İraqda səfərdə olan İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi ilə görüşüb (APA). Millət vəkili İraq Türkmən Cəbhəsinin yeni istifadəyə verilən binasını da ziyarət edib və təşkilat rəsmiləri ilə görüşüb. İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmən xalqının vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı "qardaş ölkə" adlandıran Ərşad Salihi parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb.
Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin Bakıya səfərinin də bu istiqamətdə münasibətlərə öz müsbət töhfəsini verəcəyini vurğulayıb.
Millət vəkili Azərbaycan xalqının İraqda yaşayan qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı soydaşlarımızla əməkdaşlığın inkişafında maraqlı və buna hazır olduğunu vurğulayıb. İraqda yaşayan türkmənlərin son on illər ərzində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini xatırladan millət vəkili Qənirə Paşayeva İraqda yaşayan türkmənlərin layiq olduqları haqları əldə edə biləcəklərinə ümid etdiyini bildirib.
Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları barədə məlumat verib.
|