müxtəlif cür cavablandırırlar. Kimisi bunu ailəyə kənardan edilən müdaxilə, kimisi yeni qurulan ailənin təcrübəsizliyi, səbirli olmaması, hər bir məsələnin həllində tələsik qərar qəbul etməsi ilə, kimisi iqtisadi çətinliklərlə və s. izah edir. Getdikcə dərinləşən münasibətlər isə sonunda ailənin dağılmasına gətirib çıxarır.
Sosioloqlar boşanma hadisələrini ən qlobal problem kimi dəyərləndirirlər. Forumlarda boşanma hadisələrinin səbəbləri, faktlara yanaşma kimi əsasən sosial, məişət problemləri, iqtisadi çətinliklər, tərəflərin bir-birini anlamaması və s. səbəblər göstərilir. Ən əsası, forumlarda çalınan həyəcan təbilləri statistik məlumatların ürək açmayan mənzərəsi ilə üst-üstə düşür. İctimai rəy ailənin muxtariyyətinin qorunması vəzifəsini ilk növbədə onun üzvlərinin üzərinə qoyur. Azərbaycanın ta qədimdən özünəməxsus ailə modeli mövcuddur. Həmişə də ailə quruluşunun müqəddəsliyinə, toxunulmazlığına çalışılıb. Heç şübhəsiz, müasir Azərbaycan əhalisinin əksəriyyəti üçün bu gün də ailə əsas dayaq rolunu oynayan dəyərdir. Ailə ocağını insan üçün malik olduqlarının ən vacib və qiymətlisi hesab edənlər təbii ki, onu kənar neqativ təsir və təhlükələrdən qorumağa çalışırlar. Belə ki, ailə üzvləri problemləri evdən kənara çıxarmamalı və ailədaxili işlərə kənar şəxsləri cəlb etməməli, xırda məsələləri dərinləşdirməməlidirlər və s.
Bu gün boşanma statistikasının gün-gündən böyüyən rəqəmlərinə istinad edən bəzi adamlar Qərb adətlərindən yararlanmağı da tövsiyə edirlər. Amma Qərblə Şərq arasında ailəyə münasibətdə olduğu kimi, boşanmanın əsaslanması ilə yanaşı, statistik göstəricilərin də fəlakətli olduğunu xatırlasaq, bu cür tövsiyələrin əsassız olduğuna hamı inanar. Dünya ya inteqrasiyadan danışdığımız vaxtda Qərbin bütün adətlərini kor-koranə mənimsəməyimiz yanlışlıq olardı. Məsələn, "boy- friend" (oğlan dostu) və "girl-friend" (qız dostu) kimi anlayışların mövcud olduğu Qərb ölkələrində gənclər nikah bağlamadan illərlə bir yerdə yaşayır və əlaqələri yalnız uşaq dünyaya gətirmək istəyi olanda rəsmiləşdirirlər. O zamana qədər isə onlar bir-birlərini sınaqdan keçirir, sosial problemlərini həll edir, ayaq üstə duruş gətirməyi öyrənirlər. Bir-birlərinə uyğun gəlməyəndə isə ayrılırlar. Əzəldən rəsmi əlaqələri olmadığından onlar boşanma statistikasına da düşmürlər. Sadəcə iki dost kimi bir müddət bir yerdə yaşayır, sonra da yollarını ayırırlar. Problemə psixoloq yanaşması da maraqlıdır. Psixoloq Azad İsazadə hesab edir ki, ailənin dağılmasının əsas səbəbi sosial-məişət problemləridir:
"Razılaşaq ki, hazırda gənclər üçün işsizlik, maaşların az olması, ev almaq perspektivinin yoxluğu və s. istər-istəməz ailədaxili gərginliyə səbəb olur. Boşanmaların bünövrəsi əsasən bu səbəblərdir".
Psixoloq ailədaxili zorakılığın, kişilərin zərərli vərdişlərə meyilliliyini, qadınların öz hüquqlarından xəbərsiz olmaları və hüquqlarını tələb edə bilmədikləri, valideynlərin müdaxiləsi və s. də ailələrin dağılmasına səbəb olan amillərdir.
İsazadə son dönəmlərdə ailənin dağılması faktı kimi cinsi uyğunsuzluğu da qeyd edib. Psixoloqa görə, tək-tük hallarda boşanmanın konkret səbəbi olur. Belə ki, məhkəmədə konkret olaraq bir səbəb göstərilir, amma reallıqda bir neçə səbəb üst-üstə düşdüyündən son nəticə barədə qərar əldə edilir. Psixoloqun fikrincə, boşanma hadisəsinə yalnız mənfi hal kimi yanaşmaq da lazım deyil:
"Boşanma şansdır. İnsanlar bir-birləri ilə bir yerdə yaşaya bilmirlərsə, onda boşanma məişət zorakılığına məruz qalan qadınlara şans verir ki, həyatını təzədən başlasın. Heç olmasa uşaqlar əzab çəkməsinlər". Boşanma, ailələrin dağılması bütün hallarda faciədir. Ailənin, onu quran insanların faciəsi. Bu ailələrdə dünyaya gələn uşaqların faciəsi... Psixoloqlar ayrılıq və boşanma hadisələrindən sonra ailə modelində ən böyük zərbənin uşaqlara dəyməsi qənaətindədirlər. Uşaqlar geriyə dönüb baxarkən xatırladıqları ata-anaları arasında xəbər daşıyıcısı olmaları, ata-analarının dava-dalaşları, miskin bir vəziyyətdə təhlükəsizlik axtarışı ilə küncə sıxılmaları olur. Bir də onlar qarşı cinsdən olan biriylə necə səmimi davranacaqlarını bilmirlər. Ailə dramları onların həyat dramlarına çevrilir. Bəlkə valideynlər öz faciələrindən savayı, onların təmiz yaddaşlarını və qəlblərini də yaralamamağı düşünsələr...
|
|
|
Oxşar xəbərlər:
Elçibəy ailəsi yardım təklifini qəbul etmir
Gəncədə demoqrafik göstəricilər yaxşılaşıb
Bu il 47 qadın ailə problemləri zəminində həlak olub
Bu il 105 uşaq bioloji ailələrinin himayəsinə qaytarılıb
Dünya əhalisinin sayı artır
|
|
|