İran rəsmilərinin Türkiyəyə qarşı hədələri ara vermir. İran İnqilab Keşikçiləri Qvardiyasının yüksəkrütbəli təmsilçisi general Əmirəli Hacızadə deyib ki, İsrail və ya ABŞ ölkəsinə həmlə edərsə, o zaman Tehran NATO-nun Türkiyədə quraşdırılmış hava hücumundan müdafiə sisteminə zərbə endirəcək.
Qvardiyanın aerokosmik qoşunlarına başçılıq edən Hacızadənin sözlərinə görə, ABŞ və İsrailin hədələrinə görə, İran müdafiə strategiyasını dəyişib: "Bundan sonra biz hədələrə hədə ilə cavab verərək, müdafiə mövqeyində durmayacağıq".
Yerli informasiya vasitələrinin bildirdiyinə görə, general bu strategiyaya əsasən, Türkiyədəki hərbi bazaları vuracaqlarını söyləyib. Heç şübhəsiz, İranın Türkiyəni hədələməsi heç də NATO-nun sözügedən bazaları ilə bağlı deyil. Çünki İran hakimiyyəti Əfqanıstanda bu hərbi birləşmə ilə əməkdaşlıq edib.
Bu baxımdan Tehranın rəsmi Ankaraya təhdidinin təməlində başqa bir məsələnin - Suriyadakı Bəşşar Əsəd rejiminə qarşı çıxışların durduğu istina edilmir.
Təbii ki, İran Türkiyəyə qarşı belə bir addımı heç vaxt gerçəkləşdirə bilməz, buna cəsarət edə bilməz və bununla öz sonunu bir az da yaxınlaşdırmış olar. Türkiyə İran kimi dövlətlər üçün hədə obyekti ola bilməz.
Suriyanın isə məsələsi bitmək üzrədir. Bəşşar Əsəd gedəcək. İranı dəhşətə salan budur, çünki ardınca növbə onundur. Suriya məsələsi ilk öncə ərəbdaxili məsələdir, bu iş İranlıq deyil. Ərəb Dövlətləri Liqası, Türkiyə və Qərb Suriyaya - İranın bir nömrəli müttəfiqinə münasibətdə ortaq mövqedən çıxış edirlər.
Ərəb Dövlətləri Liqası Suriya hakimiyyətinə qarşı sərt sanksiyalar paketini hazırlamaq haqda qərara gəlib. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ərəb Dövlətləri Liqasının müvafiq qərarını dəyərləndirərək deyib ki, liqanın ultimatumu Suriya hakimiyyəti üçün "yeni və son şansdır". Başqa sözlə, Ərəb Dövlətləri Liqası, Türkiyə və Qərb öz işindədir. İranın hədələrini deyəsən ciddiyə alan yoxdur.
|