"Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın icrası ilə bağlı hesabat açıqlanıb. Təhsil Nazirliyinin məlumat bazasında olan göstəricilərə əsasən, 2011-2012-ci tədris ili üzrə ölkədə mövcud olan 44 dövlət uşaq müəssisəsində 9776 uşaq təlim-tərbiyə alır. Onlardan 3750-si müəssisədə gecələyən uşaqlardır, qalan 6026-sı uşaq müəssisəsinin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edir, gecəni isə ailəsi ilə birgə keçirir. Deməli, onların ya bir valideyni, ya bioloji valideyni, ya da himayəçisi var. Sadəcə, həmin ailələr uşaqlarını imkansızlıqdan uşaq müəssisələrinə göndərir, pulsuz yemək, paltar və dərs vəsaitləri üçün.
Bu il rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbləri və uşaq evlərindən 105 uşaq bioloji ailələrin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Görülən tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 465 uşağın internat məktəbinə düşməsinin qarşısı alınıb. Təhsil naziri Misir Mərdanov deyir ki, nazirlik tərəfindən aparılan işlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalır. Belə ki, onların sayı 2008-ci ildə 14389, 2009-cu ildə 10055, 2010-cu ildə 9827, 2011-ci ildə isə 9776 olub.
Nazir qeyd edib ki, dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayında da illər üzrə azalma müşahidə edilir. Belə ki, 2008-ci ildə 4055, 2009-cu ildə 3945, 2010-cu ildə 3860 uşaq internatda gecələyirdisə, bu il onların sayı 3750-yə qədər azalıb. Himayəçilərə verilən uşaqların sayında da azalma müşahidə edildiyini diqqətə çatdıran Mərdanov əlavə edib ki, görülən tədbirlər nəticəsində internat məktəblərinin bir neçəsi adi məktəbə çevrilib.
Yeri gəlmişkən, "Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "Müəssisələrdə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" və "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" pilot layihələri həyata keçirilməkdədir. Təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİCEF tərəfindən "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" layihəsinin icrası ilə bağlı imzalanan Memorandum prezident tərəfindən təsdiq edilib. TN tərəfindən hər rayon üzrə işə cəlb edilən 3 əməkdaş pilot seçilən Xəzər və Suraxanı rayonlarında layihənin icrası ilə bağlı nəzərdə tutulan tədbirləri digər yerli qurumlarla əlaqələndirir.
Proqram çərçivəsində ölkədə uşaqların müdafiəsinə dair mövcud qanunvericilik təhlil edilib, sənəd layihələri hazırlanıb. Hazırda "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" layihəsinin icrası istiqamətində hazırlanan bir sıra qaydalar pilot seçilən Xəzər və Suraxanı rayonlarındakı dövlət uşaq müəssisələrində sınaqdan keçirilir. Müəssisələrdə çalışan insanların peşə yönümünün dəyişdirilməsi və onların sosial yönümlü işçi kimi ixtisasının artırılması ilə bağlı da işlər görülür. Bu günə qədər 32 əməkdaş Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 9 aylıq kurs keçib. Bakı Dövlət Universitetində sosial iş ixtisası açılıb. Bu ixtisas üzrə təhsil alan məzunlar təhsillərini bitirdikdən sonra müəssisələrə cəlb ediləcək.
|