Azərbaycana xarici investisiya axını zəifdir. Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən həftə vergi yükünün azaldılmasının iqtisadiyyata xarici sərmayələrin cəlb olunmasına və qeyri-neft sektorunun inkişafına stimul olacağı barədə danışmışdı. Amma ölkədə sosial sığorta ödəmələrinin yüksək həddə olması fikri vergilər naziri tərəfindən sərt qarşılanıb. Nazir Fazil Məmmədov bildirib ki, Azərbaycanda vergi yükünün aşağı salınması barədə müzakirələr yersizdir. O, fikrini ölkədə böyük vergi yükünün olmaması ilə əsaslandırıb:
"Azərbaycan azad iqtisadi zona deyil və iqtisadiyyatda bu addımlara daha ehtiyatla və diqqətlə yanaşır. Sosial vergi Azərbaycanda sosial ayırmalarla bir yerdə 21,5 faiz, sosial ayırmalarsız 17,5 faiz təşkil edir. Avropa Birliyi ölkələrində isə bu göstərici 39,5 faiz-ə bərabərdir".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Mərkəzi Bankın qaldırdığı məsələni müsbət dəyərləndirir. O bildirir ki, Azərbaycanda vergi yükünün yüksək hesab etmək olmaz:
"Rusiyada hardasa 40 faizdir. Amma Ermənistan və Gürcüstanla müqayisə etməyi düzgün hesab etmirəm. Çünki onların büdcəsi sırf vergi yığımları üzərində qurulub. Azərbaycan kimi ölkələr neftdən asılıdır və büdcəsi vergidən çox da asılı deyil. Hökumət bu fürsətdən istifadə edib qeyri-neft sektorunu inkişaf etdirməlidir. Bunun üçün əlverişli variantlardan biri ümumilikdə vergi yükünün aşağı salınmasıdır".
Samir Əliyevin fikrincə, bəzi vergi yüklərinin azaldılması sahibkarlığı stimullaşdıra bilər:
"Həm sahibkarlıq inkişaf edər, həm də istehsalatda rəqabətlilik artar. Elmar Rüstəmov ixrac məsələsinə də toxunub ki, potensial gücləndirilməlidir. Bunun üçün milli valyuta ucuzlaşdırılmalıdır. Doğrudur, manatın ucuzlaşdırılmasını Mərkəzi Bank həyata keçirməlidir. Amma ola bilsin bu məsələ onların tam olaraq səlahiyyətində deyil".
İqtisadçının dediyinə görə, ixracı stimullaşdırmaq üçün digər addım vergi yükünün azaldılmasıdır:
"Vergi az ödəniləndə məhsul da ucuz başa gəlir. Bu addımlar ixracı müəyyən qədər stimullaşdıra bilər. Həmçinin monopoliya aradan qaldırılmalıdır ki, rəqabət mühiti yaransın".
S.Əliyev bildirdi ki, sosial vergi yükünün aşağı salınması ikili mühasibatlığı da aradan qaldıra bilər. Bu isə dövlət büdcəsinə yığımları artırar.
|