Çərkəzlər konsolidasiya olunurlar
 |
Şənbə, 10.12.2011
|
|
Son üç ildə Quzey Qafqazda xalqlararası milli bütünləşmənin inkişafı müşahidə olunur. Süni şəkildə iki fərqli etnosa ayrılmış çeçen və inquş, qaraçay və balkar, çərkəz kökənli adıq, kabarda, çərkəz, şapsuq, abaza, abxaz xalqları yenidən öz tarixi köklərinə bağlı şəkildə milli toparlanma yoluna üz tutublar. Faktik olaraq, inquş və çeçen, eləcə də türk kökənli qaraçay və balkar xalqlarının vahid bir etnos qismində birləşmələri üçün heç bir problem yoxdur. Bir vaxtlar bu xalqlara fərqli toplum anlayışlarını Kreml düşünüb. Lakin Kremlin bu siyasəti yaşarılıq qazanmayıb, bunun nə zamansa iflasa uğrayacağını dürüst hesablaya bilməmişdir. Bütünləşmə prosesi bu gün dil, din, kulturoloji mənada ağır durumda olan adıqe (çərkəz) kökənli toplumlar arasında da inkişaf etməkdədir.
Diaspor tarixi torpaqlara üz tutur
Rusiya Federasiyası qanunvericiliyində qeyd olunur ki, xaricdə yaşayan soydaşlar öz tarixi torpaqlarına istədikləri vaxt dönmək və daimi yaşamaq hüququna malikdir, onlara RF vətəndaşlığı isə dərhal verilməlidir. 2002-ci ildən bu günə kimi bu hüquqdan təkcə rus, erməni, norveç, fin, alman əsilli vətəndaşlar yararlanmışlar. Quzey Qafqaz kökənli toplumlar isə bu hüquqdan qeyri-rəsmi olaraq məhrumdur. Onların geri dönmələri üçün süni bürokratik əngəllər yaradılır. Orta Doğuda, xüsusilə İordaniya, Suriya, İsrail, Misirdə, eləcə də ABŞ, Türkiyə, Kanada, Avstraliya, Almaniya, Hollandiya, Fransa və digər ölkələrdə yaşayan çərkəzlərin vətənə dönüş üçün atdıqları addımlar hələlik heç bir nəticə vermir.
XIX yüzildə 50 ildən çox davam edən Qafqaz Savaşı dönəmində onminlərlə çərkəz ya soyqırıma məruz qalmış, ya da Osmanlıya köçmək zorunda qalmışlar. İndiki halda Quzey Qafqazda çərkəzlər öz tarixi torpaqlarında "milli azlıq" kimi qəbul olunur.
Təqribi hesablamalara görə, Orta Doğu, Balkanlar, Türkiyə, Kanada, Avropa, ABŞ, Afrika, Avstraliya daxil olmaqla, xaricdə 4 milyona yaxın çərkəz toplumları yaşayır. Onların yarıdan çoxu özəlliklə islam ölkələrində təbii assimilyasiyaya məruz qalsalar da, son illər çərkəz cəmiyyətlərinin təşəbbüsləri sayəsində yaradılan təhsil, dil öyrənmə mərkəzlərinin vasitəsilə milli və mədəni sahədə böyük bir inkişaf müşahidə olunur. İndi dünyanın hansı dövlətində yaşamasından asılı olmayaraq, çərkəz topluluqlarına məxsus xeyli sayda ictimai təşkilatlar fəaliyyət göstərir. Bu mərkəzlərin hamısında tarixi vətənə dönüş ən üstün səviyyədə təbliğ olunur. Bildirilir ki, çərkəzlərin bir etnos olaraq mövcudluğunun, bütün çərkəzlərin bir dövlət halında milli bütünləşməsinin tək yolu ancaq vətəndə, tarixi torpaqlarda mümkün ola bilər.
Bu gün əksər çərkəzlər qədim türk ənənəsi əsasında "Adıge Xase" (Çərkəz Şurası) kimi qurumlarda birləşiblər.
