Brüsseldə yerləşən Təhlükəsizlik və Müdafiə Gündəmi təşkilatı Azərbaycan Kommunikasiya Ofisi ilə birgə "Azərbaycan xarici işlər naziri ilə söhbət" mövzusunda debat təşkil edib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) APA-ya verilən məlumata görə, debata Brüsseldə yerləşən beynəlxalq qurum, QHT, media və diplomatik korpusları təmsil edən 110-dan artıq iştirakçı qatılıb.
Debatda xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın 20 il bundan əvvəl Sovet İttifaqından ayrılması və müstəqillik qazanmasından sonra keçdiyi yol, bu dövr ərzində beynəlxalq səhnədə aktiv dövlət statusuna nail olması, zəngin enerji ehtiyatlarına mənsub olduğu üçün enerji və digər sahələrdə qonşu dövlətlərlə münasibətlərinin qurulması, Xəzər dənizinin statusunun müəyyən edilməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki durumu, AB - Azərbaycan və NATO - Azərbaycan münasibətləri barədə məlumat verib. Azərbaycanın Əfqanıstanda həm hərbi kontingentini yerləşdirməklə, həm də humanitar yönümlü proqramlarda iştirakı ilə Qərb ölkələri və NATO alyansına yardım etməsini söyləyən nazir 2014-cü ildə bütün hərbi birləşmələrin Əfqanıstandan çıxarılma planlarını düzgün olmayan qərar kimi qiymətləndirib, xarici qüvvələrin Əfqanıstandan çıxarılacağı təqdirdə ölkənin yenidən xaos və daxili münaqişələr meydanı olabilmə təhlükəsini vurğulayıb. Nazir buna misal olaraq, sovet qoşunlarının Əfqanıstandan çıxmasından sonra Nəcibulla hakimiyyətinin aqibətini göstərib.
Debatda iştirak edən Avropa Komissiyası, Avropa Parlamenti və müxtəlif strateji araşdırma mərkəzlərindən olan nümayəndələr nazirə Azərbaycanın iqtisadiyyatı, enerji sektoru, Avropanın enerji təhlükəsizliyində rolu, Dağlıq Qarabağ münaqişəsində Avropanın rolunun artırılması barədə suallar veriblər. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün ən ağrılı və prioritet məsələ kimi qaldığını deyən Məmmədyarov Azərbaycanın sülh danışıqları yolu ilə münaqişənin həll edilməsinə ümidini hələ də itirmədiyini deyib. O, "bizim sülh yolu ilə əldə edə biləcəyimizlə müqayisə etdikdə, hətta bir gənc əsgərin həyatı ödənilməsi çox yüksək olan bir qiymətdir", deyə vurğulayıb.
Məmmədyarov iqtisadiyyat xəbərləri üzrə ixtisaslaşan dünyanın ən aparıcı telekanallarından olan Bloomberg TV-yə canlı yayımda müsahibə verib. Müsahibənin videosu "Vaşinqton Post" qəzetinin saytında da yerləşdirilib. "World Street Journall" isə müsahibə əsasında geniş məqalə hazırlayıb.
Bundan öncə isə Məmmədyarov Belçika Krallığının paytaxtı Brüsseldə Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinə (İSAF) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb. XİN mətbuat xidmətindən AYNAya verilən məlumata görə, görüşdə NATO ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Appaturay NATO-nun Azərbaycanın İSAF-ın işinə verdiyi töhfəni yüksək qiymətləndirdiyini vurğulayıb.
Xüsusi nümayəndə Məmmədyarovun İSAF-a töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasındakı çıxışını da yüksək qiymətləndirib.
