Bu ilin mayında tanışını qətlə yetirməkdə təqsirli bilinən əslən Zəngilan rayonundan olan, Sabirabad rayonunda məskunlaşmış məcburi köçkün, 25 yaşlı Mais Məmmədovun məhkəməsi başlayıb. İttihama görə, Sabirabad rayonu ərazisində Rüstəmli kəndi yaxınlığında məcburi köçkünlər üçün tikilmiş qəsəbədə Zəngilan rayonunun Cahangirbəyli kənd sakini Məmmədov Mayis Əşrəf oğlu həmin rayonun Şəfibəyli kənd sakini Cümşüdov Qəhrəman Fərman oğluna 4 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Müəyyən edilib ki, qətldən əvvəl Mais Məmmədovla yetkinlik yaşına çatmamış həmyerlisi Leyla Haqverdiyeva arasında telefon söhbəti olub. Söhbətdən həm qızın, həm də onun ailəsi xəbər tutub. Ailələr arasında münaqişə də bundan sonra başlayıb.
Təqsirləndirilən şəxs Mais Məmmədov məhkəmədəki çıxışında bildirib ki, qızın qohumları ona yaşadığı yeri tərk etmək üçün 24 saat vaxt veriblər. Mais Məmmədovun atası və yaxınları isə münaqişəyə son qoymaq məqsədilə qızın qohumları ilə görüşüblər. Gecə vaxtı olan görüş zamanı Mais Məmmədov cibindəki bıçaqla qarşı tərəfin adamına bıçaqla zərbə endirərək hadisə yerindən uzaqlaşır və daha sonra ailəsi ilə vidalaşıb könüllü polisə təslim olur. Bıçaqlanan şəxs Qəhrəman Cümşüdov təcili olaraq Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur.
Məhkəmədə Mais Məmmədov özünü qismən təqsirli bilib. O, Qəhrəman Cümşüdovu öldürmək üçün yox, qorxutmaq üçün bıçaqladığını iddia edir...
|