Minimum əməkhaqqı və müəllimlərin məvaciblərinin ardınca səhiyyə işçilərinin, elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin də əməkhaqqları 10 faiz artırıldı. Bu artım ilin əvvəlindən proqnozlaşdırılırdı. Lakin bəlli olmayan səbəblərdən yubandı. İqtisadçı Vüqar Bayramovun fikrincə, son artım qərarı dekabrda verildiyindən adi qərar kimi dəyərləndirilməməlidir:
"İstər Azərbaycanda, istərsə də digər ölkələrdə nadir hallarda ilin son ayında belə bir qərar verilir. Düşünürəm ki, əməkhaqqı artımları indiki halda dövlət büdcəsindəki profisitlə bağlıdır. Neftin dünya bazar qiymətinin qalxması, eləcə də dövlət büdcəsinə əlavə dəyişiklik olunması büdcədə profisit yaradıb. Bu, artıq vəsaitin ilin sonuna qədər xərclənmə məsələsini gündəmə gətirib. Digər tərəfdən, dekabrda əməkhaqqı artımlarına getməklə artımın yükü daha çox 2012-ci ilin büdcəsi üzərinə qoyuldu. Belə ki, 2012-ci ilin büdcəsində onsuz da ciddi əməkhaqqı və pensiya artımları proqnozlaşdırılmayıb. 2011-ci illə müqayisədə sosial müdafiə-təminat xərclərində 169,8 milyon manat artım baş verib. Büdcədə sözügedən xərclərin payı cəmi 10 faiz təşkil edir".
Son əməkhaqqı artımlarının 10 faizlə ifadə edilməsinə gəlincə, V.Bayramov bildirir ki, istər müəllimlər, istərsə də həkimlər az məvacib alan kateqoriya hesab edilirlər:
"Artımlar spesifik sektorları əhatə etdiyindən daha yüksək faizlə ifadə edilməsi mümkün idi. Əməkhaqqı artımlarının 10 və ya 20 faiz təşkil etməsi istehlak bazarı üçün əhəmiyyətli deyil. Bu kateqoriya işçilərin istehlak bazarına və ya bazardakı qiymətlərin artımına təsir imkanları kifayət qədər məhduddur. Çünki bu sferalarda çalışanların məvacibləri ölkə üzrə orta aylıq əməkhaqqından aşağıdır".
|