|
|
Şənbə, 26.11.2011
|
|
mətn ölçüsü |
|
|
|
Noyabrın 24-də İranın Şiraz şəhərində 11 nəfər edam olunub. Adları açıqlanmayan məhbuslar Şirazın Adilabad həbsxanasında dara çəkiliblər. Onlar külli miqdarda narkotik maddələrin daşınması, satışı və istifadəsi ittihamı ilə edama məhkum olunublar.
İran Ali Məhkəməsinin Əfv Komissiyası məhbusların əfvi ilə bağlı müraciətə rədd cavabı verib.
Azərbaycanlı müəllimə həbs olunub
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları azərbaycanlı müəllimə Leyla Bəhruzu həbs ediblər. Azərbaycanlı müəllimə noyabrın 3-də tutulsa da, xəbər yeni yayılıb. ETTELAAT əməkdaşları Leyla Bəhruzu qayınatasının evində həbsə alıblar, evdə axtarış aparılıb, azərbaycanlı müəlliməyə məxsus əlyazmalar və s. müsadirə olunub. Hazırda Təbriz şəhər mərkəzi həbsxanasına köçürülən Leyla Bəhruz 15 gün ETTELAAT təcridxanasında saxlanılıb. Azərbaycanlı müəllimənin konkret nədə təqsirləndiyi bilinmir.
Leyla Bəhruzun həyat yoldaşı Bəhruz Fəridi də həbsdədir. ETTELAAT Təbriz şöbəsinin əməkdaşları onu noyabrın 3-də səhər tezdən yaşadığı mənzildə həbs ediblər.
Azərbaycanlı mühəndis zəmanətlə sərbəst buraxılıb
Noyabrın 24-də İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın tanınmış fəallarından olan mühəndis Siyamək Mirzayi Meşkinşəhr mərkəzi həbsxanasından zəmanətlə sərbəst buraxılıb. Mühəndis 20 min ABŞ dolları (20 milyon tümən) girov qoyaraq sərbəstliyə qovuşub.
Parsabad (Muğan) İnqilab Məhkəməsi şəhər polis idarəsinin müraciətinə əsasən Siyamək Mirzayinin həbsinə dair order verib. Sentyabrın 12-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları azərbaycanlı fəalın ata evinə basqın ediblər. Onlar Siyamək Mirzayi evdə olmadığından onu həbs etməyə nail olmayıb və evdə axtarış aparıblar. Nəticədə azərbaycanlı fəala məxsus kompüter, kitab və əlyazmalar müsadirə edilib.
Noyabrın 21-də isə ETTELAAT əməkdaşları Siyamək Mirzayini günortadan sonra Muğandakı parkların birində həbsə alaraq naməlum istiqamətə aparıblar. Hazırda azərbaycanlı fəalın üzərində 5 illik həbs hökmü var. Siyamək Mirzayi hökmdən apellyasiya şikayəti verib.
İranın London səfirliyi qarşısında aksiya keçiriləcək
Dekabrın 11-də Azərbaycan Milli Hökumətinin süqutunun 65-ci ildönümü ilə əlaqədar İranın Böyük Britaniya səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Piketdə Azərbaycan Milli Hökumətinin necə yaranması və süquta uğradılması barədə yerli ictimaiyyətə bilgi veriləcək, İran hakimiyyətinin azərbaycanlılara qarşı yürütdüyü siyasətinə etiraz bildiriləcək, Urmiya gölünün qurumasının qarşısının alınması üçün lazımi addımlar atılması istəniləcək və həbsxanalarda olan fəalların azadlığa buraxılması tələb olunacaq. Piket Böyük Britaniyada siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəallar, Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) İngiltərə təmsilçiliyi tərəfindən yerli vaxtla saat 13:00-dan 16:00-a kimi keçiriləcək. Aksiyaya Londonda yaşayan digər qeyri-fars millətlərin təmsilçiləri də dəstək verəcəklər.
Urmiyada azərbaycanca yeni klip çəkilib
Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi olan Urmiya şəhərində azərbaycanca klip çəkilib. Həmidrza Ağayarinin oxuduğu mahnı "Dalğın gecə" (Dreamy night) adlanır. Mahnını Hatef Mehraban aranjiman edib. Mahnının söz və musiqisi Həmidrza Ağayari və Hatef Mehrabana məxsusdur. Gitarada da elə Hatef Mehraban ifa edir. Mahnı həm azərbaycanca, həm də ingiliscə ifa olunur. Həmidrza Ağayari Mahabad (Qoşaçay) Universitetinin tələbəsidir, Urmiyada yaşayır. Bu sənətçi ilyarım əvvəl məhz azərbaycanca klip çəkdirdiyinə görə həbs edilmişdi.
Sərhədi pozan İran vətəndaşı tutulub
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən zastavasının xidməti ərazisində dövlət sərhədini qanunsuz keçmək istəyən şəxs saxlanılıb. Araşdırmalar nəticəsində saxlanılan şəxsin İranın Parsabad şəhər sakini, 48 yaşlı Hüseyn Əmiri olduğu müəyyənləşib. Saxlanılan şəxs bildirib ki, işi ilə bağlı Parsabaddan Germi şəhərinə getmək fikrində olub. Lakin qəfildən özünü narahat hiss etdiyindən, maşını saxlatdıraraq yerə düşüb. Bir neçə addım atandan sonra özünü suda hiss edib. Üzməyi bacarmayan Hüseyn sudan çıxmağa çalışıb. Taqətdən düşən Hüseyn Əmiri özünə gələndə Azərbaycan sərhədçilərini görüb. Sərhədçilər ona dövlət sərhədini pozmaqla qonşu dövlətin ərazisinə keçdiyini bildiriblər. İşi araşdıran tədqiqat qrupunun rəisi Azər Babayevin sözlərinə görə, saxlanılan şəxsin dövlət sərhədini səhvən pozması faktı artıq təsdiqlənib və o, dövlətlərarası memoranduma əsasən qonşu ölkənin Aslandüz sərhəd komissarlığına rəsmi qaydada təhvil veriləcək.
İran vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan sərhədlərini qanunsuz olaraq keçmə, qaçaqmalçılıq və İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İran vətəndaşları Hemməli-Lengebiz Bəhmən Sahib oğlu və Şirinpur Mehdi İltifat oğlunun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Prosesdə məhkəmənin baxış iclası dekabrın 6-na təyin olunub. Onlar İrandan Azərbaycana külli miqdarda heroin keçirmək istərkən sərhəd xidməti əməkdaşları tərəfindən tutulublar. Hemməli-Lengebiz və Şirinpur CM 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2-ci (qaçaqmalçılıq), 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar. Onlardan birincisi 11 il 6 ay, ikincisi isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
|
|
|
|
|
|
|