İran hakimiyyətinin Tacikistanı "farsdilli" sayaraq bu ölkəni özü üçün ən yaxın müttəfiqə çevirmək istəyi, deyəsən, baş tutmayacaq. Rəsmi Düşənbə artıq İranın bu ölkənin təhsil sferasına müdaxiləsinin nə kimi acı nəticələr verə biləcəyini anlayıb və İranın, eləcə də Əfqanıstanın Düşənbə səfirlikləri yanında fəaliyyət göstərən ümumtəhsil məktəblərində tacikistanlı uşaqların oxumasını yasaqlayıb. Bundan sonra yüzə yaxın tacikistanlı uşaq bu məktəbləri tərk edib və ölkə ümumtəhsil məktəblərinə üz tutublar.
Bu qərar İran səfirliyini pərişan edib və onlar dövlət idarələrinə baş vursalar da, bunun bir nəticəsi olmayıb. Onları narahat edən odur ki, Tacikistan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin bu ölkənin təhsil sferasına yatırım qoymasını təşviq edir, İranın bu sferaya müdaxiləsini isə qətiyyən istəmir.
Bu ölkədə bir neçə Tacikistan-Türkiyə ortaq liseyi fəaliyyət göstərir. Bundan başqa, Rusiya hərbi bazası nəzdində rus məktəbi, eləcə də digər səfirliklərin öz məktəbləri mövcuddur. Yəni problem heç də xarici ölkələrə aid məktəblərdə təhsil almaqda deyil. Tehranın Düşənbə səfirliyi yanındakı məktəblə bağlı bəhs etdiyimiz qərar həmin müəssisədə dini tədris üzündən qəbul olunub. Bu vəziyyət, təbii ki, Tacikistanı rahatsız etməkdədir.
Hələ ötən il Tacikistan İranda oxuyan 200-ə yaxın tacikistanlı tələbəni geri çağırmışdı. Düşənbəni rahatsız edən odur ki, tacikistanlı tələbələr bu ölkədə dəqiq elmlərin tədris olunduğu ali məktəblərdə deyil, qum və Məşhəd kimi dini mərkəzlərdə qeyri-rəsmi dini təhsil ocaqlarına cəlb olunurlar.
O vaxt prezident İmaməli Rəhman ölkə vətəndaşlarına müraciət edərək, demişdi ki, son 10 ildə xaricdə çeşidli dini təhsil müəssisələrində oxuyan övladlarını geri çağırsınlar. O, valideynləri islam dövlətlərinin mədrəsələrində təhsil alan övladlarını geri qaytarmağa çağıraraq demişdi ki, "təəssüflər olsun ki, onların çoxu mollalıq öyrənmir, əksinə, terrorçu və ya ekstremist olurlar. Onların hamısını qaytarmaq lazımdır, yoxsa hamısı satqın və vətən xaini olacaq".
Vaxtilə Azərbaycan rəhbərliyi də bu təhlükəni anlamış və İranın dini təhsil mərkəzlərində "təhsilə yollanmış" vətəndaşlarını geri çağırmışdı. Bəziləri özü geri dönmüşdü. Anlamışdılar ki, onlara dini təhsil deyil, "nəsə başqa şeylər" təlqin etməyə çalışırlar...
|