Qardaş Qazaxıstanın dövlət müstəqilliyinin 20 illiyinin bayram edildiyi bu günlər iki mədəniyyət hadisəsi ilə yadda qaldı. Bakı şəhərinin Binəqədi rayonunda məşhur qazax şairi, maarifçisi və ictimai xadimi Abay Kunanbayevin adına verilmiş küçənin açılış mərasimi keçirilib. Mərasimdə Qazaxıstanın Azərbaycan səfiri Serik Primbetov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev iştirak ediblər. Deyilib ki, Abayın adına küçə verilməsi ideyasının müəllifi prezident İlham Əliyevdir. Abay Kunanbayevin xatirə lövhəsinin açılışı olub. Ümumitürk ədəbiyyatının möhtərəm isimlərindən olan Abayın şeirləri azərbaycancaya çevrilib. Qazaxlar arasında çox sevilən milli şairdir.
Bundan başqa, yubiley münasibətilə "Kempinqski Hotel Badamdar"da təşkil olunmuş rəsmi toplantıdan sonra dünya şöhrətli "Qazaxıstan Kameratası" dövlət orkestrinin müşayiəti ilə konsert olub. Onun yaradılma ideyası xalq artisti, istedadlı skripkaçı professor Gauhar Murzabekovaya məxsusdur və orkestrə özü rəhbərlik edir. Onun ifasında Avropa klassikasından ifalar alqışlarla qarşılandı.
Qazaxıstan və Tatarıstanın xalq artisti, Abay adına Akademik Opera və Balet Teatrının solisti Nurcamal Usenbayeva da Bakıya gəlmişdir. Musiqi tənqidçilərinin fikrincə, Nurcamal Usenbayeva dünya səviyyəli opera ulduzudur. Onun iştirakı ilə hər bir tamaşa incəsənətin şah əsəri kimi qəbul olunur. "Qazaxıstan Kameratası"nın müşayiəti ilə seyrçilər Usenbayevanın ifasında qazax milli mahnısı "Alkonur", Qara kəmər", Qərb operalarından ariyalar dinlədilər. Onun repertuarına yalnız opera partiyaları deyil, həm də kamera əsərləri, qazax xalq mahnıları, müasir müəllif əsərləri, həm də caz daxildir.
|