Azərbaycan Milli Hökuməti - 66
 |
Azadlıq idealı məntiqi sonluğuna qovuşmalıdır
Şənbə, 10.12.2011
|
|
Düz 66 il öncə, sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsi 12 maddəlik bəyanatla türklərin varlığını elan edib. Firqə xalqı öz müqəddəratını təyin etmək məqsədilə səfərbər edərək dekabrın 12-də milli demokratik hərəkatın qələbəsinə nail olub. O il milli hökumət Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etmiş, milli ordunun yaranması haqda qərar vermiş, torpaq islahatı keçirmiş, milli filarmoniya açmış, İran və Güney Azərbaycan tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq vermiş, onların seçib-seçilmək hüququnu tanımış, ibtidai siniflərdə və ali məktəblərdə türk dilli təhsili təmin etmişdir.
Azərbaycanlıların milli özəlliklərini nəzərə alaraq, burada əyalət və vilayət şuralarının təşkili o bəyannamənin ilk maddəsində əksini tapmışdı. Bu, separatçılıq deyildi, bu işlər İran dövləti çərçivəsində qalmaqla yürüdülürdü. Təbriz, Güney Azərbaycan dünya mediasının aparıcı mövzusuna çevrilmişdi.
1945-ci il oktyabrın 1-də Azərbacan Demokrat Firqəsinin I qurultayı Azərbaycan türklərinin milli tələblərini özündə ehtiva edən məramnamə və nizamnamə qəbul etdi. Sənəddə türk dilinin əyalətdə rəsmi idarə və tədris dili olması tələb edilirdi.
1945-ci ildə dekabrın 12-si ərəfəsində firqə Təbrizdə qurultay çağırır. Azərbaycanın bütün kənd və şəhərlərindən olan nümayəndələr orada iştirak edir. Qurultay qərara alır ki, milli hökumət yaransın. Milli qurultay BMT-yə, İran Milli Məclisinə və şaha müraciət qəbul edir. Qurultayda Azərbaycan türklərinin milli hüquqlarının əldə edilməsi məsələsi qaldırılır. Qurultaydan az sonra fədailər bütün Azərbaycanda hakimiyyəti ələ keçirdilər.
Təbrizdəki İran qarnizonu 1945-ci il dekabrın 12-də təslim oldu. General Derəxşəni Pişəvəri ilə təhvil-təslim aktı imzaladı.
Beləliklə, Azərbaycanda Milli Hökumət quruldu. Pişəvəri baş nazir oldu. Seçkilər keçirildi. Onun baş nazirliyi yaranmış məclisdə təsdiqləndi.
S.C.Pişəvəri proqramla çıxış etdi. Proqramda torpaq islahatı, təhsil, bir sözlə, həyatın bütün sahələri üzrə məsələlər öz əksini tapmışdı. Təhsildə islahat aparıldı. Təbriz Universitetinin binasını Milli Hökumət tikdi. Məktəb və ali təhsil ocaqlarında dərslər Azərbaycan türkcəsində keçirilirdi. Ana dilində olan 1-4-cü sinif dərslik kitabları qısa bir müddət ərzində çap olundu. Milli filarmoniya və teatr fəaliyyətə başladı.
Təbrizdəki bu binanı indiki hakimiyyət 1979-cu il inqilabından bir müddət sonra sökdü. Yerində namaz üçün yer tikdilər. İranda qadınlar seçib-seçilmək hüququnu ilk dəfə o zaman aldılar. Dövlət müəssisələrində bütün dəftərxana işləri Azərbaycan türkcəsində aparılırdı. Qısa bir müddət ərzində ordu yarandı. Poeziya, ədəbiyyat, ədəbi dil intibah çağını yaşayırdı. Şairlər, aşıqlar Azərbaycanı tərənnüm edirdi, irtica, faşizm tənqid edilirdi. Qısası, bir il ərzində şüurlarda çox böyük dəyişiklik oldu, çox böyük işlər görüldü.
İndiki Azərbaycan Milli Hərəkatı ilə o vaxtkı hərəkat arasında bənzər cəhətlər az deyil. İndiki tələblər, ədəbiyyatın və incəsənətin ruhu 1945-46-cı illəri çox xatırladır...
Güney Azərbaycan türkü o vaxt 30 mindən çox şəhid verib. 300 mindən çox azərbaycanlı İranın 50 dərəcə istisi olan səhralarına sürgün olunub. 7 minə yaxın güney azərbaycanlı isə məcburən Quzey Azərbaycana mühacirət edib. Bu taya gəlməkdə məqsəd toparlanaraq milli idarəçiliyi yenidən bərpa etməkdi...
O vaxt Böyük Britaniya və Amerika bizim xalqın bu təbii istəyini qəbul etmədi, yeganə dəstəyimiz olan Moskva bizi taleyin ümidinə buraxmaq o yana, şah qüvvələrinə və beynəlxalq güclərə müqavimətə əngəl törətdi. Milli Hökumətə vəd etdiyi silah-sursatı vermədi.
Bu qüvvələr Güney Azərbaycanı məğlubiyyətə düçar etdi. Nailiyyətlərin üstündən qara bir xətt çəkildi. Türkcə məktəb dərslikləri küçələrdə yandırıldı. Türk dilində tədris yenidən yasaq olundu və bu gün də yasaqdır.
Görəsən, o vaxt Tehrana arxa, dayaq olmuş Vaşinqton və London çox sonralar - ABŞ 1978-ci ildə bu ölkədən böyük bir həqarətlə qovulanda anladılarmı? İnandırıcı deyil. Bizim günlərdə Britaniya Tehranda eyni həqarəti yaşadı. Nə qədər ibrətverici hadisələr idi bunlar...
Millətimizə qarşı yönəlmiş 1946-cı il vəhşəti azadlıq idealını yaddaşlardan silə bilmədi. Bu ideallar Azərbaycan türkünün qəlbində yaşamaqdadır. Bu ideal öz məntiqi sonluğuna qovuşmalıdır.
|
|
|
|
|
|
|