Ermənistan silahları hara ötürür: İrana, yoxsa Qarabağa?
 |
Moldova müdafiə naziri \"xətalara yol verildiyini\" etiraf etdi
Şənbə, 12.11.2011
|
|
"Azərbaycan ictimaiyyətini məlumatlandırmaq istəyirəm ki, Milli Ordumuzun arsenalında olan, saxlanma müddəti bitmiş bəzi silah növlərinin Ermənistana satışının təfərrüatlarını araşdıran Moldova Respublikasının xüsusi komissiyasının iclasından sonra ölkəmizin bəzi kütləvi informasiya vasitələri doğrudan da mənim sözlərimi təhrif edib və guya "Moldova alqı-satqı prosesini başa çatdıracaq və Ermənistana ikinci silah partiyasını göndərəcək" sözlərini mənim adıma yazıblar. Bu, həqiqət deyil. Bununla əlaqədar Azərbaycan ictimaiyyətini məlumatlandırmaq istəyirəm ki, qeyd olunan müqavilənin reallaşdırılması hələ bu qalmaqal baş verdikdən dərhal sonra tərəfimdən dayandırılıb. Bundan başqa, hazırda müqaviləyə yenidən baxılma proseduru keçirilir, bu prosedurun son məqsədi müqavilənin tam ləğv olunmasıdır". APA-nın məlumatına görə, bu fikirləri Moldovanın müdafiə naziri Vitali Marinutsa deyib.
Ermənistana silah satışı qalmaqalından sonra "Vesti.az" saytının redaksiyasına zəng edən müdafiə naziri Azərbaycanın bütün vətəndaşlarına öz hörmət və ehtiramını çatdırmağı xahiş edib:
"Azərbaycanın bütün vətəndaşlarına öz hörmət və ehtiramımı çatdırmaq istəyirəm. Əminəm ki, qarşılıqlı maraqlara söykənən dostluq münasibətlərimiz iki xalqın rifahı naminə yalnız inkişaf edəcək".
Moldovanın müdafiə naziri baş verən hadisə ilə bağlı təəssüfünü bildirib və Ermənistana silah verilməsi ilə bağlı qərarın qəbulu zamanı bəzi xətalara yol verildiyini etiraf edib: "Əminəm ki, gələcəkdə Azərbaycanla dostluq münasibətlərimizə xələl gətirə biləcək bütün məqamlara diqqətlə yanaşılacaq".
Qeyd edək ki, Moldovanın "Moldnews" agentliyi bu ölkənin müdafiə naziri Vitali Marinutsanın baş vermiş qalmaqala baxmayaraq, Ermənistandan olan sifarişçiyə silah-sursatın qalan hissəsini çatdırmaq niyyətində olduqlarını bəyan etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, V. Marinutsa Moldovanın silah-sursat satışına dair sövdələşmələri sonadək yerinə yetirəcəyini söyləyib:
"Bunu qadağan edən hər hansı hüquqi sənəd yoxdur. Ümid edirəm ki, ən qısa zamanda müqavilənin yerinə yetirilməsi davam etdiriləcək. Bu müqavilədə heç bir şübhəli bənd yoxdur və biz onu axıra çatdırmalıyıq".
Xatırladaq ki, bir qədər öncə Moldova prezidenti Marian Lupu ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yuri Dominici tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyinin gələcəkdə pozulmasını önləmək üçün imzalandığı bildirilsə də, yerli qəzetlərə görə, moldovalı generalın istefaya göndərilməsinə əsl səbəb Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub. Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldova hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər.
Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə sentyabrın 13-də Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma başlayıb.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistana hücum silahı satan dövlətlərin böyük səhvə yol verdiklərini bəyan edib.
Moldovadan gələn silahlar hara göndərilir?
