"Azəristiliktəchizat":
"Sakinlər gözləməsin ki, kimsə onların mənzillərində radiatorları, xətləri dəyişəcək və ya təmizləyəcək"
 |
Sakinlər təşəbbüs göstərsələr, istilik verilən mənzillərin sayı artar
Şənbə, 03.12.2011
|
|
Qış gəlib, biz şəhər sakinlərinin üzləşdiyi problemlərdən ən başlıcası mənzillərin istilik təchizatı ilə bağlıdır. Bir neçə il əvvəl Bakı şəhəri və bütövlükdə ölkənin istilik təchizatı ilə bağlı müvafiq icra hakimiyyətləri və layihə institutları birgə xüsusi proqram hazırlayaraq hökumətə təqdim edib. Bu proqramda ilk növbədə məktəblərin, sonrakı mərhələdə mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş bütün xəstəxanalar və uşaq bağçalarının istiliklə təminatı nəzərdə tutulur. Yeri gəlmişkən, "Azəristiliktəchizat" bütün rayon və şəhərlərin istilik təchizatı sisteminin qurulmasına dair layihələrini də müvafiq dövlət qurumlarına təqdim edib.
Verilən vədlərə görə, bu il Bakıda istiliklə təmin olunmayan bina qalmamalı idi. "Azəristiliktəchizat" ASC Abonent və Müştəri Xidmətləri Şöbəsinin rəisi Rafiq Əliyev mətbuata açıqlamasında bildirib ki, hazırda işlər davam edir. Dövlət tərəfindən vəsait ayrıldıqca proqram çərçivəsində layihələr icra olunur. Bakı şəhərindəki xəstəxanaların və poliklinikaların hamısı istilik alır.
Bakı şəhərinin istiliklə tam şəkildə təmin olunacağına gəlincə, bu, müvafiq dövlət proqramının icrasından asılıdır. "Minilliyə Çağırış və Yoxsulluğun Aradan Qaldırılmasına dair Dövlət Proqramı"ndakı hədəflərdən biri məhz sosial obyektlərin və yaşayış binalarının istiliklə təmin olunmasıdır. 2008-2015-ci illəri əhatə edən bu proqram hazırda icra vəziyyətindədir və 2015-ci ilə qədər hədəflərə tam nail olunacağı gözlənir.
Paytaxtda "Azəristiliktəchizat" ASC-nin mərkəzləşdirilmiş istilik sisteminə qoşulan bütün məktəblər və uşaq bağçaları, səhiyyə obyektləri istilik ala biləcəklər. Təqribən 187 məktəb, 150 uşaq bağçası, 83 səhiyyə obyekti və 218 digər sosial obyektdən söhbət gedir. Yeni tikilmiş çoxmərtəbəli binaların da bəzilərinin fərdi qazanxanaları var. Bundan başqa, Bakı şəhərində 578 bina kənar mənbələrdən istilik alır. Məsələn, Müdafiə Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi, ARDNŞ və digər dövlət orqanlarının balansında olan həmin binaların özlərinin daxili qazanxanaları var.
Ancaq bu təşkilatların tabeliyində olan qazanxanaların mərkəzləşdirilmiş qaydada hesabatı aparılmadığından kənar mənbələrdən istilik alan binaların dəqiq sayı bəlli deyil.
R.Əliyev bir faktı da açıqlayaraq bildirdi ki, "Azəristiliktəchizat" ASC yarananda mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunan binaların sayı 988 idi. 2006-cı ildə bu rəqəm 1750 idisə, 2011-ci ildə 2530-a çatacaq. Bu artım istilik sistemlərinə qoşulma məqsədi ilə vətəndaşlardan daxil olan müraciətlərdə də özünü göstərir. Belə ki, sakinlərdən 2004-cü ildə cəmi 8 müraciət alınıb. 2010-cu ildə belə müraciətlərin sayı 800-ü ötüb. Bu müraciətlərin 70 faizə qədəri Bakı sakinlərinin payına düşür. Yerdə qalan müraciətlər isə əsasən sosial obyektlər, idarə və təşkilatlardan, regionlardan gəlir. Araşdırmalar göstərir ki, regionlardan "Azəristiliktəchizat" ASC-yə daxil olan müraciətlərin 90 faizi yalnız sosial obyektlərin istilik sisteminə qoşulması barədədir.
Abonent və Müştəri Xidmətləri Şöbəsinin rəisi onu da əlavə etdi ki, istilik təchizatı tam qurulan binalarda da elə mənzillər var ki, onlar istilik ala bilmir:
"Elə binalar var ki, orada qazanxana, mərkəzləşdirilmiş istilik xətləri normal işləyir. Ancaq onlarda temperatur aşağıdırsa, deməli, radiatorlar təmizlənməlidir. Sakinlər özləri də mənzillərini qışa hazırlamalıdırlar ki, normal istilik ala bilsinlər. Ötən il 50 minə yaxın mənzili olan binalarda ümumi istilik var idi. Sadəcə, radiatorların təmizlənməməsi və ya boruların kəsilməsi səbəbindən sakinlər istilik ala bilmədilər. Sakinlər gözləməsin ki, kimsə gəlib onların mənzillərində radiatorları, xətləri dəyişəcək və ya təmizləyəcək. Ümumi istilik alan binalarda sakinlərin hamısı təşəbbüs göstərsələr, istilik verilən mənzillərin sayı durmadan artar. Ötən il 170 minə qədər mənzilə istilik verə bilərdik, lakin bir çox sakinin yaratdığı problem səbəbindən cəmi 102 min mənzilə istilik verə bildik. "Azəristiliktəchizat" qazanxananı tikir, mənzilə qədər istilik xəttini çəkir, hətta bütün binaların aşağı paylama istilik xətləri də tərəfimizdən yenilənir. Qalır sakinlərin mənzillərindəki xətləri çəkib mərkəzləşdirilmiş istilik xətlərinə qoşmaq. Bizim vətəndaşın mənzilinə girmək səlahiyyətimiz yoxdur. Bu, mənzil mülkiyətçisinin öz işidir. Ümumiyyətlə, qanunvericiliyə görə, binadaxili istilik sistemlərini təmir edib istifadəyə hazır vəziyyətə gətirmək sakinlərin işidir".
İstilik təminatı ilə bağlı bölgələrdə vəziyyət necədir? sualını cavablandıran R.Əliyev dedi ki, son bir neçə ildə regionlarda 17 yeni istilik mənbəyi yaradılıb, 6 məktəbin, 7 uşaq bağçasının və 7 səhiyyə obyektinin binadaxili istilik sistemi və 111 yaşayış binasının aşağıpaylayıcı istilik sistemi bərpa olunub. Bu il Sumqayıt, Mingəçevir, Gəncə, Bərdə, Qusar, Şabran, Şamaxı, Xaçmaz, Şirvan, Şəki, Yevlax, İsmayıllı və Ağstafadakı sosial obyektləri istiliklə təmin etmək üçün 150-yə yaxın qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə bu il, paytaxt istisna olmaqla, 12 rayonda sosial obyektlərin istilik təminatı ilə bağlı müvafiq tədbirlər görülüb.
|
|
|
Oxşar xəbərlər:
Təchizatçıların nikbin qış vədləri
Bizlərə gözəl və şirin bir "qış nağılı"
|
|
|