Hal-hazırda Ayna qəzetinin 26.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Əli Məsimli: "Elm adamlarının təqaüdünü 30 - 50 manatdan 200-250 manata qaldırmaq olar"
Əli Məsimli: 
"Elm adamlarının təqaüdünü 30 - 50 manatdan 200-250 manata qaldırmaq olar"
Sadəcə, hansısa binanın fasadının bəzədilməsinə çəkilən xərc bir qədər ixtisar olunsa...
Şənbə, 26.11.2011

A.Akif mətn ölçüsü  

Dövlət büdcəsi layihəsi gələn il ÜDM-in 5,7 faiz artaraq 43,5 milyard manata çatacağı, inflyasiyanın 6 faiz səviyyəsində olacağı, manatın məzənnəsinin dollara nisbətdə 79 qəpik təşkil edəcəyi, neftin isə bir barelinin 80 dollar proqnozları əsasında tərtib edilib.

Təxminlərə görə, gələn il neftin dünya bazarında qiyməti Azərbaycanın büdcəsində nəzərdə tutulan 80 dollardan yüksək olacaq, hardasa 100 dollara çata bilər. Hökumətin bu işini neftin gözlənilən qiymətindən bir qədər aşağı qiymətlə proqnoz qurması kimi qiymətləndirmək lazımdır.

Parlamentin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin fikrincə, büdcəni təhlil edərkən "büdcə hansı situasiyada formalaşır və hansı proqnozlar əsasında tərtib edilir" sualına cavab vermək lazımdır. Bu yöndən məsələyə yanaşanda həm də göstərmək lazımdır ki, 10 ayın göstəricilərinə görə ÜDM-in artımı 0,3 faiz təşkil edir, bu, əhalisi ildə 1-1,2 faiz arasında artan bir ölkə üçün iqtisadiyyatın inkişaf mərhələsinə gəldiyinə işıq tutur:

"Paradoksallıq budur ki, qeyri-neft sahəsində, kənd təsərrüfatında orta hesabla 8 faiz civarında artım var, lakin neft sənayesində 6-7 faiz azalma olması proqnozlaşdırılan səviyyədə normal iqtisadi artıma imkan vermir. Əgər hasilat düşməsəydi, bu gün ÜDM 0,3 yox, təxminən 5-6 faiz artardı. Bu məsələ 2012-ci və sonrakı illər büdcələri hazırlanan zaman onun ölkə iqtisadiyyatının neftdənkənar sahələrinin inkişafına necə təkan verəcəyi, iqtisadi fəallığı necə artıracağı, bu sahələrin inkişafını birbaşa və dolayı yolla necə sürətləndirə biləcəyi sualları açıq qalır".

Millət vəkili deyir ki, gəlir proqnozlarına da diqqət etməliyik. Gələn il neft hasilatı hökumətin proqnozlaşdırdığı səviyyədə olsa, ÜDM-in artımı 5 faizin ətrafında olacaq. Əgər neft hasilatı planlaşdırılan səviyyədə artmasa, 2011-ci il səviyyəsində qalsa, ÜDM təxminən 2,5 faiz artacaq. Neft hasilatı düşməkdə davam edərsə, gələn il ÜDM-in artım tempi 2,5 faizdən də az ola bilər. Məsimliyə görə, hökumət çalışmalıdır ki, iqtisadiyyatı inkişaf mərhələsindən 10 faizlik artım sürəti olan bir mərhələyə keçirsin. Bunun üçün imkanlar var.

2012-ci ilin büdcə gəlirləri 2011-ci ilin təsdiq olunmuş gəlirlərinin 5,7 faizi səviyyəsində artımı ilə proqnozlaşdırılıb ki, bu da 16,4 milyard manata (təqribən 21 milyard dollara) bərabərdir. Xərclər isə 6,5 faiz artacaq və 17 milyard manata (təqribən 22 milyard dollara) bərabər olacaq. ÜDM-ə nisbətdə götürəndə isə artıq büdcənin gəlir və xərclərində sosialyönümlülüyü bazar iqtisadiyyatına tətbiq edən ölkələrin büdcəsinə doğru bir hərəkət hiss olunur. Belə ki, gəlirlər ÜDM-in 39 faizi səviyyəsində, xərclər isə bundan yüksək olacaq.

Gəlirlərin strukturuna baxdıqda, büdcə gəlirlərinin 32 faizindən bir qədər artığı Vergilər Nazirliyinin xəttilə, 7 faizindən çoxu Dövlət Gömrük Komitəsinin, 60 faizindən çoxu, yəni 10 milyard manata qədəri isə Dövlət Neft Fondundan transfertlər hesabına daxil olacaq.

REKLAM

Bu, kifayət qədər böyük bir rəqəmdir. Nəzərə alsaq ki, VN xəttilə daxilolmalarda da neftin payı hardasa 40 faizə qədərdir, ümumi götürəndə gələn ilin büdcəsində neft amilinin payı 70 faizdən yüksək olacaq. Başqa sözlə, büdcənin neftdən asılılığı əvvəlki illərlə müqayisədə artacaq. Bu amil büdcənin neftdən, Neft Fondundan asılılığını azaltmaq üçün ciddi tədbirlər görülməsinin nə qədər zəruri olduğunu bir daha üzə çıxarır.

