Hal-hazırda Ayna qəzetinin 26.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qəbələ RLS: milli təhlükəsizliyə təhdid
Qəbələ RLS: milli təhlükəsizliyə təhdid
Rəsmi Bakı qaranlıq məsələlər fonunda Rusiya ilə sövdələşməyə gedir?
Şənbə, 26.11.2011

C.Sümərinli mətn ölçüsü  

Noyabrın 17-də Rusiya və Azərbaycan müdafiə nazirləri Qəbələ RLS-in istifadəsinə dair müqaviləni 2025-ci ilədək uzatmağa dair müzakirə apardılar. Anatoli Serdyukov və onun azərbaycanlı həmkarı Səfər Əbiyev arasında ikitərəfli görüş MDB Müdafiə Nazirləri Şurasının Almatıda 61-ci iclası sona çatandan sonra oldu. Görüşdə bu fikrə gəlindi ki, müzakirə olunan icarə müddəti razılaşdırılsın və bu məsələ üzrə müdafiə nazirlərinin razılaşmasını təsbit edən sənəd hazırlansın və imzalansın.

Serdyukov qeyd etdi ki, icarə müddətinin uzadılma məsələsini müzakirə etmək məqsədilə Azərbaycana xüsusi işçi komissiya gələcək. Onun sözlərinə görə, stansiyanın icarəsinin maliyyə tərəfi də hələlik həllini tapmayıb. Rusiya müdafiə, xarici işlər və sənaye və ticarət nazirliklərinin əməkdaşlarından ibarət işçi komissiya Bakıda bu məsələni də razılaşdırmalıdır. "Kommersant" qəzeti isə Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Azərbaycan müddətin uzadılacağı təqdirdə icarə haqqının bir il üçün 7 milyon dollardan 15 milyon dollara qaldırılmasını istəyir. Lakin bu məbləğ Rusiya tərəfini qane etmir. Rusiya tərəfi bildirir ki, onlar Qəbələ RLS-in yerləşdiyi torpaq sahəsinin bir hissəsini icarə müqaviləsindən çıxarmaq istəyir və bununla da icarə məbləğinin dəyişilməz qalmasını arzulayır.

Az sonra Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov dedi ki, Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasının icarəsi üçün ödədiyi 7 milyon dollar stansiyanın dəyərinə və Azərbaycanın bu stansiya ilə bağlı məruz qaldığı risklərə adekvat deyil. Azərbaycanın icarə haqqını artırmaq niyyətini şərh edən Əzimov bildirdi ki, mövcud icarə haqqı bir tərəfdən Rusiyanın maraqları, regional və beynəlxalq təhlükəsizlik baxımından, digər tərəfdənsə bu stansiyanın öz ərazisində fəaliyyət göstərməsinə imkan verən Azərbaycanın məruz qaldığı risk və təhlükələrə uyğun deyil və bu səbəblə bir neçə dəfə artırılmalıdır:

"Digər ölkələrin, o cümlədən Rusiyanın başqa ölkələrdəki bu kimi obyektlərə münasibətdə təcrübəsi ödəmələrin dəfələrlə artırılmasının zəruriliyindən danışmağa əsas verir".

Ekspertlər nə düşünür?

Rəyini öyrəndiyimiz əksər ekspertlər Qəbələ RLS-in icarəyə verilməsinə tərəfdar deyillər. Onların fikrincə, stansiya ilə bağlı müşahidə olunan proseslər, əldə olunan ilkin razılaşmalar Azərbaycanın milli təhlükəsizlik maraqlarına ziddir. Regionda mövcud olan hərbi-siyasi-iqtisadi vəziyyəti araşdırsaq, bəlli olar ki, indiki vəziyyətdə Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığının güclənməsi, xüsusilə də ölkəmizin ərazisində Rusiya MN-nə tabe hərbi obyektin mövcudluğu Azərbaycanın hərbi-siyasi prioritetlərinə, Qərbə doğru inteqrasiya siyasətinə ziddir. Xüsusilə də maraqlıdır ki, nəyə görə Bakı bir sıra məsələlər həllini tapmadan, maliyyə tərəfi razılaşdırılmadan, Rusiyanın Azərbaycanın mövcud və perspektiv təhlükəsizliyindəki oynayacağı rol bəlli olmadan, Moskvanın Qarabağ münaqişəsinin nizamlanmasındakı oynadığı ermənipərəst rola son verilmədən Qəbələ RLS-in nə az, nə çox - 13 illik müddətə Rusiyaya icarəyə verməyə razılıq bildirib.