Bu şuralara isə nüfuzlu ziyalılar və ağsaqqallar rəhbərlik edirlər. İndiki halda müşahidə olunan əsas faktorlardan biri də budur ki, çərkəzlərin biznes çevrələri "Adıge Xase" təşkilatlarına özəl maraq göstərməyə başlayıblar. Almaniya, ABŞ, İsrail, İordaniya və Türkiyədə "Çərkəz İnstitutlar"ı yaradılmışdır. Bu strateji mərkəzlərin tədqiqatlarında açıq şəkildə qeyd olunur:
"Son 30 ildə Rostov, Krasnodar, Stavropol vilayətlərində və Kabarda-Balkar, Qaraçay-Çərkəz, Abxaziyada rus əhalisinin sayı sürətlə azalmaqdadır. Bu torpaqlarda süni şəkildə erməni, yunan, kürd və digər toplumların məskunlaşma prosesi baş verir. Rusiyanın Qafqazda mövqeləri tədricən daralır. Çərkəzlər gözlənilən bu boşluqdan yararlanaraq öz tarixi torpaqlarına sahib çıxmalıdır. Xaricdə yaşayan çərkəzlər bu hədəfləri nəzərə alaraq, heç bir aqressiv siyasi məqsədlər güdmədən vətənə dönüş hərəkatını gücləndirməlidir. Bütün dünyanın, beynəlxalq qurumların da dəstək verməsini təmin etmək üçün daha genişmiqyaslı təbliğat aparılmalıdır".
BMT, Avropa Birliyi və Avropa Şurasında "çərkəz masası"nın yaradılma təşəbbüsləri də bu amilə söykənir.
Rusiyaya təzyiqlər artır
Moskva özünün 450 illik Qafqaz siyasətinə hər hansı dəyişiklik etməkdə hələ ki həvəsli görünmür. Bölgənin bütün toplumları ağır sosial şəraitdə yaşamaq zorundadır. Bütün milli təşkilatlar 2000-ci ildən bu yana yasaq edilib. Milli dildə televiziya və radio yayımları faktik olaraq yox dərəcəsindədir. Bu xalqların etnik, tarixi və mədəni köklərini araşdıran mərkəzlərə dövlət dəstəyi qapadılıb. Milli və dini kimlik mərkəzləri ciddi nəzarət altındadır.
Bu gün çərkəz kökənli toplumlar xristian, islam və əski Gök Tanrı inanclarına tapınır. Bölgələri idarə edən keçmiş ateist-kommunist ordusu da milli konsolidasiya hədəflərinə sarsıdıcı zərbələr vurmaqdadır. Bununla belə, problemin həlli yolunda "XIX yüzildə baş vermiş Qafqaz Savaşında Rusiyanın çərkəzləri soyqırıma məruz qoyması" faktorundan heç kim yayına bilmir. Məhz bu "soyqırım" tarixi bütün çərkəz toplumlarının toparlanması və bütünləşməsi yönündə ən böyük faktora çevrilibdir.
Son iki ildə Adıge Xase təşkilatlarının (istər Rusiyada, istərsə də xaricdə) bir araya gələrək "Çərkəz soyqırımı"nın tanınması istiqamətində ciddi şəkildə hərəkətə keçməsi, 2014-cü il Soçi Qış Olimpiya Oyunları ərəfəsində bu soyqırımın 150 illik tarixinin qeyd olunması tələblərinin artması çox düşündürücüdür. Bu yöndə Avropa Birliyi Parlamentində son iki ildə üç dəfə xüsusi dinləmələr keçirilməsi, Avropa Şurasında "Çərkəz Həftəliyi"nin baş tutması, İstanbulda "Çərkəz Dərnəkləri Ümumdünya Federasiyası"nın yaradılması, dünya çərkəzlərinin vahid televiziyası olaraq "Nart TV" kanalının İordaniyadan yayıma başlaması əslində "çərkəz masası"nın tərkib hissəsi olaraq görülür.
"Dünya Çərkəzləri Konqresi", "Adıge Xabl", "Adıge Xase" və digər çərkəz təşkilatları Rusiyaya təzyiq vasitəsi olaraq "Çərkəz soyqırımı"nın tanınması üçün beynəlxalq məhkəməyə üz tutmağı düşünürlər. Onlar soyqırımları sübut və təsdiq edə biləcək bütün sənədləri elə Rusiyaya məxsus arxivlərdən əldə etmişlər. Beynəlxalq məhkəmənin bu soyqırımın tanınması barəsində qərar verəcəyi təqdirdə, Rusiya xaricdə yaşayan 4 milyonluq çərkəzə ya kompensasiya verməli, ya da güzəşt olaraq, onların hamısının öz tarixi vətənlərinə dönmələri barəsində qərarı təsdiq etməlidir.
Öz növbəsində, beynəlxalq qurumlar "Rusiya xaricdə yaşayan çərkəzlərə şərait yaratmalıdır ki, kim öz tarixi torpaqlarında yaşamaq istəyirsə, ona maneə törədilməsin" tipli yumşaldıcı təklif irəli sürmüşlər. Bu qurumlar Rusiyanın ən azından humanitar siyasətə üz tutaraq Balkanlar, Suriya, İraq və Misirdə baş verən olayları nəzərə almaqla, heç olmasa çərkəz ailələrinin öz torpaqlarına dönmələrinə şərait yaradılmasına dəstək olmasını istəmişlər.
Rusiya bu təkliflərə hələ ki soyuq yanaşır. Kremlin belə bir mövqeyi xaricdə və ölkə daxilində yaşayan çərkəzlərin haqlı narazılığına səbəb olmuşdur.
Rusiyanın Qafqaz siyasəti texnoloqları beynəlxalq təzyiqlərdən yayınmaq üçün süni "radikal islamçı" və "terrorçu" siyasətinə üz tutublar. Ölkənin mühafizəkar və neoimperiya çevrələri güc nazirlikləri vasitəsilə hələlik bu taktikadan məharətlə istifadə edirlər. Dağıstan, Çeçenistan, İnquşetiyadan sonra, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgeydə yaradılmış "Milli Antiterror Mərkəzləri" bu siyasətin tərkib hissəsi qismində hərəkət edirlər. Davamlı şəkildə idarə olunan "terrorçu ovu", "teraktlar" və digər radikal addımlara qarşı antiterror əməliyyatları aparılması heç də gələcək perspektivlər üçün yaxşı nəsə vəd etmir.
Rusiya bölgədə psixoloji müstəvidə üstün mövqedə olsa da, xalqların müqavimət potensialı artmağa başlayıb. Beynəlxalq insan haqları qurumları regionda vətəndaş cəmiyyəti qurulması tələblərində israr edirlər. Rusiyaya bu kimi təzyiqlərin artması çərkəzlərdə və onlara məxsus ictimai qurumlarda bir inam oyadıb.
Psixoloji savaşda Moksva-Qərb qarşıdurması
Moskvada yaradılmış və buradan idarə olunan Yuriy Kalmıkov adına "Ümumdünya Çərkəz Assosiasiyası", "Rusiya Adıge Xase Təşkilatları Federasiyası", "Moskva Adıge Mədəniyyət Mərkəzi" və digər ictimai qurumlar Quzey Qafqaz bölgələrindəki yerli hakimiyyət tərəfindən müdafiə olunsalar da, hələ ki onların fəaliyyəti heç bir effekt vermir. Çünki Quzey Qafqazda çalışan yerli "Adıge Xase", "Çərkəz Konqresi", "Dünya Çərkəzləri Qardaşlığı", "Dünya Çərkəz Gəncləri Hərəkatı", "Adıge Xabl", "Nart" və digər ictimai qurumlar əhalinin sosial, mədəni və digər hüquqlarının pozulması yönündə hər gün bu hadisələrin canlı şahidləridir.