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin mülahizələrinə görə, Ermənistan bu silahları iki istiqamətə göndərə bilər: işğal olunmuş Azərbaycan ərazilərinə və İrana. Qeyd edək ki, Dağlıq Qarabağda xeyli sayda nəzarətsiz silah və hərbi texnikanın olmasına dair məlumatlar mövcuddur və rəsmi Bakı bu barədə beynəlxalq təşkilatları xəbərdar edib. İndiki halda Moldovadan gələn silahların Dağlıq Qarabağda yerləşdirilməsinə dair məlumat onların gələcəkdə Azərbaycana qarşı istifadə oluna biləcəyi ehtimalını yaradır.
İranla bağlı vəziyyət isə bu günlərdə daha çox diqqəti çəkir. "Doktrina" mərkəzinin araşdırmalarına görə, Moldovadan gələn silahların İrana göndərilməsi də mümkündür. Qeyd edək ki, İrəvan və Tehran arasında müəyyən razılaşmalar mövcuddur və bu razılaşmalara görə, Ermənistandan İrana silah daşınması istisna deyil. Ekspertlərə görə, Ermənistana gələn silah və hərbi texnikaların vəziyyətini araşdırmaq üçün ATƏT-in monitorinq komissiyalarının fəallıq göstərməsi vacibdir.
Ermənistan - İran silah əməkdaşlığı
Xatırladaq ki, Ermənistanın İrana silah satması və bu silahların İraqda Amerika əsgərlərini öldürən yaraqlılara ötürülməsi səbəbindən 2008-ci ildə ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməyin ərəfəsində olub. "WikiLeaks"in ötən ilin sonunda dərc etdiyi məxfi sənədlərdən birində belə deyilir. Açıqlanan diplomatik sənədlər də göstərir ki, ABŞ-la Ermənistan arasında İrana silah satışı ilə bağlı mübahisə davam edir. 2003-cü ildə Ermənistan Bolqarıstandan tank əleyhinə minalar və pulemyotlar alıb və yazılı şəkildə təminat verib ki, bu silahlar Ermənistanda qalacaq. Amma "Wikileaks"in açıqladığı materiallardan aydın olur ki, İraqda qiyamçılardan müsadirə olunan silahlar arasında İran istehsalı olan silahlarla birlikdə Bolqarıstanın Ermənistana satdığı sursatlar da tapılıb. 2008-ci ildə ABŞ qoşunları onlara qarşı istifadə olunan Bolqarıstan istehsalı tank əleyhinə minalar tapılıb".
2008-ci ilin 24 dekabrına aid olan "Məxfi qrifli" sənəddə yazılır: "2003-cü ildə İran Ermənistandan raket və avtomat silahlar alıb. 2007-ci ildə İraqda şiə yaraqlılarının törətdiyi iki hücumda bu silahlara rastlanıb. Həmin hücumlarda bir Amerika əsgəri həlak olub, 6-sı da yaralanıb".
Dövlət katibi Rays bu məsələni BMT Baş Assambleyasının toplantısında Ermənistan prezidenti Sarkisyanla müzakirə edib. Amma Sarkisyan İrana silah ötürülməsi faktını təkzib edib. Sənəddə ABŞ dövlət katibinin müavini Con Neqropontenin Ermənistan prezidentinə məktubu əlavə edilir.
Bir müddət öncə Azərbaycan KİV-də ABŞ Dövlət Departamentinin və Müdafiə Nazirliyinin bir qrup mütəxəssisinin Ermənistan paytaxtına səfər edəcəyinə dair məlumatlar yayılmışdı. Məlumatda qeyd olunmuşdu ki, heyətin səfərində məqsəd Ermənistan və İran arasında silah daşınmasının vəziyyətinin araşdırılması və bu istiqamətdə ortaya çıxan informasiyaların yoxlanılması olacaq.
|
|
|
Oxşar xəbərlər:
Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək
Ermənistan ordusunun çağırışçı problemi
Polisə müqavimət göstərən zərərsizləşdirildi
Azərbaycan "İstiqlal" snayperini təkmilləşdirir
Ermənistandan oyuncaq-bomba "sovqatı"
|
|
|