Ekspertlərə görə, Qəbələ RLS yalnız o zaman Rusiyaya icarəyə verilə bilər ki, orada Azərbaycanın və Qərb ölkələrindən birinin, misal üçün, ABŞ, Türkiyə, Almaniyanın iştirakı olsun. Yalnız belə olan halda balansdan və Azərbaycanın milli təhlükəsizliyinə qarşı təhdidlərin aradan qaldırılmasından söhbət gedə bilər.

Simulyativ Proqnoz Araşdırma Mərkəzi ekspertlərinin fikrincə, 2025-ci ilədək olan icarə müddəti böyük zaman kəsimidir. Onlar hesab edirlər ki, əgər Bakı Qəbələ RLS-i təkbaşına Rusiyaya icarəyə vermək qərarına gəlibsə, onda icarə müddəti 3-5 ildən artıq olmamalıdır. Çünki regionda qüvvələr balansı daim dəyişir və Azərbaycanın Qərbə inteqrasiyası getdikcə daha da güclənəcək.

REKLAM

Bu baxımdan Rusiyanın hərbi obyekti Azərbaycanın müstəqil siyasətinə əngəl törədə bilər.

Rusiya digər ölkələrdə hərbi obyektləri hansı şərtlərlə icarəyə götürüb?

"Doktrina" ekspertləri hesab edirlər ki, mövcud reallıqlar, Rusiyanın postsovet məkanında hərbi xarakterli digər baza və obyektlərin saxlanılmasına və icarəsinə ayırdığı vəsaitləri nəzərə alaraq, eləcə də ABŞ-ın Manas bazası üçün Qırğızıstan hökumətinə ödədiyi vəsaitə diqqət yetirərək Qəbələ RLS-in icarəsi üçün optimal qiymət ildə 50 milyon ABŞ dolları təşkil etməlidir.

Misal üçün, Rusiya Qazaxıstanın Baykonur kosmodromunun illik icarə haqqına görə 115 milyon dollar ödəyir. Bundan başqa, hər il 100 milyon dollar Baykonurun işlək vəziyyətdə saxlanılması üçün xərc qoymalı olur. Bununla yanaşı, Rusiya əlavə 100 milyon dolları kosmodromun fəaliyyəti üçün xərcləmək məcburiyyətindədir. Yəni Rusiya hər il Baykonur kosmodrumunun icarəsinə 315 milyon dollar vəsait xərcləməlidir. Qeyd edək ki, Baykonur kosmodromu Qazaxıstan tərəfindən Rusiyaya 1994-cü ildə icarəyə verilib. İcarənin müddəti 2050-ci ilə qədər hesablanıb. 2010-cu il aprelin 21-də Rusiya və Ukrayna prezidentləri - Dmitri Medvedev və Viktor Yanukoviç Rusiyanın Qara dəniz donanmasının daha 25 il, yəni 2042-ci ilə qədər Sevastopolda qalmasına dair müqavilə imzaladılar. Sənəddə 2017-ci ilin mayından etibarən Rusiyanın Sevastopol bazası üçün Ukraynaya illik 100 milyon dollar ödəməsi də qərarlaşdırılıb. Bundan başqa, Rusiyanın Sevastopolun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəyi razılaşdırılıb.

2010-cu ilin avqustunda Ermənistan bə Rusiya müdafiə nazirləri - Anatoli Serdyukov və Seyran Ohanyan arasında Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalandı. Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər protokolda öz əksini tapmışdı. Əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, indi bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Protokolda göstərilir ki: Rusiyanın Ermənistan ərazisindəki hərbi bazası Rusiya Federasiyasının maraqlarının müdafiəsi funksiyasını gerçəkləşdirməkdən başqa, Ermənistan silahlı qüvvələri ilə birgə bu respublikanın təhlükəsizliyini təmin edir; Göstərilən məqsədlərə nail olunması üçün RF Ermənistanın müasir və müvafiq silahlarla, hərbi (xüsusi) texnika ilə təchiz olunmasına dəstək göstərir.

Eyni zamanda Rusiya hərbi bazasındakı hərbi qüvvədən istifadə edilməsi isə ikitərəfli razılaşmalar əsasında reallaşdırılacaq. Bu sənəddə maliyyələşdirmə ilə bağlı müddəalar olmasa da, bəllidir ki, Rusiyanın Ermənistana hərbi xarakterli hərbi yardımlarının miqdarı 10 milyon dollarlarla ölçülür.