Məmmədyarov iclasda çıxış edərkən bildirib ki, Əfqanıstandakı mövcud vəziyyət regional və qlobal təhlükəsizliyə ciddi şəkildə təsir edir. "Təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək və Əfqanıstanla qardaş əlaqələri nəzərə alaraq, Azərbaycan Əfqanıstanda təhlükəsizliyin, sabitliyin və rifahın bərqərar olması üçün lap əvvəldən öz töhfəsini verməkdədir", - deyən XİN başçısı bildirib ki, coğrafi mövqeyi və mövcud infrastruktur Azərbaycanı regionun mühüm tranzit ölkəsinə çevirib:
"İSAF əməliyyatları üçün zəruri olan mallar və canlı qüvvə həm Azərbaycanın quru ərazisindən, həm də hava məkanından istifadə etməklə Əfqanıstana daşınır. Bu tranzitin həcmi ilbəil artmaqdadır".
Nazir bildirib ki, ötən onilliyin təcrübəsi sübut etdi ki, Əfqanıstanda davamlı sülh və sabitliyə nail olmaq üçün hərbi yardım kifayət deyildir. Bu mövqedən çıxış edərək, Azərbaycan Əfqanıstanla qeyri-hərbi sahədə əməkdaşlıq üçün töhfə verməkdədir. Əfqanıstanın mülki və hərbi qulluqçularına təlimlər vermək üçün praktiki layihələr həyata keçirilməkdədir. ANAMA ərazilərin minadan təmizlənməsi sahəsində Əfqanıstanlı mütəxəssislərə həm Əfqanıstanda, həm də Azərbaycanda təlimlər keçib.
Onun sözlərinə görə, Azərbaycan Diplomatik Akademiyası hər il əfqan diplomatlar və dövlət qulluqçuları üçün "Xalq diplomatiyası", "Qanunun aliliyi", "Yaxşı idarəçilik" və "Keçid dövründə idarəetmə" mövzularında təlimlər təşkil edir. MTN terrorizmə qarşı mübarizə sahəsində kurs, DSX isə Əfqanıstan və Mərkəzi Asiya sərhəd xidmətlərinin iştirakı ilə seminar keçiriblər. Məmmədyarov bildirib ki, Azərbaycanın digər qurumları da əfqan polis və hərbi qulluqçuları da daxil olmaqla Əfqanıstan rəsmiləri üçün müvafiq təlim proqramları həyata keçirməyə hazırdır:
"Azərbaycan beynəlxalq ictimaiyyətin və Əfqanıstan Hökumətinin regionda narkotik vasitələrin axını ilə bağlı narahatlığını bölüşür. Əfqanıstan hökumətinin koordinasiyası və maraqlı ölkələrin iştirakı ilə Azərbaycan narkotik vasitələr axınının qarşısını almaq üçün layihələrdə iştirak edə bilər. Əfqanıstandakı keçid dövrünü qəti şəkildə dəstəkləyirik. Əfqanıstanın rəhbərliyinin səyləri və ortaya qoyulan iradə bu sahədə müvəffəqiyyətə aparacaqdır. Biz düşünürük ki, milli barışıq ümumi sabitliyə nail olmağın əsas elementidir və buna nail olmaq üçün Əfqanıstan hökuməti səylərini davam etdirməli, beynəlxalq ictimaiyyət isə bunu dəstəkləməlidir".
Məmmədyarov bildirib ki, Azərbaycan ISAF-ı mülki şəxslərin itkisinin azalması üçün səyləri artırmağa çağırır. "Humanitar cəhətlə yanaşı, bunun siyasi əhəmiyyəti də vardır. Yerli mədəni və dini adət-ənənələrə uyğun olan davranış üçün səylərin artırılması həm Əfqanıstanda, həm də ondan kənar ərazilərdə ISAF-ın ictimaiyyət tərəfindən qəbul edilməsini xeyli artıracaqdır".
Məmmədyarov bildirib ki, Azərbaycan Əfqanıstanın iqtisadi inkişafında marağı olan bir ölkə kimi, Əfqanıstan Hökuməti tərəfindən təklif olunan investisiya layihələri üzərində işləyə bilər:
"Hazırda Əfqanıstana investisiya qoyan və bu ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətlərimiz vardır".
|