Dünya Bankının hesablamalarına görə, dünya maliyyə böhranının təsiri nəticəsində bu il miqrantların göndərdikləri pullar 15 faizədək azalıb. Açıqlamada bildirilir ki, 2007-2008-ci illər ərzində bu prosesdə sürətlə artım müşahidə edilirdi. Məsələn, 2008-ci ildə inkişaf etməkdə olan ölkələrə ümumilikdə 328 milyard dollar pul göndərilib. Xaricdə işləyənlərin ən çox pul göndərdiyi ölkələr Hindistan, Çin və Meksikadır. Ötən il təkcə bu ölkələrə xaricdən 120 milyard dollar daxil olub. Bəzi ölkələr isə xaricdən gələn pullardan asılıdır. Məsələn, Tacikistanda yaşayış xərclərinin az qala yarısı xaricdə işləyənlərin qazancından asılıdır.
Xaricdən işləməyə gələnlərə qarşı ən pis münasibət Rusiya və Britaniyadadır. Xüsusilə Rusiyada işsizliyin artımı bura işləməyə gələn keçmiş SSRİ ölkələri vətəndaşlarının iş tapmasını çətinləşdirib.
Yeri gəlmişkən, Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ölkədə çalışan miqrantların vətənlərinə göndərdikləri pulun orta məbləği 30 faiz azalıb. Yəni əgər ötən il Rusiyadan MDB-yə hər göndərişin orta məbləği 600 dollar idisə, indi bu rəqəm 418 dollara enib.
Qlobal maliyyə böhranı ilə yanaşı, azərbaycanlıların Rusiyada qalmalarını gərginləşdirən bir səbəb də "Çerkizov" bazarının bağlanmasıdır. Bazarın bağlanmasından sonra sahibkarlara mağaza və konteynerlərdə qalan əmlaklarını çıxarmağa imkan verilməyib.
Rusiya Federal Miqrasiya Xidməti isə işsiz qalan miqrantların öz ölkələrinə deportasiya edilməsini vacib sayır. Rusiya tərəfi belə hesab edir ki, miqrant işdən çıxıbsa və Moskvada işsiz yaşayırsa, dövlət hesabına olsa belə, mütləq öz ölkəsinə yola salınmalıdır.
Məsələyə münasibət bildirən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Rusiyada işsiz qalan azərbaycanlıların böyük bir hissəsinin vətənə qayıdacağını inandırıcı saymır:
"Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti orada kirayədə yaşayır və bazarlarda çalışır. Buna görə də bir bazarın bağlanması ilə kütləvi axın olacağı inandırıcı deyil. Bu ərazidə işlərini itirən azərbaycanlılar başqa yerdə iş tapa bilir. Digər tərəfdən, uzun müddətdir orada yaşayan həmin şəxslər müəyyən dərəcədə Rusiyaya bağlanıb. Ailəlidirlər, uşaqları orada təhsil alır. Yalnız Rusiyada qanunsuz yaşayan miqrantlar geri qaytarıla bilər ki, onların da arasında azərbaycanlılar çox deyil".
Rusiyada əmək miqrantlarının sayının azaldılmasına və onların qeydə alınmasının çətinləşdirilməsinə münasibət bildirən Əlövsət Əliyev bunun da azərbaycanlılara ciddi problem yaratmadığını bildirdi: "Rusiya ərazisinə gedən keçmiş SSRİ vətəndaşlarının miqrasiyası ilə bağlı dövlət proqramı qəbul edilib. Keçmiş sovet respublikalarından olan vətəndaşlar RF-in ayrı-ayrı ərazilərində 6 aydan az olmamaq şərtilə məskunlaşa və qısa müddətdə vətəndaşlıq ala bilərlər. Bu, daha mükəmməl proqramdır və həmin vətəndaşlardan əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə tələb olunmur. Bu da azərbaycanlıların Rusiyada iş tapmasına mane olmayacaq".
|