NATO ilə əməkdaşlığın hərbi islahat tərəfi
 |
Azərbaycan Silahlı Qüvvələrində bir çox islahatlar yerinə yetirilməmiş qalır
Şənbə, 19.11.2011
|
|
Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının çərçivə sənədinə 1994-cü ilin 4 mayında imza atdı. SNT sənədi Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda genişhəcmli islahatlar üçün ciddi perspektivlər ortaya qoyurdu. Bu sənəd çərçivəsində müxtəlif istiqamətlərdə sonralar - İPAP, İPP, PARP, PAP-T kimi onlarca plan, proqram razılaşdırıldı.
Bütün bunlar inkişaf yoluna qədəm qoymuş, problemlər içərisində çapalayan Azərbaycan ordusu üçün olduqca vacib idi. Nəzərə alaq ki, Azərbaycan parlamentinin 1995-ci il fevralın 7-də keçirilən iclasında ordudakı gerçək vəziyyət - fərarilik hallarının çox olması, əsgərlərin ac qalması, maddi-texniki təminatda ciddi çatışmazlıqlar və s. ciddi müzakirə mövzusuna çevrilmişdi. Əslində bu tip müzakirələr sonradan Azərbaycanın hərbi siyasət prioritetlərinin müəyyən edilməsi baxımından faydalı idi.
1998-ci ildən başlayaraq ordunun problemləri cəmiyyətin diqqət mərkəzinə gəldi. O ildən etibarən ayrı-ayrı hərbçilər, ehtiyatda olan zabitlər ordudakı neqativ halları - xəstəliklərdən və aclıqdan dünyasını dəyişən əsgərləri, korrupsiya və rüşvətxorluğu, qeyri-nizamnamə hallarının çoxalması və digər hadisələri cəmiyyətin diqqətinə çatdırmağa başladılar. Cəmiyyətdə ordunun nüfuzu hissediləcək dərəcədə düşdü. Ordunun cəmiyyətlə əlaqələrində və informasiya siyasətindəki böhranlı vəziyyət artıq ölkə rəhbərliyinə də bəlli idi.
2005-ci ilin mayında Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) imzalaması rəsmi Bakının üzərinə çoxsaylı öhdəliklər qoydu. Bəllidir ki, İPAP əsasən 4 sahədə problemlərin həll yollarını əhatə edir. Buraya (1) siyasi məsələlər və ümumi təhlükəsizlik problemləri, (2) hərbi, təhlükəsizlik və müdafiə sahəsindəki problemlər, (3) ekologiya, elm problemləri və ictimai məsələlər, (4) informasiya mübadiləsi və inzibati məsələlər daxildir. İkiillik mərhələ üzrə razılaşdırılan, ikinci mərhələsi 2008-ci ilin martında imzalanmış və hazırda üçüncü mərhələsinin imzalanması gözlənilən İPAP sənədi xüsusi olaraq Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda təmsil olunan MN, DİN Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, MTN-də müəyyən əhəmiyyətli islahatların zəruriliyini özündə əks etdirirdi.
Əldə olan bilgilərə görə, İPAP-ın birinci və ikinci mərhələlərində xüsusi olaraq əksini tapan islahat müdafiə büdcəsinin şəffaflığı, mülki demokratik nəzarət məsələləri ilə bağlıdır. Əslində bu məsələ islahatlar prosesinin əsas detalı kimi nəzərdən keçirilməlidir.
İPAP sənədinə görə, islahatlar nəticəsində MN-in strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi vacibdir. MN-nin struktur baxımdan dəyişdirilməsi, mülki şəxsin MN aparatına cəlb olunması, Silahlı Qüvvələrin şəxsi heyətinin ixtisarı prosesinin aparılması, mülki heyətlə əvəz oluna biləcək vəzifələrin müəyyən edilməsi, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər və əlavələr edilməsi bu kontekstdə vacib görünür.
Məhz İPAP islahatlarının əsas ziddiyyəti bununla əlaqələndirilməlidir. Araşdırmalar göstərir ki, Azərbaycan tərəfi Müdafiə Nazirliyi rəhbərliyinin mülkiləşməsi istiqamətində islahatları yerinə yetirməyə tələsmir.
Bu, xüsusilə ölkənin Ermənistanla müharibə şəraitində olması ilə əlaqələndirilir. Lakin bunu önəmli arqument hesab etmək mümkün deyil.
