Çərşənbə günü axşam Ermənistan və İran prezidentləri arasında telefon söhbəti olub. Ermənistan KİV-nin məlumatına görə, Sarqsyan və Əhmədinejad İran prezidentinin Ermənistana qarşıdakı səfərinə dair məsələləri müzakirə ediblər. Səfərin vaxtı açıqlanmır ("Turan").
Öz növbəsində İran KİV söhbətin mövzusunu daha ətraflı təsvir edir. Belə ki, Əhmədinejad iqtisadi, siyasi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə tərəfdar olduğunu bildirib. "İran Ermənistanla bütün sahələrdə əməkdaşlığı dəstəkləyir", - "Mehr" agentliyi Əhmədinejaddan sitat gətirir.
Ermənistan prezidenti deyib ki, onun ölkəsi ilk növbədə iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsində maraqlıdır. Ermənistan mətbuatının məlumatına görə, iki ölkə arasında müzakirə olunan layihələrdən biri İran və Ermənistan arasında dəmir yolunun inşası ideyasına dair layihədir. Bu layihə böyük maliyyə tələb edir, gəlir gətirəcəyi sual altındadır və tələb olunan maliyyəni tapmaq asan görünmür. Rusiyanın buna pul buraxacağına ümidlər hələlik özünü doğrultmur.
|