 |
Dağıstan poliqonunda bütün tərəflər özlərini haqlı sayır
Şənbə, 03.12.2011
|
|
Noyabrın 21-dən etibarən paytaxt Mahaçqalada gah Rus Dövlət Teatrının, gah da Avar Dövlət Teatrının binası qarşısında mitinqlər başlanılıb. Bu aksiyalar "Əhli-Sünnə", "Ədalət Tərəfdarları Şurası" və "Dağıstan - Barış və Anlaşma Ərazisi" qurumları tərəfindən idarə olunur. Mitinqlərdə güc strukturları tərəfindən antiterror əməliyyatları zamanı həbs olunan vətəndaşların dərhal həbsdən azad edilmələri tələb olunur.
Çox maraqlıdır ki, bölgədə insan haqları uğrunda radikal mövqe tutan nüfuzlu qurumlar nədənsə bu etiraz dalğasında seyrçi mövqe tutublar. İndiki məqamda mitinqlərə orta hesabla 3-5 min adam qatılır. Onların sayı duruma görə istənilən an yüzminləri aşa da bilər. Çünki burada hər kəs özünün sosial, dini, milli və digər problemləri baxımından qarşılaşdığı problemləri yaşamaq zorunda qalıb.
BBC proqnoz verə bilmədi
BBC televiziyasının əməkdaşı Lüsi Eş və İngiltərə Qəzetçilər Birliyinin bir qrup əməkdaşı Quzey Qafqaz regionlarında durumu araşdırmaq üçün Dağıstanda olublar. Onlar burada yaşanılan təzadlı həyat tərzindən, iqtisadi və sosial rəngarənglikdən heyrətə gəliblər. Mahaçqalada futbol üzrə Rusiya çempionatının növbəti oyununda "Anji" klubunu seyr etməyə gələnlər orada çılğıncasına fanatlıq etdikləri vaxt, bir qədər aralıda antiterror əməliyyatları keçirilirmiş. Ətraf məhəllələr ağır hərbi texnika ilə mühasirəyə alınıbmış. Həmin ərazidə bir neçə saat davam edən silahlı atışmalar olub... İngilis müxbirlər qeyd edirlər:
"1994-1996-cı illərdə Çeçen-İçkeriyada baş verən 1-ci rus-çeçen savaşında bütün dağıstanlılar çeçenləri müdafiə etməklə yanaşı, həm də onminlərlə könüllü oraya Moskvaya qarşı savaşa getmişdilər. 1999-cu ildə başlanılan 2-ci rus-çeçen savaşında isə dağıstanlılar bu dəfə Moskva siyasətinin yanında yer almışdırlar".
Lüsi Eş yazır:
"İndi Çeçenistandan fərqli olaraq Dağıstan özü genişmiqyaslı hərb meydanına çevrilib. Kim kimi istəyirsə terror edə bilər. Bura daha çox Əfqanıstanı xatırladır. Hər gün hakimiyyət tərəfindən idarə olunan antiterror əməliyyatları, radikal islamçıların törətdikləri teraktlar, digər silahlı münaqişlər baş verməkdədir.
Kimin haqlı, kimin haqsız olmasını sübut etmək mümkünsüzdür".
İngilis qəzetçilərini heyrətə gətirən hallardan biri də Mahaçqalanın hər qarışında rast gəldikləri polis və digər güvənlik birliklərinin əli avtomatlı gəzməsi, bir sıra məhəllələrdə zirehli hərbi texnikanın dayanmış olmasıdur. İstər yerli, istərsə də xarici müxbirlər silahlı güc strukturlarının nə şəkillərini çəkə, nə də bunu kameraya ala bilər. Bu halda reportaj hazırlayanları dərhal həbs gözləyir.
İngilis müxbirlərin qeyd etdiklərinə görə, burada bir tərəfdən zəngin məmurlara bağlı qeyri-rəsmi silahlı qruplar, hökumətə bağlı silahlı birliklər və radikal islamçılardan ibarət silahlı qüvvələr istədikləri terrorları törətmək iqtidarındadır. Bu qruplaşmaların hər biri öz maraqları çərçivəsində hərəkət edir. Günün istənilən saatında bölgə boyunca silah səslərini eşitmək mümkündür. İndi Dağıstanda mağazalarda spirtli içki satmaq çox təhlükəli olub. Yerli sələfilər (vəhhabi) dərhal həmin ticarət mərkəzini ya yandırır, ya da partladırlar. Məsələnin maraqlı tərəfi odur ki, bölgədə spirtli içki istehsal edən zavodlara isə toxunan yoxdur. Çünki hər zavodu qoruyan ayrıca silahlı qrup mövcuddur. Buraya rəsmi, vəhhabi və zavod sahibinin yaxınlarına məxsus silahlı qruplar daxildir. Ona görə ki, duruma görə zavod sahibləri bu üç strukturla bağlı yaranmış problemin həllini daha asanlıqla çözə bilmək imkanı əldə edirlər. Digər yandan, hökumət regiondakı sosial problemlərin həlli üçün iri investisiya layihələrinin cəlb olunmasına çalışır. Belə bir qarışıq durumun çözülmə imkanları isə aydın deyildir.
Moskva Dağıstandakı durumu həll etməkdə aciz
Quzey Qafqaz Strateji Mərkəzinin rəhbəri Abdulla İstanbulov açıqlama verərək bildirib ki, Rusiya Federasiyasının çökməsi üçün təhdidlər indi daha da artmışdır. Bu proses Quzey Qafqazda yaşanan duruma bağlıdır. Rusiyada güclənməkdə olan antiqafqaz tendensiyası bir bumeranq olub onun öz əleyhinə çevrilib. Moskva Quzey Qafqaz regionlarında, özəlliklə Dağıstanda baş verənlərin qarşısını almaq üçün yerli infrastrukturları qarşı-qarşıya qoymuşdur. Belə ki, güclənməkdə olan sələfi cərəyanı və ənənəvi nəqşbəndi inanclılar arasında çok kəskin qarşıdurmalar yaranıb. Digər yandan, güc strukturları tərəfindən aparılan antiterror əməliyyatları daha da artmışdır. Hər gün partladılan bombalar, terrorlar nəticəsində baş verənlər sələfilər və güc strukturları, sələfilər və nəqşbəndilər, sələfilər və zənginlər arasında yaşanılır. Çünki gənclər arasında sələfilik çox sürətlə yayılmaqdadır. Bu radikal islamçı hərəkat mövcud problemlərin həll yolunu ancaq silahda görür.
Moskvadakı Qafqaz üzrə mütəxəssislər qeyd edirlər ki, Çeçenistanda artıq rus əhali yaşamır. Belə bir proses indi də Dağıstanda müşahidə olunmaqdadır. Mütəxəssislər qeyd edirlər ki, belə bir problemi çeçen xalqının deyil, Rusiyanın öz sorunu olaraq qəbul etmək lazımdır. Çünki Çeçenistanda uzun müddət yaşanan iki müharibə, əhalinin ağır sosial-iqtisadi şəraitdə yaşaması da səbəb olmuşdur. İndi belə bir durum Dağıstanda yaşanır..
|
|
|
Oxşar xəbərlər:
Bakı-Tümen dəmiryolu xəttində parlayış
"Borçalı" Cəmiyyəti Tbilisidə mitinq keçirəcək
Xraxoba kəndi boşalır
Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir
|
|
|