İslam İnqilabı Keşikçilər Korpusu (İİKK) respublika boyunca narkotrafiki nəzarətə götürüb. Təşkilat dünya cinayətkar şəbəkəsi ilə əlaqələr qurmaq və öz məqsədinə nail olmaq - Qərblə əlaqəni pozmaq üçün çoxmilyardlıq dövriyyə ilə alverdən istifadə edir. Bunu The Times nəşri rejimin keçmiş təmsilçilərinə istinadən bildirir ("Turan").
"Buna baxmayaraq, İran hər il narkoticarətdə və narkotik maddənin saxlanmasında təqsirkar olan yüzlərlə adamı edam edir və bu sərt mövqenin arxasında İslam İnqilabı ordusunun heroin, tiryək və metamfetamin qaçaqmalçılığı üzrə mənfəət biznesi gizlənir", - məqalənin müəllifi Hyu Tomlinson bildirib.
İİKK kəşfiyyatının keçmiş zabiti də daxil olmaqla, İran mənbələri Keşikçilər Korpusunda narkotik maddə alverinə bağlı olan iki əsas fiqurun adlarını açıqlayıb. Bunlar Tehranda Şərqi Avropa bandaları ilə sıx əlaqədə olduğu güman edilən İİKK komandanı Abdulla Əraqi və 1980-ci illərdə Keşikçilər Korpusuna rəhbərlik edən və təqaüdə çıxdıqdan sonra təşkilatla sıx əlaqədə olan Mohsen Rafiqdustdur.
İİKK-nın keçmiş müstəntiqi Sacad Haqpənah bildirib ki, narkotrafik bütün təşkilatda yayılıb. "Narkotik maddə qaçaqmalçılığına bir neçə komandan bağlıdır. Xam tiryək və morfi Əfqanıstandan gətirilir və İran laboratoriyalarında emal olunur", - Haqpənah vurğulayıb.
"Onlar cinayətkar bandalarla əməkdaşlıq edir və narkotik maddəni sərhəddən keçirirlər. İdxal və ixrac üçün onların özlərinin gəmiləri, təyyarələri və nəqliyyat müəssisələri var. Onların hakimiyyəti sərhədsizdir", - o əlavə edib.
Azərbaycanda hər kəsə bəlli olan bir məsələni indi Qərb nəşri açıq yazır. Kim İranla deyilsə, onun gizli nakotik savaşına məruz qalacaq. AYNA bu barədə dəfələrlə yazıb və biz bilirik ki, onlar dünyəvi yoldan dönmək istəməyən Azərbaycanı bu yolla çıxılmazlığa soxmaq və özlərinə tabe etmək istəyirlər. Onlar bu məntiqlə hərəkət edərək Azərbaycanda ölkə xalqına böyük ziyanlar vurublar və bizim ölkə üzərindən Qərb ölkələrini də narko-savaşın pəncəsində saxlayır, deqredasiya bataqlığına sürükləməyə çalışırlar. Narkotik alveri üstündə həbs edilərək məhkum olunan və cəzasını çəkmək üçün İrana verilən canilər tezliklə yenə də növbəti narkotik partiyası ilə bizim sərhədlərdə görünürlər...
Amerika, Rusiya və Azərbaycan xüsusi xidmət orqanlarının bilgilərinə görə, Azərbaycan İrandan Avropaya əsas narkotik maddə trafikindən biridir. Bu barədə dəfələrlə açıqlamalar olub, məxsusi beynəlxalq toplantılar, görüşlər keçirilib. Oktyabrın sonlarında Azərbaycan MTN İrandan ölkəyə daxil olan 13 nəfər narkotik maddə alverçisini və kuryeri saxlayıb. Saxlananların arasında İran vətəndaşları da olub. Lakin hüquq-mühafizə orqanları narkotik maddələrin yalnız cüzi hissəsini tutur. Özü də bu narkotik partiyaları əksərən MTN tərəfindən ələ keçirilir, DİN orqanları isə onlarla müqayisədə nəyə görəsə az fəallıq göstərirlər. Hər il əsasən Əfqanıstanda istehsal olunan 200 tondan çox heroin, daha çox miqdarda digər narkotik maddələr bizim dövlət sərhədindən keçirilir. Əfqanıstandan narkotik maddə Azərbaycana İrandan avtomobil və dəniz nəqliyyatı vasitəsilə konteynerlərdə gətirildiyi qeyd edilir.
Oktyabrda Bakıda "Gülüstan" sarayında narkotik maddələrin qanunsuz dövriyyəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bakıda narkotik maddələrin daşınması üçün istifadə olunan qapalı konteynerlərin yoxlanmasına dair beynəlxalq proqram çərçivəsində konteyner daşınmaları haqqında informasiya mübadiləsi üzrə xüsusi ofis açılıb. Sərhədin biz tərəfində konteynerlərin "başdansovdu" yoxlanışına dair iddialar mövcuddur.
|