Bu il Azərbaycan vətəndaşı olan 6 uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümovanın "Trend"ə bildirdiyinə görə, uşaqlardan 3-ü Rusiya vətəndaşı olan azərbaycanlılara, 1-i Türkiyə, 1-i Fransa, 1-i isə ABŞ vətəndaşına övladlığa verilib. Rusiya vətəndaşları tərəfindən övladlığa götürülənlər övladlığa götürənin yaxın qohumlarıdır (qardaş və bacılarının uşaqları).
Sektor müdiri bildirib ki, Fransa vətəndaşına övladlığa verilən uşaq sifilis xəstəsi olub, ABŞ vətəndaşına verilən uşağın isə bir qolu inkişafdan qalıb. "Bu uşaqlar əvvəlcə Azərbaycan vətəndaşlarına övladlığa götürmə üçün təqdim olunsa da, xəstə və fiziki qüsurlu olduqları üçün onlardan imtina olunub" - Mövsümova bildirib. Onun sözlərinə görə, 2007-2011-ci illərdə komitə tərəfindən 15 ailə tərəfindən 16 uşaq övladlığa götürülüb. Azərbaycandan uşaq övladlığa götürənlər sırasında Rusiya, Türkiyə, Fransa, ABŞ, Belçika, Ukrayna, Hindistan, İrlandiya vətəndaşları var.
Uşağı övladlığa götürən ailə və övladlığa götürməni həyata keçirən agentliklər komitənin tələbilə 3 il ərzində 6 aydan bir olmaqla ildə iki dəfə uşağın həyat şəraiti, inkişafı, təhsili və s. barədə məlumatları hesabat formasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir. Bu hesabatlara həmin uşaqların həyat tərzini, yaşayışını özündə əks etdirən fotoşəkillər, videogörüntülər və rəsmi orqanların bu uşaqların sağlamlığı, həyatı və s. haqqında sənədləri daxildir. Bu sənədlər vasitəsilə uşağın yaşam şəraiti ilə tanış olmaq mümkündür.
Mövsümova bildirir ki, indiyədək komitə tərəfindən xarici vətəndaşlara övladlığa verilən uşaqların cinayət xarakterli məqsədlər üçün istifadə olunması ilə bağlı fakt qeydə alınmayıb. Onun sözlərinə görə, komitə gələcəkdə övladlığa götürən ailələr və övladlığa verilən uşaqlarla Bakıda görüşlər planlaşdırır.
Övladlığa götürmə ilə bağlı çoxsaylı müraciətlər var. Sektor müdiri bildirib ki, sənədləri Azərbaycan qanunvericiliyinə və "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyasına uyğun olan əcnəbilərin müraciətləri icraata qəbul edilir.
Hazırda uşaq götürmək üçün 12 ailə qeydiyyatdadır, bir neçə ailənin isə sənədləri araşdırılır. Qeydiyyatda olanlar ABŞ, Fransa, İngiltərə, Rusiya, Danimarka vətəndaşlarıdır.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir. Dövlətlərarası övladlığa götürmə məsələsi Azərbaycan Konstitusiyası, Ailə Məcəlləsi və Mülki Prosessual Məcəlləyə əsasən tənzimlənir:
"Əcnəbi vətəndaşın övladlığa uşaq götürməsi zamanı bir sıra şərtlər nəzərə alınır. Əvvəla, uşaq yalnız o zaman əcnəbiyə övladlığa verilir ki, həmin uşağı azərbaycanlı ailə istəməsin. İkincisi, qohumları uşağın əcnəbiyə övladlığa verilməsinə etiraz edə bilər. Üçüncüsü, əcnəbi şəxsin azərbaycanlı uşağı övladlığa götürməsi yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı ilə məhkəmə qərarı əsasında mümkündür".
Mövsümova deyir ki, yerli şəxslərin övladlığa uşaq götürməsilə müqayisədə əcnəbinin bu addımı atması xeyli çətin prosedurdur. Bütün sənədlər və digər məsələlər qaydasındadırsa, bu işə 5-6 ay vaxt gedir. Bəzi hallarda 10-12 ay uzanır:
"Hazırda bizdə övladlığa uşaq götürmək istəyən əcnəbi ailələr qeydiyyata dayanıb. Əsasən ABŞ vətəndaşlarından müraciət alırıq. Fransa, İngiltərə, İsveçrə, İtaliya, İsrail və Avstriya vətəndaşlarından da müraciətlər var".
Mövsümova onu da əlavə edir ki, uşaqların övladlığa verilməsilə bağlı "Uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraiti, tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında" qaydalar hazırlanır. Qaydalar Azərbaycan vətəndaşı olan uşağın daxili övladlığa götürülməsi, Azərbaycan vətəndaşı olan uşağın Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayanlar tərəfindən övladlığa götürülməsi və övladlığa verilən uşağın sonrakı yaşam şəraiti, tərbiyəsinə nəzarət prosesini tənzimləyəcək.
Sektor müdiri bildirib ki, övladlığa verilmə prosesi "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyası, ailə və mülki məcəllələr, ayrı-ayrı qanunların müddəaları, Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. O bu sahədə vahid sənədin olmadığını və Qaydaların hazırlanma zərurətinin meydana çıxdığını deyib.
Qaydaların hazırlanma prosesi ilin sonunadək yekunlaşacaq və baxılmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdirinin sözlərinə görə, Nazirlər Kabinetinin son qərarı ilə elektron xidmətlərin siyahısı təsdiqlənib. Hökumətin qərarı ilə bundan sonra ölkədaxili övladlığa götürmə ilə bağlı müraciətlər komitəyə ünvanlanacaq. Komitənin internet saytında (http://www.scfwca.gov.az) elektron xidmətlər bölümü bir müddət əvvəl yaradılıb.
Bölmədə Azərbaycanda ölkələrarası övladlığa götürmə ilə əlaqədar prosedur, övladlığa götürmə üçün tələb olunan sənədlər, övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı və bu sahədə qəbul edilmiş Konvensiya yerləşdirilib.
Sektor müdiri bildirib ki, komitə elektron xidmətin həyata keçirilməsinin inzibati prosedurunu müəyyənləşdirən reqlament hazırlayıb qəbul edəndən sonra ölkələrarası və ölkədaxili övladlığa götürmə ilə bağlı müraciətin elektron forması və ölkədaxili övladlığa götürmə ilə bağlı prosedur, tələb olunan sənədlər və digər məlumatlar elektron xidmətlər bölməsində yerləşdiriləcək.
Daxili işlər, ədliyyə nazirlikləri və bir sıra qurumların rəsmi internet saytlarında elektron xidmətlər bölməsi artıq fəaliyyətdədir.
|