Dekabrın 25-də Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin rəsmi təqdimetmə mərasimi planlaşdırılıb. Sistemin işlək vəziyyətə gətirilməsi üçün son tamamlanma işləri gedir. Sistemin işləməsi ilə paytaxt ərazisində tıxacların aradan qaldırılacağı, nəqliyyatda təhlükəsizliyin təmin ediləcəyi, vaxt itkisinin qarşısının alınacağı iddia edilir. Bənzər sistem bir çox inkişaf etmiş ölkələrdə sınaqdan keçirilib və müsbət nəticələr verib.
Müstəqil iqtisadçı-ekspert Akif Nəsirov metroda gediş haqqının qalxmasının avtobuslarda bənzər halın yaranmasına zəmin yaratmadığını deyir:
"Ona görə ki, dekabrın 1-də metro qiymətinin 5 qəpik qalxması avtobus sərnişinlərinin sayını artıracaq. İndiyə kimi 5 qəpiyə qənaət edən sərnişinlər bu halda seçim qarşısında qalarkən avtobusa daha çox üstünlük verəcəklər. Çünki yerüstü nəqliyyat təhlükəsizlik baxımından daha məqsədəuyğundur. Belə olan təqdirdə avtobus nəqliyyatının yükü və təbii ki, gəlirləri də artacaq".
Ekspert İntellektual İdarəetmə Sistemi ilə marşrutlarda qiymətlərin qalxması arasında heç bir əlaqənin olmadığını bildirdi:
"Bunlar tamamilə fərqli şeylərdir. İntellektual İdarəetmə Sistemini tətbiq edən dövlətdir. Bunun üçün lazımi xərclərin hamısını dövlət özü çəkir. Nəqliyyata isə ancaq turnaket və qəbuledici almaq qalır. Bu sistemə keçid marşrut avtobuslarının qiymətinin artması üçün iqtisadi əsas ola bilməz".
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Sərnişin Nəqliyyat" MMC ilə də əlaqə saxladıq. Qurumdan bildirdilər ki, marşrut avtobuslarında bahalaşma gözlənilmir. "İntellektual İdarəetmə Sistemi qiymət artımına səbəb ola bilərmi?" - sualına cavab olaraq da, bunun gözlənilən olmadığı bildirildi.
|