Havaların kəskin şəkildə soyuması ölkə ərazisində qaz sızmasından baş verən partlayışların və dəm qazı zəhərlənmələri hadisələrinin artması ilə müşahidə olunur. Bu vəziyyətlə bağlı Bakı Şəhər Prokurorluğu araşdırmalara başlayıb. Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən olunub ki, havaların soyumasından sonra təbii qazdan istifadə intensivliyinin artması ilə bağlı cari ilin sentyabr-noyabr aylarında təhlükəsizlik qaydalarına əməl olunmaması, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən vətəndaşların ölümü və xəsarət almaları ilə nəticələnmiş dəm qazından zəhərlənmə və qaz partlayışı hadisələrinin sayı artıb.
Bu müddətdə Binəqədi rayonu üzrə 4, Yasamal rayonu üzrə 3, Nərimanov və Xətai rayonlarının hər biri üzrə 2, Nəsimi, Sabunçu və Səbail rayonlarının hər biri üzrə isə 1 hadisə qeydə alınıb, nəticədə 15 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb, istintaq aparılır. Bildirilir ki, bu məsələlər prokurorluğun diqqət mərkəzində saxlanılır, qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələri üzrə başlanmış bütün cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılır.
FHN, "Azəriqaz" və digər icra strukturları tərəfindən kütləvi informasiya vasitələri, o cümlədən telekanallar, dövri mətbu nəşrlər vasitəsi ilə əhalidən yaşayış evlərində və ictimai binalarda təbii qazdan istifadə zamanı diqqətli olmaları və gözlənilməz hadisənin baş verməməsi üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri barədə dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq, lazımi nəticə çıxarılmayıb.
Müəyyən edilib ki, vətəndaşların yaşadıqları mənzillərdə quraşdırılmış qaz avadanlıqlarında təbii qazdan istifadənin norma və qaydalarına əməl olunmasına nəzarətin aidiyyəti qurumlar tərəfindən lazımi səviyyədə həyata keçirilmədiyi, mövcud nöqsan və qüsurların aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin vaxtında və mütəmadi həyata keçirilmədiyi, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarına səhlənkar yanaşılması, kustar üsulla hazırlanmış, müxtəlif ölkələrdən gətirilmiş standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə bu kimi hadisələrə səbəb olub.
Vətəndaşların həyatı, sağlamlığı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sertifikatı olmayan malların Azərbaycanda satılması və istifadə edilməsi qadağan olduğu halda, bəzi hallarda qanunvericiliyin tələblərinə zidd olaraq belə malların ölkədə istehsal halları da mövcud olub. Belə ki, Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilib ki, fiziki şəxs Mehran Manoucheri Ahmad İrandan qaz sobaları üçün ehtiyat hissələri gətirərək paytaxtın Nərimanov rayonu ərazisində icarəyə götürdüyü anbarda onların yığımını həyata keçirib və üzərlərinə qanunsuz olaraq əmtəə nişanları bərkitməklə İİR-da istehsal olunmuş mal kimi satışını təşkil edib. Anbara baxış zamanı 387 ədəd "SHAREGH TOOS", 32 ədəd "TEKSAN HAZAR" əmtəə nişanlı istilik qaz sobaları, 132 ədəd həmin sobalara aid reduktor, əmtəə nişanları və sair əşyalar aşkar edilib. Cari ilin sentyabr-noyabr aylarında həmin şəxs tərəfindən istehsal olunmuş qaz sobalarından satış məqsədi ilə paytaxtda fəaliyyət göstərən ticarət müəssisələrinə göndərilmiş 2468 ədəd sobanın satışdan çıxarılması istiqamətində komitə tərəfindən müvafiq tədbirlər görülür.
Fakta görə Bakı Şəhər Prokurorluğunda CM 197 (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 200 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Paytaxt ərazisində insanların ölümünə, onların xəsarət almalarına, ölkə iqtisadiyyatına və vətəndaşlara ziyan dəyməsinə səbəb olan qaz partlayışlarının qarşısının alınması, onları doğuran səbəb və şəraitin vaxtında aradan qaldırılması üçün konkret tədbirlərin görülməsi istiqamətində zəruri tədbirlər barədə Bakı Şəhər İcra Hakimiyyətinə təqdimat göndərilib.
|