Əslində mülki demokratik nəzarət dedikdə təkcə müdafiə nazirinin və ya bəzi hərbi məmurların mülki şəxs olması kifayət görünmür. Müasir standartlar SQ üzərində parlament nəzarəti mexanizminin tətbiqini, hərbi qanunvericilik sənədlərinin NATO standartlarına uyğunlaşdırılması və bu istiqamətdə qanunverici hakimiyyətin fəallaşmasını tələb edir. Amma bu yöndə Azərbaycanda ciddi problemlər mövcuddur. Ən birincisi, bu günə qədər güc strukturlarının parlament qarşısında hesabatlılığı mexanizmi aydın deyil. Xüsusilə Müdafiə Nazirliyi rəhbərliyinin parlament qarşısında hesabat verməsi halına rast gəlinmir. MM təhlükəsizlik və müdafiə komitəsinin ordu quruculuğu proseslərinə müdaxilə etmək və İPAP çərçivəsində əksini tapmış islahatlarına nəzarət imkanları məhduddur. Bu həm komitənin qanunla təsbit olunmuş səlahiyyətləri baxımından, həm də qurumda təmsil olunan deputatların bilik və təcrübələri baxımından özünü göstərir.
Müdafiə işlərində cəmiyyətin geniş təbəqələrini fəallaşdırmaq, orduda islahatlarla bağlı cəmiyyəti məlumatlandırmaq məqsədləri yerinə yetirilməmiş qalır. İPAP-ın I və II mərhələləri çərçivəsində ictimai məlumatlandırma geniş auditoriyanı əhatə etmir. Qeyd edək ki, sənəddə əksini tapan mühüm öhdəliklərdən biri Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi başda olmaqla digər dövlət qurumları ictimai məlumatlandırmanı lazımi və daha intensiv formada aparmaları əksini tapıb. Müstəqil baxışlara malik olan mütəxəssislər İPAP-la bağlı araşdırmalar prosesində rəsmi mənbələrlə işləməkdə ciddi çətinlik çəkirlər. Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanda İPAP sənədinin mətni hələ də ictimaiyyət üçün qapalıdır.
Müasir islahatlar Silahlı Qüvvələrdə avtomatik idarəetmə sistemlərini tətbiq etmək və heyəti idarəetmə sistemini təkmilləşdirməyi vacib edir. Bunun nəticəsində Müdafiə Nazirliyi Baş Qərargahdan ayrılmalıdır. Nəzərə alınmalıdır ki, 2007-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin aşağı səviyyələrində (tabur - briqada - korpus) ştat-struktur islahatlarına başlanılıb. Bu islahatlar nəticəsində orduda idarəetmə qaydalarında bir sıra dəyişikliklər həyata keçirilib. Müşahidələr göstərir ki, bu islahat ordunu çevik idarəetmə baxımından mühüm önəm daşıyır.
2009-cu ilin ortalarında MN mərkəzi aparatı və Silahlı Qüvvələrin Baş Qərargahında bir sıra ştat-struktur islahatları aparıldı, departamentlər formatında yeni idarələr yaradıldı. Amma müşahidələr göstərir ki, bu islahatlar İPAP-da əksini tapan əsas hədəflərin reallaşması ilə nəticələnmədi: MN Baş Qərargahdan ayrılmadı, MN-in strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi prosesi həyata keçirilmədi.
Azərbaycan SQ-də islahatların daha bir ziddiyyəti onların qanunvericilik əsasının olmaması ilə bağlıdır. Belə ki, islahatlar nəticəsində baş vermiş dəyişiklik ölkənin hərbi qanunvericiliyində əksini tapmır, bir qədər kobud desək, bu islahatlar hazırda "qanunsuz"dur. Ümumilikdə bu gün SQ-nin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, əsasnamələrin, nizamnamələrin əksər hissəsi sovet dövründən qalmadır və Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılma prosesi ilə ziddiyyət təşkil edir.
Çağdaş cəmiyyətlərdə konseptual sənədlər ictimai müzakirələrdən keçir və sonda qəbul olunur. Bu sənədlərə Milli Təhlükəsizlik Konsepsiyasını, Hərbi Doktrinanı və Strateji Müdafiə İcmalını aid etmək mümkündür. Amma Azərbaycanda nə Milli Təhlükəsizlik Konsepsiyasının, nə də Hərbi Doktrinanın hazırlanma prosesində ictimai təmsilçilər iştirak etməyib. Bu isə təəssüf doğurur...
|
|
|
Oxşar xəbərlər:
Azərbaycan - Rusiya sərhədində atışma
MTN narkotikə görə son bir ayda 24 nəfəri saxlayıb
Narko-tacir karvanının sonu görünmür
Son bir ayda - 425 kq narkotik...
Dərman qaçaqmalçısı həbs olunub
|
|
|