"Manas" bazası barədə danışaq. Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən ABŞ hərbi bazası, 2011-ci ilin ilk 3 ayında bu ölkənin büdcəsinə 77.1 milyon ABŞ dolları qazandırıb. Bişkekin Manas aerodromunda olan ABŞ Tranzit Yük Daşıma Mərkəzi Qırğızıstan dövlətinə 77 milyon dollar pul verib. Qeyd edək ki, Amerika Qırğızıstan hökumətinə 2008-ci ildə 76,8 milyon, 2009-cu ildə 107.6 milyon, 2010-cu ildə 131.4 milyon maliyyə verib.

Məbləğ 7-8 dəfə artırılmalı

Siyasi təhlilçi Niyaz Yaqublunun fikrincə, bu sahədə Azərbaycanın Rusiya ilə bağladığı müqavilənin bütün məqamları, eləcə də onun icra vəziyyəti barədə bilgilər bölüşdürülməli, bu sahədə ictimai nəzarət olmalıdır:

"Müqavilədə Azərbaycanın yararlanacağı üstünlüklər, icarə haqqının müəyyənləşdirilməsi üçün əsas götürülən meyarlar da əksini tapmalıdır. Bu baza, Qəbələ RLS strateji əhəmiyyətli olduğu üçün onun digər ölkələrin hərbi bazalar üçün verdiyi icarə haqqı ilə müqayisə edilməməlidir. Bu məbləğ, düşüncəmə görə, 50 mln. dollar və daha artıq olaraq müəyyənləşdirilməklə yanaşı, strateji informasiyanın bölüşdürülməsi də ciddi məqam kimi nəzərdə tutulmalıdır".

İqtisadçı Natiq Cəfərlinin fikrincə isə, burada ekspertizalar aparılmalıdır:

"RLS-in vurduğu ekoloji ziyan, insanların səhhətinə vurduğu ziyan, bir də kənd təsərrüfatına vurduğu ziyan, hamısı ölçülməlidir. Hamısı birlikdə hesablansa, söhbət ildə 200-250 milyondan gedər. Amma bu tək icarə məsələsi deyil axı. Bu siyasi məsələdir. RLS-in əvəzinə ruslardan ermənilərin işğal altında saxladığı 2-3 rayonu, İranla sərhəddə olan işğal edilmiş rayonları istəmək lazımdır...".

Beləliklə, ekspertlərin fikrincə, Qəbələ RLS strateji obyekt hesab edilir və onun indiki vəziyyətdə Rusiya üçün regional hərbi-siyasi əhəmiyyəti böyükdür. Rusiya rəhbərliyi onun ölkənin gələcək RƏM sisteminin tərkib hissəsi olacağını istisna etmir. Belə olan təqdirdə, rəsmi Bakı bu məsələni xeyli götür-qoy etməli, düzgün qərara gəlməyə çalışmalıdır. Bu elə bir qərar olmalıdır ki, Qəbələ RLS-in Azərbaycanın milli təhlükəsizlik maraqlarına təhdidə çevrilməsi ehtimalını rədd etsin.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yan Koqout: "Münaqişə sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır"

Son aylar Özbəkistanla ticarət dövriyyəsində artım var

Rusiya Azərbaycanı şantaj edir?

ÜTT-yə üzvlük inhisarçı məmurların biznesinə zərbə vuracaq

Yoxsulluq səviyyəsində Britaniyanı, işsizlik səviyyəsində ABŞ-ı geridə qoyduq

Bölmənin digər xəbərləri
 
Azərbaycanla NATO arasında böhran
Hər şey ilk baxışdan göründüyü qədər sadə deyil

Səyyad Aran: "YAP-ın qapılarını heç kim üzümə bağlaya bilməz"
Eks-baş konsul onunla bağlı yayılan xəbərə aydınlıq gətirdi

"Madrid - 2" təkliflərini Ermənistan tərəfi imzalamaqdan imtina edib
Bunu Azərbaycanın XİN rəsmisi Araz Əzimov bildirib

Qarabağlı azərbaycanlılar və ermənilər Berlində görüşəcəklər
Qarşıdakı müzakirələrin detalları açıqlanmır

Avropa Birliyinin Qarabağ imkanları müzakirə edilib
Lakin münaqişənin həllində söz sahibi Rusiya ilə ABŞ-dır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər