Sovet dönəmində banklarda batmış əmanətlərin qaytarılma mexanizmi gələn ilə hazır ola bilər. Lakin onun maliyyələşdirilməsi haqqında qərarın nə zaman veriləcəyi bəlli deyil. Maliyyə naziri Samir Şərifov əmanətlərin qaytarılmasına dair qanun layihəsinin yaxın vaxtlarda hazırlanıb Milli Məclisə təqdim ediləcəyini də bildirib:
"Biz digər müddətlərə keçmiş əmanətçilərin məsələlərinə baxmalıyıq. Bu, vacib məsələlərdən biridir. Bunun hüquqi tərəflərini öyrənib, çarəsini tapmalıyıq. Digər tərəfdən, indeksləşdirmə məbləğlərini və müddəti dəqiq müəyyən etməliyik. Müvafiq qanun qəbul edildiyi təqdirdə 2012-ci ildə dövlət büdcəsində müvafiq vəsait ayırmaq imkanlarımız var".
Məlumdur ki, parlamentin qış mövsümü üçün fəaliyyətinin yekunlaşmasına bir ay qalıb. Bir ay ərzində hansısa qanunun qəbul edilib, 2012-ci ildə həyata keçirilməsi qeyri-mümkündür. Bu səbəbdən layihə parlamentə daxil olacağı təqdirdə qəbulu bir il vaxt ala bilər. Belə olan təqdirdə əmanətlərin qaytarılması 2013-cü ildən tez reallaşmayacaq.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, əmanətləri qaytarmaq üçün vəsait var və hökumət bu prosesin mexanizminin hazırlanması üçün iş aparır. Qeyd edək ki, 1,9 milyonluq əmanət sırasında 400 min erməni və 120 min rus var.
İqtisadçı-ekspert Nazim Məmmədovun fikrincə, etnik amillər bəhanədir və sovet dövründə batmış əmanətlərlə bağlı kifayət qədər qanunvericilik aktları mövcuddur. Belə ki, mərhum prezident Heydər Əliyevin və İlham Əliyevin indeksasiya ilə bağlı verdiyi sərəncam 1 yanvar 1992-ci ilə qədər olan əmanətləri əhatə edir:
"Ermənistanda etnik təmizlənmə aparılarkən çoxlu sayda azərbaycanlı deportasiya olunub. 1992-ci ilə qədər erməni əsilli Azərbaycan vətəndaşları da buradan gediblər. Onlar mütəşəkkil şəkildə vəsaitlərini Əmanət Banklarından götürə biliblər. Arxiv məlumatları "Kapitalbank"dadır. Bu bank arxivdəki strukturu elan etmiş olsa, o zaman daha geniş mənzərə yarana bilər. Təqribən 1 milyon 980 min əmanət kitabçası var, bu da 4 milyard 800 milyon sovet rublu təşkil edir. Deməli, burada söhbət əhalinin təxminən yarısının maraqlarının qorunmasından gedir".
N.Məmmədovun sözlərinə görə, ermənilər, vətəndaşlıqdan imtina edənlər və sair digər problemli məsələləri sonrakı mərhələyə saxlamaq olar: "Sülh bağlandıqdan sonra buna baxmaq olar. Məncə, bu, əsas arqument deyil. Artıq batmış əmanətlər daxili borc kimi elan olunmalıdır. Daxili borcun maliyyələşməsi isə Maliyyə Nazirliyinin və ümumilikdə hökumətin qərarından asılıdır. Hesab edirəm ki, hər hansı bir qanunun qəbuluna ehtiyac yoxdur. Sadəcə olaraq yaş qrupu və illər üzrə mexanizmlər müəyyənləşməlidir. Bunu isə Nazirlər Kabinetinin qərarı ilə tənzimləmək mümkündür".
Məmmədov vurğuladı ki, 2012-ci ilin dövlət büdcəsindən əmanətlərin qaytarılması ilə bağlı xüsusi xərc təyin edilməsə də, bunu Büdcənin Ehtiyat Fondu vasitəsilə həyata keçirmək mümkündür: "Nazirlər Kabineti qərar qəbul etmiş olsa, Ehtiyat Fondundan 200 milyon manat ayrıla bilər. Beləliklə, problem 4-5 ilə həll edilər".
|