Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov növbəti dəfə əhalini standartlara uyğun olmayan qaz sobalarından istifadə etməməyə çağırıb. "APA-Economics"in məlumatına görə, komitə sədri bildirib ki, bir qədər əvvəl komitənin əməkdaşları kustar üsulla qaz sobası hazırlayan emalatxana aşkarlayıb və bu emalatxana ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
"Hazırda satışda belə sobalar varmı?" sualına cavab olaraq komitə sədri bildirib ki, bu sobaların hamısının satışdan çıxarılmasına çalışırlar. Onun sözlərinə görə, indiyədək bəzi ticarət məntəqələrində, o cümlədən "Sədərək" ticarət mərkəzində belə sobaların satışı qeydə alınıb, amma onlar da sonradan satışdan çıxarılıb.
Həsənov deyib ki, ölkəyə sertifikatlı qaz sobaları yalnız Türkiyədən gətirilir. İran şirkətlərinə isə qaz sobası gətirmək üçün hələlik sertifikat verilməyib, amma belə bir icazənin verilməsi gözlənilir:
"Müraciətlər var və biz Fövqəladə Hallar Nazirliyi ilə birgə bu sobaların texniki təhlükəsizliyini araşdırıb Azərbaycanda satılmasına icazə verəcəyik".
Komitə sədri keyfiyyətsiz sobaları qanunsuz yolla idxal və kustar üsulla istehsal edənlərə qarşı ciddi tədbirlər görüləcəyini də bildirib:
"Artıq onların biri barədə cinayət işi qaldırılıb və ümid edirəm ki, bu iş başa çatdırılacaq, belələri haqqında çox ciddi tədbirlər görüləcək".
R.Həsənov bununla bağlı cəzaların sərtləşdirilməsinə ehtiyac olmadığını bildirib: "İş adamları bu fəaliyyətin qanunsuz olduğunu başa düşüb ondan çəkinməlidir".
|