İran polisi Güney Azərbaycan məntəqələrində evlərdə quraşdırılan peyk antenalarının yığışdırılması məqsədilə xüsusi əməliyyata başlayıb. İran qaynaqlarının verdiyi məlumata görə, bu işdə yerli dövlət strukturlarının təmsilçiləri də iştirak edirlər. Polis evlərin daxilinə də soxulur və qapalı yerlərdə quraşdırılan peyk antenalarını yığışdırır. Güney Azərbaycanın əyalətlərində polisin zor tətbiq etməklə həyata keçirdiyi əməliyyatlar zamanı sökülən peyk antenalarının çanaqları yararsız hala salınır və qurğuların sahiblərinə qarşı inzibati qaydada tədbir görülür. Ötən gün isə polis Azərbaycan türklərinin yaşadığı Meşkin şəhərində çanaqları sökərək, yararsız hala salıb, deyə günaz.tv xəbər verir. Əhali bunu İran dövlətinin vətəndaşları informasiya blokadasına almaq və dünyadan təcrid etmək siyasəti kimi dəyərləndirir. Əməliyyat zamanı dəfələrlə şəhər sakinləri ilə polis arasında qarşıdurma yaranıb. Çanaqların yararsız hala salınmasına etiraz edən bəzi şəxslər polis şöbələrinə aparılıb.
İranda islam inqilabından sonra qoyulan sərt yasaqlardan biri də peyk antenaları ilə bağlıdır. Bu səbəbdən vətəndaşlar yaşadıqları evin və ya binanın damında peyk antenaları üçün gizli yerlər düzəldərək xarici telekanalları izləyirlər. Antenaların sökülməsində məqsəd İran vətəndaşlarının, əsasən də azərbaycanlıların Türkiyə və Azərbaycan, o cümlədən xarici televiziya kanallarını izləməsinin qarşısını almaqdır. Hökumət bu təmayüldən bərk qorxur, çünki onun təbliğ və tətbiq etdiyi yaşam tərzinin, siyasi idarəçiliyin əhalinin ürəyincə olmadığını, daxildə buna güclü bir etirazın gizləndiyini yaxşı bilir.
|