Azərbaycan minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırır və bu da beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. APA- nın məlumatına görə, bunu Azərbaycanda mina və kasetli silahların yaratdığı problemlərə həsr olunmuş dəyirmi masada Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O, Azərbaycan və Ermənistanın həm piyadalar əleyhinə, həm də kasetli silahlar əleyhinə konvensiyaya eyni vaxtda qoşulmasını təklif etdiklərini bildirib: "Belə presedent Türkiyə və Yunanıstan arasında mövcuddur".
Səfixanov qeyd edib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən aparılan tədqiqatların nəticələrinə görə Azərbaycandakı mina qurbanlarının sayı Güney Qafqazın digər ölkələrindən 2 dəfə çoxdur.
Norveçin Azərbaycan səfiri Erlinq Şönsberq bəyan edib ki, həm piyadalar, həm də kasetli silahlar əleyhinə konvensiya dünyada tərksilah üçün atılmış mühüm addımdır. Səfir Azərbaycanın da minaların təmizlənməsi sahəsində xeyli iş gördüyünü söyləyib:
"Müsbət haldır ki, Azərbaycan piyadalar əleyhinə minaların qadağan olunması konvensiyasından irəli gələn işləri yerinə yetirir. Azərbaycan könüllü olaraq beynəlxalq təşkilatlara hesabatlarını təqdim edir".
ANAMA meneceri Musa Cəlalov xatırladıb ki, ANAMA tərəfindən bu günədək reallaşdırılmış ən böyük layihə "Partlamamış sursatların ləğvi üzrə Saloğlu layihəsi"dir. ANAMA tərəfindən indiyədək 175 milyon kvadratmetrdən artıq sahə təmizlənib. Əməliyyatlar nəticəsində 667957 ədəd mina və partlamamış sursat edilib. Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədində - Ceyrançöl ərazisində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həm hökumət, həm də donorlar tərəfindən bəyənilib. Yaxın vaxtlarda layihənin icrasına başlanacağını deyən ANAMA nümayəndəsinin sözlərinə görə, 48 ay müddətində həyata keçiriləcək layihənin ümumi məbləği 9 milyon avrodur. ANAMA nümayəndəsi hazırda Bakı şəhərinin Qaradağ rayonunun Güzdək qəsəbəsində, partladılmış keçmiş sovet hərbi bazasının ərazisində aparılan əməliyyatlar barədə də danışıb. Cəlalovun sözlərinə görə, bu bazada indiyədək Azərbaycan Ordusuna tanış olmayan silahlar aşkar edilir.
|