İran XİN sözçüsü terrorçu "Münafiqlər qruplaşması"nın Azərbaycan ərazisində yerləşməsi barədə məlumatlara münasibət bildirərək deyib ki, İranın bəzi KİV-ləri qonşu dövlətlərlə yaxşı münasibətlərimizə kölgə salmaq məqsədilə belə xəbərlər yayır. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst "Münafiqlər qruplaşması"nın (İran rejiminə qarşı silahlı mübarizə aparan, əsas bazaları İraqda olan Xalq Mücahidləri Təşkilatı - "Mücahidini-xəlq" nəzərdə tutulur) Azərbaycan ərazisində yerləşməsi barədə İran mətbuatının yaydığı məlumatlara münasibət bildirib. İranın Azərbaycan səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ramin Mehmanpərəst Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin bununla bağlı sualına cavab olaraq Azərbaycan Respublikasında bu qruplaşmanın yerləşməsi barədə rəsmi xəbər alınmadığını qeyd edib:
"Təbiidir, bəzi KİV-lər İranla qonşu dövlətlərin yaxşı münasibətlərinə kölgə salmaq məqsədilə belə xəbərləri yaymaq istəyir. Heç şübhəsiz, qonşu dövlətlər də ikitərəfli münasibətləri və ölkəmizin təhlükəsizliyini nəzərə alacaq. Heç bir dövlət qonşu dövlətin təhlükəsizliyini təhdid edə biləcək addım atmağı özünə rəva bilməz. Əks halda, hər iki tərəfin təhlükəsizliyinə ziyan dəyər".
Qeyd edək ki, "Münafiqlər qruplaşması" və PKK terror təşkilatlarının Azərbaycanın Gəncə şəhəri yaxınlığında yerləşdiyi barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
|