Tarix elmləri doktoru, professor Anzor Kuşxabiyev deyir: "Moskvada çərkəz xalqları adına yaradılan bütün təşkilatların nə Quzey Qafqaz, nə də xaricdə yaşayan soydaşlarımıza bir bağlılığı var. Bu qurumları yaradanlar bizim milli faciəmiz üstündə zənginləşmiş etnoklan mafioz dairələrdir. Onları heç doğulub boya-başa çatdıqları kəndlərində belə hesaba alan yoxdur. Bu zənginlər əllərindəki sərvətləri öz regionlarının sosial-iqtisadi şəraitinin yaxşılaşmasına, bir sıra yatırımlara sərf etsəydilər, onları hamı müdafiə edərdi. İşsizlik və sosial problemlərə görə gənclərin Rusiyanın digər regionlarına axını da güclənmişdir. Xaricdəki soydaşlarımız bizim bölgələrə yatırımlar qoymaq üçün çox təşəbbüslər irəli sürdülər. Nəticədə elə miqdarda rüşvətlər tələb etdilər ki, onlar baş götürüb qaçdılar".
Son üç ildə Rusiya prezidenti Dmitri Medvedev "Quzey Qafqaz regionlarının inkişafı" üçün bir sıra təşəbbüslər irəli sürsə də, hələ ki bütün bunlar öz reallığını tapmayıb. Bir tərəfdən Moskvadakı mühafizəkar çevrələr, digər yandan isə Qərbə məxsus iri şirkətlər öz strateji hədəflərinin təmin olunması üçün Quzey Qafqazda üz-üzə durublar.
Yerli xalqlar, təbii olaraq, Moskvanın apardığı siyasətdən hər ötən gündə daha çox narazı olduqlarını bildirməkdədir. Gürcüstanın Anakliya qəsəbəsində (Abxaziya ilə sərhəddə) "Çərkəz soyqırımı" abidəsinin qoyulması qərarı, bu ölkənin parlamentində "Çərkəz soyqırımı"nın rəsmən tanınması, Tiflisdə açılan "Çərkəz Mədəniyyət Mərkəzi", hər il Türkiyədə "Çərkəz Mədəniyyəti Günləri"nin keçirilməsi, Berlin Universitetində (Almaniya) və Nyu-Cersi Universitetində (ABŞ) "Çərkəz İnstitutu"nun yaradılması, Belçikada "Avropa Çərkəz Təşkilatları Federasiyası"nın qurulması və digər elmi, ictimai mərkəzlərin fəaliyyətləri, bu mərkəzlər vasitəsilə çərkəz xalqlarının tarixi, dili, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti, musiqisi və digər sahələrdə tədqiqatlar aparılması, elmi konfranslar, Quzey Qafqazda yaşayan çərkəzlərin problemlərinin beynəlxalq səviyyədə qaldırılması "Çərkəz masası"nın tərkib hissəsi hesab olunur.
Quzey Qafqazda çərkəz topluluqları bu masaya inanmağa başlayıblar. Çünki Rusiya daxilində indi mövcud olan ağır sosial, iqtisadi siyasət, antiqafqaz dalğası, kilsə və radikal rus milliyyətçiliyinin öz məcrasını dəyişməsi, federal dövlət modelinə uyğun qanunların işləmədiyi, digər etnoslara münasibətlərin artıq etnik müstəviyə keçdiyi fərqli situasiyalar doğurur.
Bundan başqa, Dağıstan, Çeçenistan və İnquşetiyada mövcud olan "vətəndaş müharibəsi"nə bənzər xalqların mərkəzi hökumətə qarşı itaətsizliyi tendensiyası Quzey Qafqazın digər regionlarına da sirayət etməkdədir. Qaraçay-Çərkəzdəki "Çərkəz Konqresi" təşkilatından Kase Kika haqlı olaraq deyir:
"Rusiya Qafqaza işğalçı kimi gəlmişdir və işğalçı kimi də geri dönməlidir. Biz qanunlarda yer alan hüquqlarımıza sahib dura bilmiriksə, Moskva buna ciddi şəkildə mane olursa, uzun illərdir ağır sosial-iqtisadi şəraitdə yaşamağa məhkum edilmişiksə, bütün bunların bir sonu olmalıdır".
|
|
|
|
|
|
|
|
|