Tehran hakimiyyəti təmsilçiləri "sanksiyalar ölkə iqtisadiyyatına elə ciddi təsir etməyib" deyərək, özlərini tox tutmağa çalışsalar da, İrandan verilən açıqlamalar bunun əksini təsdiqləməkdədir. "Ekonomist" jurnalının sonuncu hesabatında İslam Respublikası iqtisadiyyatına birbaşa xarici sərmayə qoyuluşunda gələcəkdə azalma müşahidə olunacağı proqnozlaşdırılıb. Rəqəmlərə görə, keçən il İran iqtisadiyyatına birbaşa xarici sərmayə 1 milyard 690 milyon təşkil edirdisə, cari il bu rəqəm 490 milyon dollar azalaraq, 1 milyard 200 milyon dollar olub. Jurnalın gəldiyi nəticəyə görə, yaxın illərdə xarici sərmayələrin həcmində artma və azalma müşahidə ediləcək.
Dağ-mədən sənayesinin modernləşdirilməsi və inkişafı təşkilatının başçısı Xudamurad Əhmədi bildirib ki, başçılıq etdiyi sahədə 2025-ci ilə qədər nəzərdə tutulan proqramı gerçəkləşdirməkdən ötrü 45 milyard dollarlıq sərmayəyə ehtiyac var.
İranın sənaye, mədən və ticarət naziri Mehdi Qəzənfəri deyib ki, ölkədə 80 mindən artıq mədən filizi sənayesi obyekti mövcuddur və onlardan 18 minində işlər yarımçıq qalıb. Onun sözlərinə görə, indiki şəraitdə əsas hədəfləri işləri 80 faiz görülümüş layihələri başa çatdırmaqdır, bundan sonra o biri yarımçıq obyektlərdə tamamlama işlərinə başlayacaqlar.
Qərb mənbələrinə görə, İrana qarşı iqtisadi sanksiyaların daha da sərtləşdirilməsi barədə planlar mövcuddur.
|