ÜDM strukturunda qeyri-neft sektorunun pay artımı proqnozlaşdırılır. Əgər prioritet olan qeyri-neft sahələrinə əhəmiyyətli həcmdə vəsait ayrılmırsa, bunun necə baş verəcəyi maraq doğurur. Məsimli komitə iclaslarında bununla bağlı məsələ qaldırıb. Deyir ki, büdcədə neftin payını, Neft Fondundan büdcəyə transfertləri azaltmaq, neftdənkənar sahələri inkişaf etdirmək istəyiriksə, müxtəlif üsullardan istifadə etmək lazımdır:

"Məsələn, vergi yükünü azaltmaq və bunun vasitəsilə iqtisadiyyatı stimullaşdırmaq, eyni zamanda bir sıra perspektivli sahələrə dövlət investisiyalarını yönəltmək olar. Bu, həm büdcə vəsaitləri, həm Neft Fondu, həm də kreditlər hesabına mümkündür. Yəni bütün güc büdcənin üzərinə düşməz. Xüsusən xalq istehlakı malları istehsal edən sahələrə kreditlər verilsə və büdcədən də həmin kreditin faizlərinin ödənilməsinə vəsait ayırma kimi çox maraqlı bir mexanizm qurulsa, bunun hesabına verilən kreditin həcmini on dəfələrlə artırmaq olar. Bununla neftdənkənar sahələrin artımında, mən deyərdim ki, 2-3 il ərzində inqilabi dəyişiklik etmək olar".

Bir sıra vacib sahələrə az vəsait ayrılması da növbəti ilin büdcəsində narazılıq yaradan məqamlardandır. Məsələn, elmə həddən artıq az vəsait ayrılıb. Eləcə də bura kənd təsərrüfatını aid etmək olar. Halbuki bu sahə də büdcənin neftdən asılılığını aradan qaldırmaq üçün olduqca əlverişlidir.

Büdcədən 7 faiz artmaq şərtilə elmə 122,6 milyon manat ayrılıb. Bu, ölkənin ümumi daxili məhsulunun 0,3 faizi, büdcə xərclərinin isə 0,7 faizi səviyyəsindədir. Mötəbər təşkilatların hesabatlarında göstərilir ki, elm xərcləri ÜDM-in 2 faizindən aşağı düşən zaman ölkədə həmin sahənin ciddi deqradasiyası başlayır, bu isə həmin ölkə üçün ciddi iqtisadi təhlükə mənbəyidir. Ona görə də millət vəkili hesab edir ki, elmdə ciddi islahatlar həyata keçirilməli, həmin islahatlar kontekstində elmə ayrılan vəsaiti artırmaq yönündə addımlar atılmalıdır:

"İlk addım kimi hesab edirəm ki, elmlər namizədlərinə verilən 30 manat təqaüdü 150 manata, elmlər doktoruna verilən 50 manatı 200-250 manata çatdırmaq olar. Bunun üçün böyük vəsait tələb olunmur. Hansısa binanın fasadının bəzədilməsinə çəkilən xərc bir qədər ixtisar olunsa, yaxud hansısa təşkilat Maliyyə Nazirliyinə verdiyi şişirdilmiş rəqəmləri analiz edib şişirtmə hissəsini çıxarsa, əldə olunan vəsait hesabına mənim təklif etdiyim məsələni reallaşdırmaq olar. Kim elmdə başını girləyirsə, qoy elə də davam etsin, kim elmə töhfə vermək, Nobel mükafatı səviyyəsinə qalxmaq, beynəlxalq arenaya çıxmaq istəyirsə, müqavilə münasibətləri ilə elə şərait yaratmaq olar ki, artıq 300-400 manat yox, 50-100 min manat qazana bilsin və başqa qayğılarla deyil, elmlə məşğul olsun. Bunun üçün də Azərbaycanda kifayət qədər potensialı olan alimlər var. Təhsilə diqqəti ayırmaq lazımdır. Doğrudur, bu sahəyə ayrılan vəsait ildən-ilə artır, amma hesab edirəm ki, yenə də azdır. Bu gün büdcənin 9 faizi təhsilə, 3,5 faizi səhiyyəyə ayrılır, lakin bu rəqəmləri də artırmağa ehtiyac var".

İnflyasiya 6 faiz proqnozlaşdırılır, lakin buna nail olmaq mümkün olacaqmı? Sualı cavablandıran Məsimliyə görə, Azərbaycanda bir neçə inflyasiyayaradıcı amil mövcuddur:

"Əgər söhbət iqtisadiyyatdan doğan inflyasiyadan, kənardan gətirilən malların üzərində gələn inflyasiyadan gedirsə, hökumətin bu proqnozu düzdür. Yox, əgər əlavə olaraq süni qiymət artımı olacaqsa, bu 6 faizlik inflyasiya mümkün olmayacaq. Bu gün elə bir şərait yaranıb ki, ölkə iqtisadiyyatının tendensiyalarından doğan inflyasiya təxminən 2-3 faiz edir. İdxal inflyasiyası da təqribən 2-3 faiz təşkil edir. Amma süni bahalaşmadan doğan inflyasiya 4-5 faiz civarında olur. Ona görə də hökumət süni inflyasiyanın qarşısını almaq yönündə işlər görəcəksə, onda gələn il 6 faiz ətrafında inflyasiyadan danışmaq olar. Yox, əgər hökumət monopolistlərin qiymətləri süni artırmaq hesabına qazanmaq istəyinin qarşısını almaqda aciz olacaqsa, onda inflyasiya 6 faiz yox, 10 faiz, xalq istehlakı mallarının qiymət artımı isə 15 faiz ətrafında olacaq. Həmin o işbazlar qiymət artımının hər faizinə görə 135 milyon manat qazanacaq, aztəminatlı təbəqənin cibinə girəcəklər. Bu zaman 4 faizə görə əhaliyə yarım milyard manatdan çox ziyan dəymiş olacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Təcili olaraq vergi yükünü aşağı salmaq lazımdır


Azərbaycanın ticarət partnyorları batır




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər